AZ EN RU

“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1115-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1115-VIQD nömrəli Qanununun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 114-cü maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.

2. Məhkəmə-Hüquq Şurasının təklifləri nəzərə alınaraq, “Elektron məhkəmə” informasiya sistemi üzərində sahiblik və istifadə hüquqları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyindən Məhkəmə-Hüquq Şurasına ötürülsün.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. normativ hüquqi aktların “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1115-VIQD nömrəli Qanununa və bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. həmin Qanundan və bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi “Elektron məhkəmə” informasiya sistemi üzərində sahiblik və istifadə hüquqlarının Məhkəmə-Hüquq Şurasına ötürülməsi tam başa çatanadək həmin informasiya sisteminin sahibi və operatoru funksiyalarının icrasından irəli gələn hüquq və vəzifələrin həyata keçirilməsini davam etdirsin.

5. Məhkəmə-Hüquq Şurasına tövsiyə edilsin:

5.1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1115-VIQD nömrəli Qanunu və bu Fərmanın 2-ci hissəsi nəzərə alınmaqla, Məhkəmə-Hüquq Şurası Aparatının strukturunun təkmilləşdirilməsi ilə bağlı zəruri tədbirləri həyata keçirsin;

5.2. həmin Qanundan və bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün tədbirlər görsün.

6. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi və məhkəmə islahatlarının həyata keçirilməsinə dair tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 1 dekabr tarixli 30 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 12, maddə 744 (Cild I) 7-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

6.1. 7.1-ci və 7.9-cu bəndlərdə “hissəsində” sözü “hissəsinin birinci cümləsində” sözləri ilə əvəz edilsin;

6.2. 7.5-ci bənddən “ikinci hissəsinin ikinci cümləsində (yalnız birinci instansiya məhkəmələrində həmin maddədə qeyd edilən sahələr üzrə işin təşkili vəziyyətinin yoxlanılması üzrə),” və “, 97-1-ci maddəsinin birinci hissəsinin birinci cümləsində (yalnız birinci instansiya məhkəmələrinə münasibətdə) və ikinci hissəsində, 107-ci maddəsinin ikinci hissəsində” sözləri çıxarılsın;

6.3. 7.6-cı bənd aşağıdakı redaksiyada verilsin:

“7.6. həmin Qanunun 64-cü maddəsinin ikinci hissəsində, 80-ci maddəsinin ikinci hissəsinin birinci cümləsində, 86-cı maddəsinin birinci hissəsində və 88-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir;”.

7. Bu Fərmanın 1-ci və 6-cı hissələri 2024-cü il iyunun 1-dən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 may 2024-cü il

Nəşr edilib : 20.05.2024 17:05