AZ EN RU

Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyinə həsr olunmuş tədbir keçirilib

Məhəmməd Əmin Rəsulzadənin 140 illiyi münasibətilə İmran Qasımov adına Naxçıvan Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında tədbir keçirilib.

          Professor-müəllim, kitabxana əməkdaşları, tələbə və oxucuların iştirak etdiyi tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Minayə Nəbisoy vurğulayıb ki, Məhəmməd Əmin Rəsulzadə XX əsrin əvvəllərində ağır böhranlı geosiyasi şəraitdə Yaxın Şərqdə ilk dəfə olaraq Azərbaycanda müstəqil Cümhuriyyət quruculuğu idealının gerçəkləşdirilməsi və milli dövlət quruluşunun dirçəldilməsi yolunda böyük xidmətlər göstərib. Onun istiqlal məfkurəsi öz mənbəyini doğma xalqının çoxəsrlik yaddaşında kök salmış milli azadlıq düşüncəsindən alırdı.

“Məhəmməd Əmin Rəsulzadə: Azərbaycan Milli Azadlıq hərəkatından Cümhuriyyətə” mövzusunda çıxış edən Naxçıvan Dövlət Universitetinin dosenti, tarix üzrə fəlsəfə doktoru Elçin Zamanov bildrib ki, bu tarix yüksək ideallar uğrunda ağlasığmaz fədakarlıqlar göstərən, Vətəndən uzaqlarda ömür sürən nisbətən azsaylı bir zümrənin mübarizəsinin tarixidir. Bu tarix, həmçinin Azərbaycanın istiqlalı naminə öz həyatlarını belə qurban vermiş insanların həyat və mübarizəsi tarixidir.

Kitabxananın zal müdiri Lalə Zeynalova  “Fədakar ictimai-siyasi xadim” mövzusunda çıxış etdikdən sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Fariz ƏHMƏDOV

Nəşr edilib : 01.02.2024 10:34