AZ EN RU

Mehriban xanım Əliyeva üçün ən böyük mükafat xalqın ona olan sevgisi və etimadıdır

    Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müsahibələrinin birində söylədiyi   “Həyatda hər bir kəsin yerini və taleyini tarix müəyyən edir. Odur ki, nə böyük, nə də kiçik rollar olmur. Öz həyat kitabını yazmağa, ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin imkan verir. Bu kitabda hər bir kəs özünü şəxsi həyatının və dünyanın qurub-yaradıcısı, yaxud dağıdıcısı kimi təcəssüm etdirir.  Kimsənsə, elə də olmalısan – bax budur bizim həyatımız. Ona görə də özgələrin rollarını və obrazlarını gərək öz üzərinə götürməyəsən. Çünki sən də, dünyada yerin də yeganə və bənzərsizdir” fikirləri ilə yazıya körpü salırıq. Bu fikirlərin davamı olaraq Mehriban xanım Əliyevanın xalqa müraciətlərinin sonunda yazdığı bu ifadəni də böyük qürur hissi ilə qeyd edirik: “Sizin MEHRİBAN”.
    Bu ifadənin özündə ehtiva etdiyi səmimiyyət, xeyirxahlıq,  xalqa böyük sevgi və sıralanması bitməyən biri-birindən mühüm keyfiyyətlər Mehriban xanım Əliyevanın  həyat prinsiplərinin təqdimatıdır. Öncə Heydər Əliyev Fondunun prezidenti kimi çoxşaxəli fəaliyyətinə diqqət yetirdikdə Ümummilli Liderin şah əsəri olan müasir müstəqil Azərbaycan dövlətinin daha da qüdrətlənməsi, həqiqətlərimizin təbliği, ölkəmizin beynəlxalq aləmdə tanınması istiqamətində göstərdiyi səylər harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlıda qürur hissi yaradır. Dahi şəxsiyyət Heydər Əliyevin irsinin təbliği məqsədilə yaradılan Heydər Əliyev Fondu missiyasını yalnız bununla bitmiş hesab etmir. Hər zaman istər ölkə daxilində, istərsə də xaricində həyata keçirdiyi layihələri ilə diqqətdədir. Atılan hər bir addımda Ulu Öndər Heydər Əliyevin hər birimizin həyat amalına çevrilən “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” çağırışı dayanır. Mehriban xanım Əliyevanın Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü və  Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 5 illiyi münasibətilə keçirilən təntənəli mərasimdəki çıxışında söylədiyi “Hüseyn Cavidi Uzaq Sibirdən Vətəninə qaytaranda, dahi həmvətənlərinin xatirəsini əbədiləşdirmək üçün biri-birindən əhəmiyyətli tarixi-mədəni layihələri reallaşdıranda, yüzlərlə gənci keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə oxumağa göndərəndə, mənəvi irsimizin qorunması, təbliği ilə bağlı  məsələləri daim diqqət mərkəzində saxlayanda O, bizlərə “Bu Vətən sənin, mənim, hamımızındır” kəlmələrinin əsl mahiyyətini anladan həyat dərsi keçirdi” fikirləri bugünkü və gələcək nəsillərə bir çağırış idi. Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun prezidenti kimi xalqımızın xeyriyyəçilik ənənələrinin daha geniş miqyas alması istiqamətində mühüm addımlar atır. Qəbul etdiyi hər bir qərar, gündəmə gətirdiyi layihə, ümumilikdə, Azərbaycanın tərəqqisinə xidmət edir,  mədəniyyətimizin, təhsilimizin, səhiyyəmizin, idmanımızın inkişafına böyük töhfələr verir, Azərbaycançılıq ideologiyasının inkişafını və təbliğini prioritet məsələ kimi öndə saxlayır. Ümumilikdə, Heydər Əliyev Fondunun  milli-mənəvi dəyərlərin qorunması və Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması, əhalinin rifahının yüksəldilməsi, elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafı, uşaq və gənclərin sağlam, milli-mənəvi dəyərlərə sadiq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi,  Azərbaycanın beynəlxalq nüfuzunun artırılması istiqamətində reallaşdırdığı layihələr həm ölkə daxilində, həm də hüdudlarından kənarda böyük rəğbətlə qarşılanır.
