AZ EN RU

Mehriban missiya

Sağlamlıq imkanları məhdud uşaqlar dövlətin 
diqqət və qayğısı ilə əhatə olunublar

    Uşaqlar Allahın insana bəxş etdiyi ən şirin paydır. Onların təbəssüm və sevincləri bütün dünyanı isidir. 
    Müstəqil dövlətimizin qurucusu Ümummilli Liderimiz Heydər Əliyevin xatirəsini yaşadan Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti, xeyirxah və humanist insani dəyərlərə əsaslanan siyasəti uşaqları da əhatə edib. Fondun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın həyata keçirdiyi xeyirxahlıq missiyası sağlamlıq imkanları məhdud, xüsusi dəstəyə, qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyasında mühüm əhəmiyyət kəsb edir. 
    Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan məhdud fiziki imkanlı insanlar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin 2010-cu il oktyabrın 5-də Prezident cənab İlham Əliyevin iştirakı ilə açılışı olub. Mərkəzin xidmətindən Naxçıvan şəhəri daxil olmaqla muxtar respublikanın 7 rayonunda yaşayan fiziki məhdudiyyətli insanlar istifadə edirlər. Hazırda mərkəzdə 121 uşaq qeydiyyatdadır. 
    Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tərkibində fəaliyyət göstərən mərkəzdə mövcud olan çoxsaylı reabilitasiya bölmələri uşaqların eşitmə, danışma, oxuma, yazma, anlama qabiliyyətlərinin təkmilləşməsində mühüm rol oynayır. Daktil əlifba və jest dili üzrə keçilən dərslər uşaqların eşitmə və danışması, xüsusi proqramlarla təchiz olunmuş kompüterlər, brayl kitablar, fərdi şəkildə təşkil edilən brayl kursları görmə qabiliyyəti məhdud uşaqların oxuma və yazması üçün xüsusi imkanlar yaradır. Mərkəzdə brayl əlifbası ilə “Könül işığı” adlı aylıq jurnalın, məktəbli oxucular üçün “Şəfəq” jurnalının xüsusi buraxılışı da çap edilir.
     Defektoloji bölmənin müəllimləri zehni inkişafın ləngiməsi və nitq məhdudiyyəti olan uşaqların reabilitasiyasına nail olur, onların cəmiyyətə adaptasiyasını təmin edir. Həmçinin bu bölmədə ehtiyac olduğu təqdirdə benefisiarlara loqopedik masaj da tətbiq olunur. Defektoloji xidmətlərə əlçatanlığın təmin edilməsi üçün bu bölmənin Şərur və Ordubad rayonlarında filialları da fəaliyyət göstərir. Psixoloji dəstək xidmətinə müraciət edən hər bir uşaqla isə fərdi şəkildə konsultasiya aparıldıqdan sonra onların müvafiq bölmələrə yönləndirilməsi həyata keçirilir. Konsultasiya zamanı müraciət edənlərə müxtəlif psixoloji və inkişaf testləri tətbiq edilir ki, bu da onların ilkin bacarıqlarının müəyyən edilməsində mühüm rol oynayır. Ümumiyyətlə, əqli potensialı zəif olan uşaqların psixi və nitqinin inkişafında sosial reabilitasiya mühüm əhəmiyyət kəsb edir. Mərkəzə müraciət edən bu kateqoriyadan olan autizm, daun sindromlu, psixi inkişafın ləngiməsi, serebral iflic, əqli inkişafın geriliyi və sair olan uşaqlarla aparılan təlim zamanı bir sıra xüsusi proqram və terapiyalardan istifadə edilir. Mərkəzdə tətbiq olunan qrup, kukla, nağıl və oyun terapiyaları onların inkişafında və cəmiyyətə adaptasiyasında əvəzsiz rol oynayır. Diqqət dağınıqlığı, bədən, əl və göz koordinasiyasında problemi olan uşaqların reabilitasiyasında kinnect oyunlar bölməsindən də istifadə edilir. 
