AZ EN RU

Məhkəmə-hüquq sisteminin iyirmi illik inkişaf mərhələsi

    15 oktyabr 2003-cü il Azərbaycan xalqı dahi rəhbərin davamçısına sədaqət nümayiş etdirdi. Həmin tarixdə keçirilən prezident seçkilərində xalqımızın seçimi Ulu Öndər Heydər Əliyevin siyasi kursunun varisi, davamçısı olan İlham Əliyev oldu. Bununla Azərbaycan xalqı özünə yeni əsrdə yeni lider seçmiş oldu. Xalqımızın yeni əsrdə yeni lideri olan cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən artıq 20 il ötür. 2003-2023-cü illər ölkəmizin tarixinə bütün sahələrdə intibah və yüksəliş dövrü kimi daxil olub. Bu gün Azərbaycan Respublikasına Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsinin əsaslarını dərindən mənimsəmiş, xalqına xidməti həyat amalına çevirmiş, Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin və dinamik inkişafının qarantı olduğunu əyani şəkildə sübuta yetirmiş cənab İlham Əliyev kimi müdrik, qətiyyətli və mahir siyasətçi rəhbərlik edir.    
    Müstəqilliyini günbəgün, ilbəil möhkəmləndirən Azərbaycanımızın tarixində Prezident cənab İlham Əliyevin qızıl hərflərlə yazdığı şanlı səhifələrin sayı saymaqla bitməz. Hər ili əsrə bərabər 20 ilin zirvəsində, təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə əbədi yazıldı. Otuz ilə yaxın işğal altında qalmış torpaqlarımız 44 gün ərzində işğaldan azad olundu. Qarabağın tacı, döyünən ürəyi olan Şuşanın fəthi tariximizə Zəfər Günü kimi yazıldı. İşğalçı Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Beləliklə, BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalmış qətnamələrini Azərbaycan özü icra etdi.
    Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli və müdrik siyasəti nəticəsində Azərbaycanın iqtisadi və hərbi qüdrəti, beynəlxalq nüfuzu gücləndi. Bu qətiyyət və müdrik siyasətin nəticəsində üçrəngli bayrağımızın 30 ildən sonra Qarabağda, Şərqi Zəngəzurda yenidən dalğalanmasına nail oldu. İlham Əliyevin rəhbərliyi altında qazanılan qələbə ilə Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi. Bu Qələbə sayəsində regionda yeni reallıqlar yarandı.
    Bu il sentyabrın 19-da rəşadətli Ordumuzun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirlərinin qısa müddətdə öz müsbət nəticəsini verməsi, qarşıya qoyulan hədəflərə cəmi 24 saatda nail olunması Azərbaycanın növbəti tarixi Qələbəsidir. Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunmuş 24 saatlıq antiterror tədbirləri nəticəsində Qarabağ düşmən tapdağından tam şəkildə azad olunmuş, dövlətimizin suverenliyi tam təmin olunmuşdur. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev göstərdi ki, Azərbaycan regionda prosesləri diktə edən tərəfdir, sülh və sabitliyin əsas təminatçısıdır. Bu, eyni zamanda Prezident cənab İlham Əliyevin qətiyyəti, müdrik və uzaqgörən siyasətinin məntiqi nəticəsi, dövlətimizin başçısının ətrafında “dəmir yumruğ”a çevrilmiş xalqımızın daha bir Tarixi Zəfəri oldu.
    Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev hər zaman xalqımıza verdiyi sözə əməl etmiş “sözümüz imzamızdır” prinsipini özünə rəhbər tutmuşdur. Prezident cənab İlham Əliyev ali kürsüyə çıxdığı ilk gündən bəyan etmişdi ki, Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün var gücü ilə çalışacaq. Dediyi sözə, verdiyi vədə sadiq qalaraq ölkəmizi dünyanın ən güclü dövlətlərindən birinə çevirdi. Bu, bir siyasət adamının böyüklüyünün əsas göstəricisidir. Prezidentimizin şəxsiyyətinin böyüklüyü həm də ondadır ki, xalqı milli amallar və məqsədlər naminə öz ətrafında birləşdirə, sabaha inam yarada bildi. Ötən illər ərzində ölkəmizdə mövcud olan ictimai-siyasi sabitliyin və vətəndaş həmrəyliyinin əsasında da məhz bu birlik və inam dayanır. Xalqın öz liderinə sonsuz inamı, liderin isə öz xalqına arxalanması Azərbaycanın qazandığı bütün uğurların istinad nöqtəsini təşkil edib və edir.