    Cənab İlham Əliyev çıxışlarında bu mühüm məqamı xüsusi qeyd edir: “Heydər Əliyev Fondu sübut etdi ki, əgər istək olarsa, əgər iradə olarsa və əgər xoş niyyət olarsa, istənilən sahədə istənilən məsələ həll oluna bilər. Bu Fondun çoxşaxəli fəaliyyətini əgər bir sözlə xarakterizə etmək mümkündürsə, mən “Xoş niyyət” deyərdim. Çünki bütün sahələrdə biz bunu görürük”. Belə bir inam da ifadə olunur ki, Heydər Əliyev Fondu Azərbaycanı gələcəyə aparan gözəl bir vasitədir. Modernləşmə, müasirləşmə, dünya birliyinə inteqrasiya, Azərbaycanın milli maraqlarının müdafiə edilməsi, Azərbaycanın olduğu kimi dünyada təqdim edilməsi – bütün bu şərəfli funksiyalar  fondun üzərinə düşüb.  Fond və fondun rəhbərliyi bütün bu işləri öz təşəbbüsü ilə görür. Bundan sonra da Azərbaycanın gələcək inkişafında fondun rolu böyük olacaq.
   Təkcə  Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində  humanitar layihələri, xeyirxah təşəbbüsləri,  insanları birliyə, sülhə dəvət edən çağırışları ilə böyük nüfuz qazanan  Mehriban xanım Əliyeva  ISESCO-nun xoşməramlı səfiri kimi də  üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir.  Onun istər Azərbaycan, istərsə də dünya mədəni irsinin qorunması, təbliği və inkişafı istiqamətində gördüyü işlər birlik və həmrəylik nümunəsidir. Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki yorulmaz xidmətləri ilə diqqətdə olan Mehriban xanım Əliyevanın rəhbərliyi ilə reallaşan layihələr milli-mənəvi ideallara, humanist, insanpərvər dəyərlərə sadiq gənc nəslin formalaşmasına, sivilizasiyalararası dialoqun genişləndirilməsinə, nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığın dərinləşdirilməsinə, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına istiqamətlənib. Muğamımız və aşıq sənəti, tar ifaçılıq sənəti, eləcə də Azərbaycan xalçası, Novruz bayramı, kəlağayı sənəti UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına, bundan başqa, İçərişəhər, Qız qalası və Şirvanşahlar Saray Kompleksi UNESCO-nun ümumdünya irs siyahısına daxil edilib. 
    Azərbaycan hər zaman yeniliklərə, təkmilləşməyə xüsusi önəm verən, bir sözlə, innovasiyalar ölkəsi kimi tanınır və nüfuz qazanır. Ölkəmizdə idarəçilik sisteminin dövrün tələblərinə uyğun təkmilləşdirilməsi davamlı uğurlarımızı şərtləndirən əsas amillər sırasındandır. Bu baxımdan Konstitusiyamızda əlavə və dəyişikliklərin edilməsi məqsədilə 3 dəfə ümumxalq səsverməsinin keçirilməsi dövrün tələbinə uyğun olaraq gündəmə gətirilən bir sıra mühüm məsələlərlə yadda qalıb. 2016-cı ildə keçirilən ümumxalq səsverməsində xalqın müzakirəsinə verilən məsələlərdən biri də vitse-prezidentlik institutunun yaradılması oldu. Xalqımız Azərbaycanın davamlı inkişafında, yeni-yeni hədəflərə doğru inamla irəliləməsində mühüm addım olacaq vitse-prezidentlik institutunun yaradılmasını rəğbətlə qarşıladı və vətəndaşlarımız ümumxalq səsverməsində bu məsələnin aktuallığını fəal iştirakları ilə təsdiqlədilər. Dövlət başçısı  cənab İlham Əliyevin 21 fevral 2017-ci il tarixli “Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi haqqında” Sərəncamı xalqımız üçün ikiqat sevinc oldu. 21 fevral 2017-ci ildə  Prezident cənab İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclasında dövlət başçısı Mehriban xanım Əliyevanı Azərbaycanın Birinci vitse-prezidenti kimi təqdim edərkən Onun çoxşaxəli fəaliyyətindən geniş bəhs edərək “Bax bu, çoxşaxəli fəaliyyət və eyni zamanda uğurlu fəaliyyət mənim bu qərarı qəbul etməyimdə əsas rol oynamışdır. Eyni zamanda qeyd etməliyəm ki, Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, çox xeyirxah bir insandır. Təsadüfi deyil ki, Azərbaycan xalqı ona böyük rəğbət və sevgi ilə yanaşır” söylədi və belə bir əminliyi ifadə etdi ki, Mehriban xanım bundan sonra da ölkəmizin inkişafına öz dəyərli töhfəsini verəcəkdir. Mehriban xanım Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti kimi çıxışında gələcək fəaliyyətinin prinsiplərini açıqladı: “Mən sizi əmin edirəm ki, gələcək fəaliyyətimi məhz bu prinsiplər əsasında qurmağa çalışacağam. Ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağam, Azərbaycana layiqincə xidmət etməyə çalışacağam”.
