AZ EN RU

“Məhkəmə simulyasiyası”na start verilib

    Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Dövlət Universitetinin və Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun birgə təşkilatçılığı ilə gələcəyin hüquqşünaslarının hüquqi biliklərinin təkmilləşdirilməsində mühüm rol oynayacaq növbəti “Məhkəmə simulyasiyası” layihəsinə start verilib.
    Əvvəlcə adıçəkilən orqanların əməkdaşları birinci instansiya məhkəməsi icraatı üzrə simulyasiya prosesinin təşkil edilməsinin əhəmiyyətindən danışıb, keçirilən bu cür simulyasiyaların tələbələrin bilik və bacarıqlarının daha da artırılmasında böyük rol oynayacağını qeyd ediblər. Məlumat verilib ki, məhkəmə simulyasiyasının təşkili Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 25 iyun tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamından irəli gələn vəzifələrin icrası istiqamətində həyata keçirilir. Belə layihələr Ədliyyə Nazirliyinin hamiliyinə verilmiş Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin Hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrinin məhkəmə sahəsində bilik və bacarıqlara yiyələnməsinə, gələcəkdə günün tələbinə cavab verən, peşəkar mütəxəssislərin hazırlanması və dövlətçilik prosesinə öz töhfələrini verən kadrların yetişdirilməsi məqsədinə xidmət edir. 
    Simulyasiya prosesinin ilk günü tələbələrə iddia ərizəsinin, yekun məhkəmə qərarlarının hazırlanması prosesi izah olunub, onlar tərəfindən bu qərarların, qərardadların hazırlanıb qiymətləndirilməsi kimi fəaliyyətlər haqqında məlumat verilib.
    Qeyd edək ki, layihənin hüquqi biliklərin təkmilləşdirilməsi və simulyasiya mərhələsindən ibarət olmaqla, iki mərhələdə keçirilməsi nəzərdə tutulub. Hüquqi bilikləri təlim mərhələsində təkmilləşdirildikdən sonra hüquqşünas tələbələr seçilmiş mövzu ətrafında məhkəmə prosesi keçirəcəklər. Tələbələr məhkəmə prosesində olan hakim, prokuror, vəkil, şahid, təqsirləndirilən şəxs, iddiaçı, cavabdeh rollarını canlandıraraq simulyasiyanın maraqlı və təcrübəyə əsaslanan olmasını təmin edəcəklər. Bu, tələbələrin məhkəmə prosesində çıxış­etmə vərdişlərini inkişaf etdirmələrinə şərait yaradacaq, onlar arasında natiqlik, araşdırma, analizetmə qabiliyyətinin güclənməsinə, qanunvericilik normalarını tətbiq etmələrinə müsbət töhfə verəcəkdir. 

Naxçıvan Muxtar Respublikası 
Ədliyyə Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 25.11.2022 20:47