    2003-cü ilin oktyabrında, prezident seçkiləri ərəfəsində Ümummilli Lider Heydər Əliyev Azərbaycan vətəndaşlarına tarixi müraciətində əsasını qoyduğu siyasəti davam etdirə biləcək liderin dəqiq ünvanını da göstərmişdi: “... Üzümü sizə – həmvətənlərimə tutaraq qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini cənab İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə cənab İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
    Ulu Öndərin siyasi varisi olan cənab İlham Əliyev ötən 20 illik fəaliyyəti dövründə bu inamı bütünlüklə doğruldub, xalqa verdiyi bütün vədləri yerinə yetirib. Bütün sahələrdə sürətli inkişafa nail olunub, insanların rifah halı ildən-ilə yaxşılaşıb. Azərbaycanın siyasi-iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib.
    Azərbaycan xalqı görülən işləri, əldə olunan nailiyyətləri hər zaman dəyərləndirmiş və öz seçimini məhz buna əsaslanaraq etmişdir. Odur ki, xalqımız 2008-ci il oktyabrın 15-də, 2013-cü il oktyabrın 9-da və 2018-ci il aprelin 11-də keçirilən prezident seçkilərində də Heydər Əliyev siyasətinin layiqli davamçısına, sabitliyə, əmin-amanlığa, tərəqqi və quruculuğa səs vermişdir. Bu həm də onu göstərir ki, Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur.
    Dövlətimizin başçısı cənab İlham Əliyevin 20 illik prezidentlik fəaliyyətinin əsas qayəsində xalqa ləyaqətlə xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq, dövlətçiliyimizi hər vasitə ilə möhkəmləndirmək dayanır. Tam əminliklə demək olar ki, Azərbaycanın bütün sahələrdə qazandığı misilsiz uğurlar məhz İlham Əliyev siyasətinin təntənəsidir və Ulu Öndərin əbədiyaşar ideyalarından qaynaqlanır.
    Dövlətimizin başçısı cənab İlham Əliyev ölkəmizdə məhkəmə-hüquq sisteminin inkişafını daim diqqət mərkəzində saxlamış və bu sahəyə xüsusi qayğı göstərmişdir. Bu sahədə mütərəqqi islahatlar aparılmış, dövlətimizin məhkəmə-hüquq sistemi təkmilləşdirilmişdir. Əlbəttə, məhkəmə islahatları daimi prosesdir. Dövlət başçısı cənab İlham Əliyev bu mənada qeyd etmişdir ki, “bu islahatların əvvəli var, amma sonu yoxdur”. Prezident cənab İlham Əliyev bütövlükdə məhkəmə sisteminin toplumda nüfuzunun daim yüksəldilməsi üzrə tövsiyə və tapşırıqlar verir. Dövlət başçısı bu istiqamətdə mütərəqqi islahatları davamlı və ardıcıl olaraq aparmaqdadır. Xüsusi qeyd etmək istərdik ki, ölkə rəhbərinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixdə imzaladığı Fərman böyük əhəmiyyətə malikdir. Həmin Fərmanı hüquqşünaslar məhkəmə-hüquq sistemi üçün “yol xəritəsi” kimi qiymətləndirirlər. Məhz həmin kontekstdə cənab İlham Əliyevin 2019-cu il aprelin 3-də imzaladığı Fərmanı mühüm tarixi sənəd adlandırmaq olar. Bununla Azərbaycanda məhkəmə islahatları müasir çağırışlara uyğun olaraq yeni mərhələyə keçid etmişdir. Həmin sənədin icrası çərçivəsində qısa müddətdə bu sahədə nəhəng işlər görülmüş, institusional tədbirlər çərçivəsində 13 regional məhkəmə, o cümlədən bölgələrdə ayrıca inzibati və kommersiya məhkəmələri yaradılmış, özəl ekspertiza təsbit olunmuş, mediasiya institutu fəaliyyətə başlamışdır. Prezident cənab İlham Əliyev vətəndaşların ədalət mühakiməsinə əlçatanlığının asanlaşdırılmasını daim diqqət mərkəzində saxlamışdır. Bu məqsədlə məhkəmə sistemi