AZ EN RU

Mehriban xanım Əliyeva: milli maraqlara xidmət, Heydər Əliyev ideyalarına sədaqət

 "Mən əminəm ki, vəzifədən asılı olmayaraq, insan öz yolunu, peşəsini seçəndə hər hansı bir işinə, əməyinə vicdanla yanaşmalı, qarşısına aydın məqsədlər qoyub bu məqsədlərə nail olmağa çalışmalı, söz və işlərində birgə olmalıdır... Biz bu illər ərzində bir çox irimiqyaslı layihələr icra etmişik. Azərbaycanın ictimai və siyasi həyatında fəal iştirak edirik, infrastruktur layihələri icra edirik. Eyni zamanda biz heç zaman insanların problemlərinə biganə qalmamışıq. İnsanlarla ünsiyyətdə olmaq, onları dinləmək, köməyə ehtiyacı olana kömək etmək, mənəvi dəstək vermək Heydər Əliyev Fondunun hər bir əməkdaşının birbaşa vəzifəsidir və hesab edirəm ki, bu, bütün dövlət qurumlarında çalışan insanların əsas borcudur və vəzifəsidir".

 

    Hər bir xalqın uzaq və yaxın keçmişində onun taleyinə həlledici təsir göstərmiş, ölkəsinin adını həm milli, həm də bəşər tarixinə şərəflə həkk etmiş, əsrlər boyu formalaşmış milli-mənəvi dəyərləri qorumaqla dövlətinin gələcəyini də uğurla müəyyənləşdirmiş dahilər çox deyil. Xoşbəxt o xalqdır ki, Vətənə sevgisi, xalqa ehtiramı, dövlətə sadiqliyi ilə hər bir kəsə örnək olan, zəkası, dühası və istedadı ilə dünyada tanınan, bütün ömrünü doğma xalqının xoşbəxt gələcəyi uğrunda mübarizəyə həsr etmiş tarixi şəxsiyyətləri var. Yaxın tariximizdə belə zirvəyə yüksələn dahi şəxsiyyətlərdən biri də xalqımızın Ümummilli Lideri Heydər Əliyev olmuşdur. Vətəni və milləti qarşısında misilsiz işlər görən, müstəqilliyimizin müəllifi və müasir dövlətimizin memarı Ulu Öndər Heydər Əliyevin xalq qarşısındakı ən böyük xidmətlərindən biri də Azərbaycanın gələcək taleyində əvəzsiz rolu olan cənab İlham Əliyev kimi böyük şəxsiyyət və müdrik bir lider yetişdirməsi olmuşdur.
    Azərbaycan dövləti, Azərbaycan xalqı cənab İlham Əliyevin rəhbərliyi altında gələcəyə, yüksəlişə və inkişafa doğru dahi şəxsiyyət Heydər Əliyevin əsasını qoyduğu yolla inamla irəliləyir və hər bir ölkə vətəndaşının fəxr edəcəyi, qürur duyacağı bir məkana çevrilir. Bu işdə ölkə Prezidentinin ən yaxın silahdaşı isə bütün fəaliyyətində Ulu Öndər irsinə sədaqət nümayiş etdirən, Birinci vitse-prezident, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevadır. 
    Xeyirxahlığı və nəcibliyi, humanizmi və bənzərsiz ictimai fəaliyyəti ilə nəinki Azərbaycanda, eləcə də dünyada yüksək ehtiram sahibi olan ölkəmizin birinci xanımı Mehriban Əliyeva tariximizin şanlı salnaməsinə öz dəstxəti ilə daxil olan şəxsiyyətlərdən biridir. Vətən və xalq naminə fədakarlıq, müasir Azərbaycanın dinamik inkişafında, sosial məsələlərin həllində fəallıq, milli-mənəvi dəyərlərə sadiqlik, sərhəd tanımayan xeyirxahlıq, mərhəmət və şəfqət Mehriban xanım Əliyevanın həyat fəlsəfəsinin əsasını təşkil edir. Birinci xanımın çoxşaxəli fəaliyyəti Azərbaycanın yüksəlişinə, mədəniyyətimizin qorunmasına və təbliğinə, dövlətimizin sosial siyasətinin daha böyük uğurlar qazanmasına layiqli töhfələrini verir.
