AZ EN RU

“Mehmandan Zəfərə gedən yol” adlı tədbir keçirilib

Şahbuz rayonunda şəhid Mehman Orucovun anım gününə həsr olunmuş  “Mehmandan Zəfərə gedən yol” adlı tədbir keçirilib. Əvvəlcə  Ulu Öndər Heydər Əliyevin və Vətən müharibəsi qəhrəmanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Tədbirdə  Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin əməkdaşı Günay Malikqızı çıxış edərək bildirib ki, Azərbaycan Vətən müharibəsində öz dəmir ürəkli, dəmir biləkli oğullarının sayəsində zəfər qazandı. Ürəyimizdə həm Vətən uğrunda qurban gedən oğullarımızın nisgilini, həm də qalibiyyətin qürurunu yaşayırıq. Heç bir müharibədə  şəhid vermədən qələbə qazanmaq olmaz.

Vurğulanıb ki, şəhidlərimizin ruhuna hörmət, onların ailələrinə qayğı göstərilməsinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Onun müəyyənləşdirdiyi siyasi kurs bu gün Ümummilli Liderin layiqli davamçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikasının timsalında da bunu görmək olar.

Tədbirdə Naxçıvan Dövlət Universitetinin  Texniki Kollecinin direktoru  Asəf Ruşanov bildirdi ki, Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimiz bizim and yerimizdir, ömrümüzün sonunadək haqqını ödəyə bilməyəcəyimiz qəhrəmanlarımızdırlar. Şanlı Vətən müharibəsindən əvvəl olduğu kimi, müharibədə qazandığımız parlaq qələbədən sonra da heç bir zaman zəfəri qazanmaq üçün canını fəda etmiş şəhidlərimizi unutmadıq, unutdurmadıq və bu, əbədiyyən belə də olacaq. Bu gün artıq  şəhid Mehman Orucovun  ruhu şaddır.

Tədbirdə Şahbuz Rayon  İcra Hakimiyyəti başçısının  müavini Cəlal Paşayev və şəhid yaxınlarının çıxışları dinlənilib.

Qeyd edək ki, Mehman Orucov 1973-cü ilin yanvar ayının 1-də Şahbuz rayonunda anadan olub. O, ilk təhsilini 1979-cu ildə Şahbuz rayonunda yerləşən orta məktəbdə almışdı. 8 il oxuduqdan sonra peşə məktəbinə getmiş, qaynaqçı peşəsinə yiyələnmişdir.

Tədbirin bədii  hissəsində Texniki Kollecin tələbələri  vətənpərvərlik ruhunda kompozisiyalar  nümayiş etdiriblər.

Bülbül QULİYEVA

Nəşr edilib : 27.05.2024 11:55