təkmilləşdirilmiş və 40-dək yeni məhkəmə yaradılmışdır. O cümlədən ölkənin hər bir bölgəsində apelyasiya məhkəmələri və inzibati ədliyyə institutu təsis edilmişdir. İslahatlar daxilində artıq qanunvericilik aktlarına bir çox dəyişikliklər edilmişdir. Məhkəmə proseslərində videokonfrans və elektron icraat tətbiq edilməkdədir. Məhkəmə rüsumlarının diferensiasiyasının tətbiqi də diqqətçəkən faktlardandır. Dövlət başçısı, bütün sahələrdə olduğu kimi, məhkəmə-hüquq sistemində də yeni yüksək texnologiyaların tətbiqinə ayrıca diqqət yetirir. Bu baxımdan mövcud məhkəmə infrastrukturunun Dünya Bankının iştirakı ilə müasirləşdirilməsi mühüm hadisədir. Bakıda və bölgələrdə məhkəmə üçün 35 yüksək texnoloji-hi-tech bina və komplekslər inşa olunmuşdur. Onların əksəriyyətinin açılışında Prezident cənab İlham Əliyev şəxsən iştirak etməklə məhkəmə-hüquq sisteminə böyük dəyər verdiyini nümayiş etdirmişdir. “Elektron məhkəmə” informasiya sisteminin yaradılması da bu bağlılıqda çox önəmli addımdır. Çünki bu fakt, ümumilikdə, elektron hökumətin fəaliyyətinin genişləndirilməsində, kadr seçimi ilə bağlı daha obyektiv və əsaslı qərarların qəbul edilməsində, rəqəmsal idarəetmə çərçivəsində rəqəmsal məhkəmənin formalaşdırılmasında olduqca geniş imkanlar meydana gətirib. Bu gün tam əminliklə söyləyə bilərik ki, hələ çox-çox illər sonra da gələcək nəsillər dahi şəxsiyyət Heydər Əliyevin və onun davamçısı İlham Əliyevin misilsiz əməyi nəticəsində yaradılmış yeni hüquq sisteminin bəhrəsini görəcək və onun Azərbaycanda demokratik-hüquqi dövlət quruculuğu sahəsində əvəzsiz xidmətlərinin şahidi olacaqlar.
    Azərbaycan Prezidentinin müdrik siyasəti nəticəsində məhkəmə sistemi sahəsində əhəmiyyətli institusional tədbirlər görülüb. Bu kontekstdə məhkəmə hakimiyyətinin müstəqil özünüidarə orqanı olan Məhkəmə-Hüquq Şurası və həmçinin Hakimlərin Seçki Komitəsinin yaradılmasını ayrıca vurğulamaq lazımdır. Bu kontekstdə məhkəmələrin fəaliyyətinə müdaxilələrin Məhkəmə-Hüquq Şurası tərəfindən qarşısının alınması mexanizmlərinin də müəyyən edilməsi vacib hadisədir. Bu çərçivədə məhkəmə büdcələri təsdiq olunarkən Şura ilə razılaşdırılır. Hakimlərin əməkhaqqının azaldılmasının qanunla qadağan olunması da təsbit edilir. Hakimliyə namizədlərin ən mütərəqqi və şəffaf seçimi qaydası müəyyən olunub. Bu sahədə islahatlar daim davam etməkdədir. 
    Dövlətimizin başçısı bu islahatlar çərçivəsində muxtar respublikamıza da ayrıca diqqət yetirmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 noyabr tarixli “Naxçıvan Muxtar Respublikasında hüquq institutlarının inkişafı haqqında” Fərmanı Naxçıvan Muxtar Respublikasında ədliyyə-məhkəmə sisteminin müasirləşdirilməsində xüsusi rol oynamışdır. Fərmanda nəzərdə tutulan məhkəmə, prokurorluq və ədliyyə orqanları üçün zəruri şərait yaradılmışdır. 
    2006-2011-ci illər ərzində sözügedən Fərmanın icrası ilə əlaqədar muxtar respublikamızda fəaliyyət göstərən bütün məhkəmə orqanları üçün qabaqcıl meyarları özündə ehtiva edən inzibati binalar tikilib istifadəyə verilmişdir. 
    Həmçinin Azərbaycan Respublikası Prezidentinin yuxarıda adıçəkilən Fərmanının icrası məqsədilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi işinin təşkili üçün metodiki köməklik göstərilmişdir.