    Bu gün tam əminliklə deyə bilərik ki, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Ulu Öndərin ideyalarını böyük əzmlə və sədaqətlə həyata keçirir. 2004-cü ilin mayından Ulu Öndər Heydər Əliyevin xatirəsinə ehtiram, ideyalarını yaşatmaq arzusu ilə yaradılan, onun adını daşıyan fonda rəhbərlik edən Mehriban xanım Əliyevanın təəssübkeşliyi, xeyir-duası, dəstəyi ilə həyata keçirilən irimiqyaslı layihələr, saysız-hesabsız xeyriyyəçilik tədbirləri həm ölkə daxilində, həm də ondan kənarda böyük əks-səda yaradır. Fond yarandığı gündən ictimai-siyasi həyatın bütün sahələrinə dərindən nüfuz etdi, çoxşaxəli layihələri ilə dövlət və vətəndaş həmrəyliyinin bariz nümunəsinə, əsl mərhəmət, şəfqət ünvanına çevrildi, ölkəmizdə xeyriyyəçilik hərəkatına böyük təkan verdi. Onun təhsil, səhiyyə, mədəniyyətlə bağlı layihələri isə mənəvi, tarixi, mədəni irsimizin qorunması işində müstəsna xidmətə malikdir. Təhsilin inkişafı sahəsində Mehriban xanımın vətənpərvərlik xidmətləri misilsizdir. Onun təşəbbüsü ilə “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək” layihələri ilə yüzlərlə orta məktəb binası tikilmişdir. 
    Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri milli-mənəvi dəyərlərin, tarixi-mədəni irsin qorunub saxlanmasıdır. Ulu Öndərin ölməz ideyaları və onların Prezident cənab İlham Əliyev tərəfindən həyata keçirilməsi ölkəmizin mədəni həyatında baş verən köklü dəyişikliklərin, böyük yüksəlişin əsasını təşkil edib.
    Azərbaycan mədəniyyəti hazırda yeni islahatlar dövrünü yaşayır. Bu sırada Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən proqram və layihələr Azərbaycan mədəniyyətinin qorunmasına və dünyada təbliğ olunmasına layiqli töhfələr verir. Mehriban xanım Əliyevanın təşəbbüsləri ilə fond tərəfindən Azərbaycanın zəngin və tolerant tarixi irsinin, tarix və mədəniyyət abidələrinin tədqiqi, qorunması və təbliği üçün ölkədə sistemli fəaliyyət təmin olunub. Bu baxımdan çox haqlı olaraq Heydər Əliyev Fondunun mədəniyyət sahəsində fəaliyyəti ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir və Mehriban xanım həm də Azərbaycan mədəniyyətinin hamisi kimi qəbul olunur.
    Mehriban xanım Vətən yolunda qəhrəmanlıq göstərən, Azərbaycanın ərazi bütövlüyünün bərpası, müstəqilliyi, ölkəmizin daha qüdrətli, daha möhkəm olması yolunda şəhid olan qəhrəmanlarımızın ailələrinə, sağlamlığını itirən zabit və əsgərlərə, Vətən müharibəsi iştirakçılarına yüksək diqqət və qayğını özünün həyat amalı kimi qəbul edib. 
    Onun genişmiqyaslı fəaliyyəti ölkənin ictimai-sosial, mədəni həyatını əhatə etməklə tükənmir. O, Azərbaycanın milli-mənəvi dəyərlərini, mədəniyyətini, ölkəmizin özünəməxsusluğunu, özəlliklərini dünyada böyük fədakarlıqla, uğurla təbliğ edir. Qədim ənənələrimizlə bağlı olan multikultural dəyərləri, tolerantlığı başqa ölkələrdə əməli işləri ilə nümayiş etdirir. Azərbaycan ictimaiyyətinin dərin rəğbətini qazanan, köməyə, yardıma ehtiyacı olanların hər zaman yanında olan Heydər Əliyev Fondu Ulu Öndərin amallarını rəhbər tutaraq ölkəmizin həyatı ilə bağlı ən mühüm layihələrə imza atmış və atmaqdadır. Bunların nəticəsidir ki, fond Ümummilli Liderin arzu və istəklərinin, onun ideyalarının həmişəyaşarlığını əks etdirən əsas mərkəzə çevrilib. 