   O zamandan ötən  6 ildən artıq vaxtda Mehriban xanım Əliyeva Azərbaycanın iqtisadi inkişafı və xalqımızın rifahı naminə milli məqsədlərə nail olmaqla bağlı üzərinə nəcib missiya və yeni öhdəliklər götürərək onların reallığa çevrilməsi istiqamətində atdığı addımları ilə xalqın ona olan sevgisini daha da artırdı. Mehriban xanımın  fəaliyyətində əhalinin həssas təbəqələrinin problemlərinin həlli xüsusi yer tutur. O, Birinci vitse-prezident kimi ilk müşavirəsini qaçqın və məcburi köçkün ailələrinin həyat şəraitinin yaxşılaşdırılmasına həsr etmişdi. Həmin müşavirədən dərhal sonra müvafiq tədbirlər planı hazırlandı və real işlərə başlanıldı. Qısa müddətdə yüz minlərlə qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırıldı. Mehriban xanım Əliyeva keçmiş qaçqın və məcburi köçkünlərlə görüşlərində daim bu inamı ifadə edirdi ki, onlar üçün yaradılan şərait müvəqqəti xarakter daşıyır. Tezliklə torpaqlarımız işğaldan azad ediləcək, soydaşlarımızın torpaq həsrətinə son qoyulacaq, onlar doğma yurd-yuvalarına qayıdaraq qurub-yaradacaq, bir sözlə, ölkəmizin həyatında yeni mərhələ başlayacaq. 
    Artıq böyük qürur hissi ilə həmin mərhələnin başlandığını qeyd edirik. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük İkinci Qarabağ müharibəsinin hər gününü çoxəsrlik tariximizə zəfər səhifəsi kimi yazması bir daha xalqımızın yenilməzliyinin, məğrurluğunun, torpağa bağlılığının təqdimatı oldu. Azərbaycan əsgəri torpaq, Vətən sevgisini canından keçərək şəhidlik zirvəsinə ucalması, yazdığı Zəfər tarixi ilə sübut etdi. Prezident, Ali Baş Komandan   cənab İlham Əliyevlə çiyin-çiyinə dayanan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva torpaqlarımızın azad olunması uğrunda mübarizəyə siyasi-mənəvi dəstəyi, xalqımızı milli həmrəyliyə səsləyən, şanlı ordumuzu Qələbəyə ruhlandıran müraciət və çağırışları, müharibədən sonra isə dövlətimizin  başçısı ilə birlikdə Qarabağa və Şərqi Zəngəzura  çoxsaylı səfərləri ilə xalqın sevgisini daha da artırdı.  “Xarıbülbül” Musiqi Festivalı və Vaqif Poeziya Günləri ənənəsinin bərpası, bu tədbirlərin yüksək təşkilatçılıq əsasında keçirilməsi Mehriban xanım Əliyevanın xidmətləri sırasında xüsusi yer tutur. Mehriban xanım Əliyevanın 44 günlük İkinci Qarabağ müharibəsinin gedişi dövründə ifadə etdiyi bu arzu, istək hər bir azərbaycanlının ümumi istəyi kimi bəyan edildi: “Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!” Rəşadətli Ordumuz dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə bu müqəddəs duanı,  arzunu reallığa çevirdi. Bu gün isə azad Qarabağda, Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da bu işlərdə yaxından iştirak edir. Bərpa işlərinə başlayarkən ilk olaraq yol infrastrukturu ilə yanaşı, tarixi və dini abidələrimizin bərpası qarşıya mühüm vəzifə kimi qoyuldu. Heydər Əliyev Fondunun milli irsimizin qorunması, tarixi-dini abidələrimizin bərpası istiqamətində atdığı addımlar davamlılığı ilə diqqətdədir.
