AZ EN RU

Məhəmməd Zeynalov: “Məqsədimiz torpağın strukturunun pozulmasına, məhsuldarlığın aşağı düşməsinə səbəb olan amilləri aradan qaldırmaqdır”

    Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 2023-cü il 10 may tarixli əmri ilə muxtar respublika ərazisində bitkiçilik, heyvandarlıq, arıçılıq, quşçuluq və digər bu kimi təsərrüfatların diaqnostikasının aparılması və epizootik, fitosanitar vəziyyətlər də daxil olmaqla mövcud vəziyyətin qiymətləndirilməsi üçün Kənd Təsərrüfatı, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, rayon (şəhər) icra hakimiyyəti orqanlarının əməkdaşlarından ibarət 8 işçi qrupu yaradılıb, müvafiq tədbirlər görülüb. Həyata keçirilən monitorinqlərin yekun nəticələri ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Məhəmməd Zeynalov “Şərq qapısı” qəzetinə müsahibə verib. Həmin müsahibəni oxucularımıza təqdim edirik: – Cari ilin may ayından etibarən müvafiq əmrə uyğun aidiyyəti dövlət təşkilatları əməkdaşlarından ibarət yaradılan işçi qrupu tərəfindən muxtar respublika ərazisində bitkiçilik, heyvandarlıq, arıçılıq, quşçuluq təsərrüfatlarında fitosanitar və epizootik monitorinqlər aparılıb. Həmçinin bu monitorinqlər qeyd etdiyim sahələrdə mövcud vəziyyətin qiymətləndirilməsi və təsərrüfatların diaqnostikasının aparılması ilə bağlı həyata keçirilib. Epizootik monitorinqlər zamanı heyvandarlıq təsərrüfatlarında itigedişli infeksion xəstəliklərin baş vermədiyi məlum olub və işçi qrupu tərəfindən iribuynuzlu heyvanlar arasında qarayara, nodulyar dermatit, dabaq və pasterellyoz xəstəliklərinə qarşı, xırdabuynuzlu heyvanlar arasında qarayara, qabaq və bradzot xəstəliklərinə qarşı, təkdırnaqlı heyvanlarda qarayara və sahibli itlər arasında quduzluq xəstəliklərinə qarşı  profilaktiki peyvəndləmə tədbirləri aparılıb. Hazırda bu istiqamətdə işlər davam etdirilir. 
   Məhəmməd Zeynalov qeyd edib ki, fitosanitar monitorinqlər zamanı, ümumilikdə, 47001 bitkiçilik təsərrüfatı sahəsinə baxış keçirilib və əkin sahələrində karantin tətbiq edilməyən zərərli orqanizmlərə və bitki xəstəliklərinə, həmçinin alaq otlarına rast gəlinib. Eyni zamanda müxtəlif növ meyvə ağaclarında, bostan və tərəvəz bitkilərində unlu şeh, dəmgil, xloroz, yarpaq yanıqlığı, moniliyoz, antraknoz, pas xəstəlikləri, kif xəstəliyi, bakterial ləkə, bakterial yanıq, yarpaq qıvrılması, qara xərçəng, üzümdə mildium və oidium xəstəlikləri müşahidə edilib.  Simptomlu bitki hissələrindən laborator analizlərin aparılması məqsədilə nümunələr götürülüb. Laborator analizlərin nəticələrinə əsasən karantin tətbiq edilən zərərli orqanizmlərə rast gəlinməyib. Fitosanitar vəziyyətin qiymətləndirilməsi ilə yanaşı, muxtar respublikanın şəhər və rayonlarında əkini həyata keçirilən bitki və bitkiçilik məhsullarının becərilməsində yaranmış problemlər də aşkar edilib. Belə ki, suvarma suyunun çatışmazlığı, bəzi ərazilərdə suvarma kanallarının və artezian qurğularının köhnəlməsi səbəbindən su itkilərinə yol verilir. Qeyd olunan hallar isə su mənbələrindən uzaq ərazilərdə olan bitkilərin vegetasiya dövründə suvarılmasında müəyyən çətinliklər yaradır. Həmçinin bitki və bitkiçilik məhsullarının əkilib-becərilməsində çalışan şəxslərin qeyri-ixtisas sahibi olmaları səbəbindən bitkilərə düzgün qulluq edilməməsi, o cümlədən pestisidlər və aqrokimyəvi maddələrdən norma və qaydalarla işlənilməməsi torpağın strukturunun pozulmasına və məhsuldarlığın aşağı düşməsinə səbəb olur. Monitorinq zamanı aşkar edilmiş xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri ilə bağlı işçi qrupu tərəfindən təsərrüfat sahiblərinə müvafiq tapşırıq və tövsiyələr verilib. Həmçinin pestisid və aqrokimyəvi maddələrdən düzgün və təhlükəsiz istifadə qaydaları, normadan artıq istifadənin məhsuldarlığa və insan orqanizminə təsirləri barədə maarifləndirici söhbətlər aparılıb.

- Nail ƏSGƏROV

Nəşr edilib : 03.10.2023 22:26