    Əmək terapiyası bölməsi uşaqlar üçün xüsusi maraq kəsb edir. Əmək terapiyasının tikmə-biçmə, kəsib yapışdırma, plastilin işi, rəsm, quraşdırma və sair növləri uşaqlarda əmək qabiliyyətinin inkişafı üçün əsas vasitədir. Hiperaktiv və diqqət zəifliyindən əziyyət çəkən uşaqların reabilitasiyasını təmin etmək üçün təlim-bərpa, eləcə də musiqi terapiyası kimi xidmətlər göstərilir. Musiqi terapiyası bölməsinə müraciət edən uşaqların müvafiq istiqamət üzrə istedadları aşkarlanır və bu yöndə inkişaf etdirilir. Müxtəlif tarixi və əlamətdar günlərdə məhz musiqi terapiyası bölməsinin iştirakçılarının ifasında müxtəlif mahnılar təqdim olunur. Bu isə terapiyanın əhəmiyyət dərəcəsinin nə qədər böyük olduğunu bir daha göstərir. Eyni zamanda əmək terapiyası bölməsi uşaqlarının əl işlərindən ibarət sərgilər təşkil edilir. Hazırda mərkəzin reabilitasiya bölmələrindən 100-dən çox benefisiar yararlanır.
    Mərkəzin təlimçi psixo-pedaqoqu Ağabəyim Bağırova əqli potensialı, qavraması zəif olan, autistik spektor pozuntusu, autizm və daun sindromu, psixi inkişafın ləngiməsi olan uşaqlarla işləyir. O bildirdi ki, anlama-qavrama qabiliyyəti zəif olan, autizm spektor pozuntusu diaqnozu qoyulmuş uşaqlarda əvvəlcə ABA terapiyasından istifadə edilir, daha sonra onlar digər bölmələrə yönləndirilir. Uşaqlarda böyük irəliləyiş vardır. Sentyabr ayından bir çox uşaq məktəbə, bağçalara yola salınıb. Gördük ki, Ağabəyim müəllimin məşğul olduğu 3 yaşlı Zöhrə onun dediklərini təkrar edir və bu qabiliyyəti onu da sevindirirdi. Müəllim deyir ki, Zöhrədə çox irəliləyiş var, əvvəl gələndə ünsiyyəti yox idi, az-az olsa da, sualları başa düşməyə başlayıb, qardaşı ilə ünsiyyəti yox idi, indi onunla ünsiyyət qurur, əvvəl anasını adlandıra bilmirdi, indi adlandırmağa başlayıb. Zöhrənin anası Məsmə İsmayılovanın sözlərinə görə, Zöhrə onun əkiz övladlarından biridir: – Qızım danışmırdı. Keçən ilin sentyabr ayından bura gəlir. Qısa müddət olmasına baxmayaraq, irəliləyiş çoxdur. İndi “ana, ata”, – deyir, dediyimiz sözləri başa düşür. Müəllimlərinə çox təşəkkür edirəm, mənim kimi digər valideynlərin də bu mərkəzdən yararlanmasını istəyirəm. 
    Mərkəzin defektoloq-loqopedi Leyla Əliyeva autizm, kəkələmə, serebral iflic olan 17 uşaqla məşğul olur. Müəllimin məşğul olduğu Şəfa Süleymanzadə artıq VI sinifdə oxuyur və rəsm üzərində muncuqla maraqlı əl işləri hazırlayır. Bu onu göstərir ki, Şəfa gələcəkdə yaxşı rəssam ola bilər. Təlimçi-surdoloq Dilbər Qədimova, əsasən, eşitmə məhdudiyyətli uşaqlara Azərbaycan dili və riyaziyyat dərslərini jest dilində tədris edir. Mərkəzin əmək terapiyası üzrə təlimçisi Elnarə Vəliyeva uşaqların əllərindən tutub, onlara rəsmlər çəkməyi, müxtəlif aplikasiyalar etməyi, tikiş, toxuma işlərini öyrədir. 25 uşaqla məşğul olduğunu deyən Elnarə xanım 100-dən çox əl işinin müxtəlif sərgilərdə nümayiş etdirildiyini və uşaqların diplomla, Fəxri fərmanlarla təltif olunduğunu və bunun onlar üçün böyük stimul yaratdığını dedi.
    Mərkəzdə gözdən əlil və görmə qabiliyyəti zəif olan insanların brayl monitorları vasitəsilə internetə daxil olaraq informasiya əldə etməsi və informasiyanı brayl printerləri ilə çap etmələri üçün lazımi şərait yaradılıb. 2012-ci ildən mərkəzdə çalışan Elməddin Kərimov isə gözdən əlillərin kompüter üzrə təlimatçısıdır. Bununla yanaşı, o, müraciətlər edildikdə təmənnasız olaraq brayl əlifbasını da öyrədir, onların proqram təminatı ilə bağlı problemləri olarsa, köməklik göstərir. 
    Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın və fondun vitse-prezidenti Leyla Əliyevanın sağlamlıq imkanları məhdud, xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstərdiyi sevgi, diqqət hər kəsə nümunədir. Bu nümunəni fondun yaratdığı məhdud fiziki imkanlı insanlar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin timsalında da görmək olar. Gəlin onlardan qayğımızı əsirgəməyək!..    

Güntac ŞAHMƏMMƏDLİ

Nəşr edilib : 18.02.2024 17:05