    İşğaldan azad olunan torpaqlarımızda erməni terrorçuları tərəfindən darmadağın edilmiş mədəni-dini abidələrimizin əsaslı təmiri, bərpa edilməsi və inşası Mehriban xanımın gündəlik diqqətdə saxladığı prioritet vəzifədir. Şuşa şəhərində Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa, Saatlı məscidləri, Ağdam şəhər məscidi və Zəngilan şəhər məscidi, Daşaltıda, Hadrutda və Şuşa şəhərində yeni məscidlərin tikintisi, Şuşada görkəmli Azərbaycan bəstəkarı Üzeyir bəy Hacıbəylinin heykəlinin açılışı, Şuşa şəhərindəki Xalçaçılıq Qalereyası, “Xarıbülbül” festivalı, Vaqif Poeziya Günləri və bu çərçivədə “Qarabağ Azərbaycan mədəniyyətinin incisidir”, “Yenidən doğma diyarda. Qarabağın sənət inciləri” və “Yaddaş. Fotoqrafik tarix” sərgiləri və qısa zaman çərçivəsində reallaşan layihələr birinci xanımın rəhbərliyində Heydər Əliyev Fondunun Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasına növbəti yüksək töhfələridir.
    Mehriban xanım Əliyeva çoxşaxəli fəaliyyəti ilə ölkəmizin həyatında böyük xidmətlərə imza atıb, dövlətinə şərəflə xidmət edib, xalqının böyük rəğbət və sevgisi ilə ucalıb. Onun humanizm, mərhəmət və nəciblik kimi ali mənəvi keyfiyyətlərindən irəli gələn əzmkar fəaliyyətinin təməlində məhz millətə layiqli xidmət məramı dayanır. Bu ali məramın nəticəsi idi ki, Prezident cənab İlham Əliyevin Sərəncamı ilə 2017-ci il fevralın 21-də Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin olundu. Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi cəmiyyətin sosial sifarişinə əsaslanan tarixi qərar kimi qarşılanmışdır. 2016-cı il 26 sentyabr tarixli ümumxalq referendumunun nəticəsi kimi təsis edilmiş bu vəzifəyə milyonların sevgisini qazanmış bir şəxsiyyətin təyin edilməsi haqlı olaraq Azərbaycanın dövlət idarəçiliyi sistemində keyfiyyətcə yeni və uğurlu mərhələnin başlanğıcı kimi dəyərləndirilmişdir. Yeni vəzifəsində cəmiyyətə ilk mesajlarını vermiş Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva demişdir: “Mən əminəm ki, vəzifədən asılı olmayaraq, insan öz yolunu, peşəsini seçəndə hər hansı bir işinə, əməyinə vicdanla yanaşmalı, qarşısına aydın məqsədlər qoyub bu məqsədlərə nail olmağa çalışmalı, söz və işlərində birgə olmalıdır... Biz bu illər ərzində bir çox irimiqyaslı layihələr icra etmişik. Azərbaycanın ictimai və siyasi həyatında fəal iştirak edirik, infrastruktur layihələri icra edirik. Eyni zamanda biz heç zaman insanların problemlərinə biganə qalmamışıq. İnsanlarla ünsiyyətdə olmaq, onları dinləmək, köməyə ehtiyacı olana kömək etmək, mənəvi dəstək vermək Heydər Əliyev Fondunun hər bir əməkdaşının birbaşa vəzifəsidir və hesab edirəm ki, bu, bütün dövlət qurumlarında çalışan insanların əsas borcudur və vəzifəsidir”.
    Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın qlobal bəşəri dəyərlər, sülh və tolerantlığın təbliğində, fərqli mədəniyyətlər və dinlər arasında dialoq və əməkdaşlıq formatının yaranmasındakı rolu da danılmazdır. Onun təşəbbüsü və dəstəyi ilə elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə həyata keçirilən irimiqyaslı humanitar layihələr, xeyriyyəçilik tədbirləri bir sıra ölkələri də əhatə edir, müxtəlif qitələrdə əks-səda doğurur. Pakistanda qızlar üçün yeni məktəbin tikintisi, İslamabadda, eləcə də Pakistanın digər əyalətlərində silsilə humanitar aksiyalar bu sıradandır. Fondun Fransa, Almaniya, İtaliya və digər ölkələrin maddi-mədəni dəyəri sayılan tarixi abidələrin təmirində yaxından iştirakı da xüsusi əhəmiyyət kəsb edir. Humanizm, həmrəylik və dözümlülük dəyərlərinə sadiqlik nümayiş etdirən Heydər Əliyev Fondu Azərbaycanın dünyada tolerantlığın mərkəzinə çevrilməsində əvəzsiz rol oynayır. Fondun xətti ilə Versal sarayının bir hissəsi və Strasburqda orta əsrlərə aid kilsə, Luvr muzeyi qalereyalarından biri, Roma katakombaları bərpa edilib, Berlin qəsrində, Kapitoli Muzeyində mühüm yenidənqurma işləri görülüb. Vatikan arxivlərində Azərbaycan orta əsrlər əlyazmalarının bərpası və onların rəqəmsallaşdırılması tədbirləri uğurla davam etdirilir. Fond Hollandiya, Gürcüstan, Misir, Rumıniya, Rusiya və digər ölkələrdə də məktəblərin tikintisi və bərpasında yaxından iştirak edir. Mehriban xanımın rəhbərliyində fond uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib.
    Bunların nəticəsidir ki, Mehriban xanım haqqında “Washington Times” qəzeti belə yazır: “Azərbaycanın birinci xanımı: Müsəlman qadınlar üçün nümunəvi qadın obrazıdır”.
    Bu gün tam əminliklə söyləmək olar ki, yüksək dövlət vəzifəsində fəaliyyət göstərən Mehriban xanım Prezidentin də, ona inanan, ümid bəsləyən insanların da etimadını layiqincə doğruldub. Gündəlik fəaliyyətində insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribanlıq meyarlarını əsas götürür, fəaliyyətini məhz bu prinsiplər üzərində qurur, milli-mənəvi dəyərləri daim uca tutur. 
    Mehriban xanımın hər bir vətəndaşımızın yüksəlişinə xidmət edən qlobal layihələri Heydər Əliyev ideyalarına sədaqətin və Azərbaycan Prezidenti cənab İlham Əliyevin Vətən, xalq naminə apardığı məqsədyönlü siyasətə dəstəyin real nümunələridir. Butün sahələrdəki fəaliyyətini uğurla davam etdirən Mehriban xanım Ulu Öndər Heydər Əliyevin ölməz ideyalarına söykənərək milli tərəqqi və intibah prosesinə hər gün öz layiqli töhfələrini verməkdədir.
    Deyilənlərin və bütün bu keyfiyyətlərin cəmini xarakterizə edən əsas cəhət isə, əlbəttə ki, Mehriban xanım Əliyevanın müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin ideyalarının reallaşmasında əzmlə çalışması, sadiqliyi, Prezident cənab İlham Əliyevin ictimai dəstəkçisi və ən yaxın silahdaşı olmasıdır. 
    Bir sözlə, Azərbaycanın Birinci vitse-prezidentinin ötən 7 ildə göstərdiyi uğurlu fəaliyyət, gördüyü işlər, ömür yolu, sözün tam mənasında, Vətənə xidmət nümunəsidir. Mehriban xanımın vaxtilə dediyi: “Üzərimə düşən məsuliyyət olduqca böyükdür. Mən Prezidentin etimadını doğrultmalıyam və ən başlıcası isə inamı, ümidi olan insanların etimadını doğrultmalıyam” sözləri bu gün real nəticələrlə öz təsdiqini tapıb.

Arzu ABDULLAYEV
Naxçıvan Dövlət Universitetinin prorektoru,
tarix üzrə fəlsəfə doktoru

 

Nəşr edilib : 21.02.2024 14:06