    Heydər Əliyev Fondu şəhid ailələrini, qaziləri daim diqqətdə saxlayır. Mehriban xanım  Əliyevanın tapşırığı əsasında Heydər Əliyev Fondu  ağır yaralanan qazilərimizi müalicə və reabilitasiya üçün Türkiyəyə göndərib. Bu kateqoriyadan olan insanların problemlərinin həlli istiqamətində davamlı tədbirlər həyata keçirilir. Şəhid ailələri, qazilərimiz onlara göstərilən diqqətdən razılıqlarını ifadə edirlər. 
    Mehriban xanım Əliyevanın həmrəylik, birlik çağırışları dünyanı bürüyən koronavirus infeksiyası ilə mübarizə tədbirlərinin gücləndirildiyi zamanlarda da diqqətdən kənarda qalmadı. Dəfələrlə xalqa müraciət edən Mehriban xanım belə bir əminliyi ifadə etdi ki,  müdrik xalqımızın ən gözəl xüsusiyyətləri – ruh yüksəkliyi və mərdlik, mərhəmət və şəfqət, inam və məhəbbət sayəsində biz birlikdə bu ciddi çağırışın öhdəsindən gələcəyik. Heydər Əliyev Fondu hər zaman olduğu kimi, pandemiya dövründə də xüsusi qayğıya ehtiyacı olan insanlara, əhalinin həssas təbəqəsinə böyük qayğı ilə yanaşdı.
      Mehriban xanım Əliyeva dahi şəxsiyyət Heydər Əliyevin adını daşıyan fonda rəhbərlik etməklə yanaşı, Onun yaradıcısı olduğu, bu gününə və gələcəyinə böyük inam bəslədiyi Yeni Azərbaycan Partiyasında təmsil olunmaqla siyasi fəaliyyətinin miqyasını daha da genişləndirir. 2021-ci il 5 mart tarixdə Yeni Azərbaycan Partiyasının şanlı Qələbəmizin qarşıya qoyduğu vəzifələrə uyğun olaraq keçirilən VII Qurultayında Mehriban xanım Əliyevanın Yeni Azərbaycan Partiyası  sədrinin Birinci müavini seçilməsi partiyanın həyatında mühüm hadisə kimi dəyərləndirildi.
    Təbii ki, Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətini bir yazıda əhatə etmək qeyri-mümkündür. Onun titullarına, mükafatlarına, ordenlərinə, bəşəriyyətin ali ideyalarına  xidmət sahəsində yüksək nailiyyətlərinə görə beynəlxalq səviyyəli sorğularda  daha çox reytinq toplamasına diqqət yetirdikdə bunların  Azərbaycan qadınının  ictimai-siyasi işlərdə zəngin təcrübəyə malik olduğunu göstərməklə yanaşı, dünya birliyində fəal mövqe tutmasının nümunəsi olduğunu böyük qürur hissi ilə qeyd edirik. Prezident cənab İlham Əliyev 2015-ci ildə  Mehriban xanım Əliyevanı Azərbaycanda mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və I Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə Vətənimizin ən ali mükafatı – “Heydər Əliyev” ordeni ilə təltif edərkən bildirmişdir ki, Heydər Əliyev Fondunun bütün təşəbbüsləri milli ruha  əsaslanır.
 

    Mehriban xanım özünəməxsus  həyat kitabını çoxşaxəli fəaliyyəti ilə zənginləşdirir. Dövlət, xalq naminə göstərilən xidmətə verilən dəyər insanların Mehriban xanım Əliyevaya ünvanlanan minnətdarlıq  məktublarında xüsusi qeyd edilən “Sizinlə fəxr edirik, Mehriban xanım!” sözlərində özünün aydın ifadəsini tapır. Mehriban xanım  Əliyevanın Vətən və xalq naminə fədakarlığı, milli-mənəvi dəyərlərə sadiqliyi, xeyirxahlığı, mərhəməti həm Azərbaycanda, həm də beynəlxalq miqyasda yüksək qiymətləndirilir. Müxtəlif ölkələrin ordenlərinə, mükafatlarına layiq görülməsi beynəlxalq əlaqələrin inkişafına töhfələrinin bariz göstəricisidir. Mehriban xanım  Əliyeva üçün ən böyük mükafat  xalqın ona olan sevgisi, inamı və etimadıdır. “Gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribanlıq unudulmamalıdır. Əksinə, məhz bu mənəvi dəyərləri uca tutaraq ən yüksək qələbələr əldə etmək, ən böyük zirvələrə qalxmaq olar” çağırışını edən Mehriban xanım Əliyevaya milyonların sevgisi şəksizdir. 

Bəxtiyar ƏSGƏROV
Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbəri

Nəşr edilib : 25.08.2023 23:10