AZ EN RU

“Məhkəmə ekspertizasının təyin olunmasının xüsusiyyətləri” mövzusunda tədbir keçirilib

    Naxçıvan Muxtar Respublikası Prokurorluğunun və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Ədliyyə nazirliklərinin Məhkəmə Ekspertizası mərkəzlərinin əməkdaşlarının iştirakı ilə “Məhkəmə ekspertizasının təyin olunmasının xüsusiyyətləri” mövzusunda tədbir keçirilib. 
    Audio və video yazıların məhkəmə kriminalistik ekspertizası, məhkəmə-ballistik, məhkəmə-psixoloji, məhkəmə yanğın texniki, insan izlərinin tədqiqi, təhlükəsizlik texnikası, iqtisad, fonoskopiya və məhkəmə xətşünaslıq ekspertizası ixtisası sahələrini əhatə edən tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Prokurorunun müavini, ədliyyə müşaviri Amil Rəhimov açaraq məhkəmə ekspertizasının müasir imkanları, tədqiqat obyektləri, təşkili və keçirilməsi ilə bağlı məlumat verib.
    Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəisi, baş ədliyyə müşaviri Rafiq Cəfərov “Ekspertizanın xüsusiyyətləri” mövzusunda çıxışında mərkəzin fəaliyyəti, keçirilən ekspertizalar barədə danışıb. 
    Tədbirdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Əlyazma və səslərin ekspertizaları şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri Lətif Əliyev “Audio və video yazıların məhkəmə kriminalistik ekspertizasının həll etdiyi məsələlər”, Mühəndis-texniki ekspertizalar şöbəsinin böyük eksperti, I dərəcəli ədliyyə qulluqçusu Mövlud Şükürov “Yanğın texniki ekspertizası və əməyin təhlükəsizliyinin tədqiqi”, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin ekspertləri isə “Məhkəmə-xətşünaslıq ekspertizasının təyin olunmasının və həyata keçirilməsinin aktual problemləri və həlli yolları”, “İstintaq fəaliyyəti zamanı əl-barmaq izlərinin əhəmiyyəti, onların hadisə yerində müəyyən edilməsi, götürülməsi və üzərində iz qalan və ya iz qalması ehtimal olunan obyektlərin kriminalistik qaydada düzgün qablaşdırması”, “Yol-nəqliyyat hadisələri ekspertizasının təyini ilə əlaqəli rast gəlinən nöqsanlar” və digər mövzularda çıxış ediblər. 
    Tədbirdə  əməkdaşları maraqlandıran suallar ekspertlər tərəfindən cavablandırıb.

 Nail ƏSGƏROV

Nəşr edilib : 08.12.2023 19:12