    Naxçıvan Muxtar Respublikasında insan hüquqlarının müdafiəsi mexanizmləri təkmilləşdirilmiş və yeni təsisat – Ombudsman təsisatı yaradılmışdır. Qeyd etmək lazımdır ki, bu təsisatın fəaliyyət göstərməsi üçün öncə hüquqi və maddi baza yaradılmışdır. 30 dekabr 2005-ci ildə Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına əlavələrin və dəyişikliklərin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya qanunu qəbul edilmiş, həmin qanuna əsasən Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) seçilməsi və onun statusu ilə bağlı əlavə və dəyişikliklər edilmişdir. 
    Prezident cənab İlham Əliyevin məhkəmə-hüquq sisteminə göstərdiyi qayğının əyani təzahürlərindən biri bu sahədə təşkil edilən beynəlxalq tədbirlərdə iştirak edərək öz qiymətli tövsiyələrini verməsidir. Bu baxımdan cənab İlham Əliyevin Azərbaycan Ali Məhkəməsinin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransın iştirakçılarına ünvanlandığı müraciətdə ifadə etdiyi fikirlər çox aktual və maraqlıdır. Həmin fikirlərdə məhkəmə-hüquq sisteminin davamlı, şəffaf və demokratik tələblər çərçivəsində inkişafının başlıca istiqamətləri öz əksini tapmışdır. Ölkə rəhbəri demişdir: “...məhkəmə-hüquq sisteminin davamlı inkişafı daim dövlət siyasətimizin prioritetlərindən biri olmuşdur. Məhkəmə hakimiyyətinin müstəqilliyinin möhkəmlənməsi, hüququn aliliyinin təmin edilməsi, məhkəməyə müraciət imkanlarının genişləndirilməsi, ədalət mühakiməsinin səmərəliliyinin və keyfiyyətinin artırılması, yüksək hüquqi biliklərə malik hakim korpusunun yaradılması, məhkəmə fəaliyyətinin yeni informasiya texnologiyalarının tətbiqi yolu ilə təkmilləşdirilməsi bu inkişaf prosesinin mühüm istiqamətləridir”.
    Prezident cənab İlham Əliyev məhkəmə-hüquq sisteminin islahatlarında beynəlxalq təcrübəni aktiv surətdə öyrənməyi və tətbiqini tövsiyə edir. Həmin aspektdə ötən dövrdə aparılmış islahatlar zamanı Avropa Şurası ilə əməkdaşlıq xüsusi yer tutur. Bunun sayəsində məhkəmə fəaliyyətini tənzimləyən mövcud qanunvericilik mütərəqqi beynəlxalq təcrübə nəzərə alınmaqla daha səmərəli səviyyəyə yüksəldilmiş, yeni qanunlar qəbul edilmiş və qanunvericilik davamlı olaraq təkmilləşdirilmişdir. 
    Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda aparılan məhkəmə-hüquq islahatları beynəlxalq aləmdə çox müsbət qarşılanmışdır. Azərbaycan Avropa Şurasının “Ədliyyənin Kristal Tərəzisi” mükafatına layiq görülmüşdür. Ədliyyə sisteminin müasirləşdirilməsi üzrə Dünya Bankı ilə birgə həyata keçirilən layihələr müxtəlif nominasiyaların qalibi olmuşdur. Azərbaycanın tətbiq etdiyi hakimlərin seçim proseduru Avropa Şurası və Avropa İttifaqı tərəfindən örnək kimi dəyərləndirilmişdir.
    Respublikamızda həyata keçirilən hüquqi islahatlar ardıcıl bir prosesdir və əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş məhkəmə-hüquq sistemi islahatları böyük uğurla davam etdirilir. Prezident cənab İlham Əliyev Ulu Öndərin bu istiqamətdə müəyyən etdiyi kurs əsasında məhkəmə sistemində islahatları daha da genişləndirmiş və XXI əsr üçün onun konkret istiqamətlərini müəyyən etmişdir. 
    Sonda əminliklə demək olar ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə hüquq sisteminin müasirləşdirilməsi konsepsiyası çərçivəsində həyata keçirilən islahatlar ədalət mühakiməsini keyfiyyətcə yeni səviyyəyə qaldıracaq, hüquq sisteminin davamlı inkişafını təmin edəcəkdir. 

Polad HƏSƏNOV
Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin sədri 

 

Nəşr edilib : 01.11.2023 20:43