AZ EN RU

Məhəmməd Əmin Rəsulzadə və mətbuat

“Bir kərə yüksələn bayraq bir daha enməz” aforizminin müəllifi Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 ili tamam olur. Bu görkəmli ictimai xadimin 140 illik yubileyinin qeyd edilməsi ilə bağlı ölkə Prezidenti cənab İlham Əliyev 2023-cü il 30 dekabr tarixdə Sərəncam imzalayıb. Sərəncamda deyilir: Məhəmməd Əmin Rəsulzadə XX əsrin ilk onilliklərində böhranlı geosiyasi şəraitdə Azərbaycanda müstəqillik idealının gerçəkləşdirilməsi və milli dövlət quruluşunun dirçəldilməsi yolunda böyük xidmətlər göstərmiş şəxsiyyətlərdəndir. Onun istiqlal məfkurəsi öz mənbəyini doğma xalqının çoxəsrlik yaddaşında kök salmış milli azadlıq düşüncəsindən alırdı. Məhəmməd Əmin Rəsulzadənin dövrün salnaməsinə çevrilən parlaq publisistik, siyasi, ədəbi-tənqidi və elmi irsi Azərbaycanın ictimai fikir tarixində xüsusi yer tutur. Uzun illər ərzində mühacirətdə də o, müstəqil Azərbaycan arzusu ilə yaşamış və mübarizə aparmışdır”.

Doğrudan da, Məhəmməd Əmin Rəsulzadə xalqın ictimai, siyasi, elmi, ədəbi və mədəni dünyagörüşünün formalaşmasında və təşəkkülündə misilsiz xidmətlər göstərib. Bununla belə o həm də şair, nasir, tənqidçi, nəzəriyyəçi, redaktor, publisist, araşdırmaçı, filosof, mədəniyyətşünas kimi çoxşaxəli fəaliyyətlə məşğul olub. O, Azərbaycanda çar rejiminə qarşı gizli mübarizə aparmaq məqsədilə 1902-ci ildə ilk siyasi təşkilatını – “Müsəlman gənclik təşkilatı”nı yaradıb. Bir qədər sonra bu təşkilat “Müsəlman demokratik “Müsavat” cəmiyyəti” adı ilə fəaliyyət göstərib. 

Bu dövrdə mətbuat geniş vüsət alır, inkişaf edir, ictimai-siyasi fikrin təşəkkülünə təkan verirdi. Mətbuata maraq həm də milli mənliyin dərk edilməsində onun mühüm əhəmiyyətə malik olması ilə bağlı idi.

Məhəmməd Əmin Rəsulzadə qəzetə, mətbuata böyük dəyər verirdi. Bu barədə o “Bizim məramımız” məqaləsində yazırdı: “...Qəzet millətin danışan dilidir. Bir millətin ki, qəzeti yoxdur, elə bil ki, o millətin dili yoxdur... Vətən dərdlərinə mətbuat dərman olur. İstibdadın yurd-yuvasını qəzetlər dağıdıb və dağıdır. Qəzet həmişəlik qaravuldadır (gözətçilikdədir), qoymur ki, ölkənin inkişaf yolu bağlansın”.

Məhəmməd Əmin Rəsulzadənin ilk mətbu yazısı elə həmin illərdə, 1903-cü ildə Tiflisdə çıxan “Şərqi-rus” qəzetində çap olunur.

Sonralar Məhəmməd Əmin Rəsulzadə “Bakıdan məktub” başlıqlı bu ilk məqaləsini bütün yaradıcılığının çıxış nöqtəsi hesab edərək yazırdı: “Bakıda 1903-cü ilin baharı idi. Qala dibi parkının xiyabanında dolaşan gənclərlə bir yerdə idim. Hamısı rusca danışırdı. Ana dili olan türkcə yerinə, pozuq da olsa ruscaya üstünlük verirdilər. Bu mövzu ilə bağlı rusca danışanları tənqid edən bir məqalə yazdım və Tiflisdə çıxan “Şərqi-rus” qəzetinə göndərdim. Mövzunun qəzetin adına və qayəsinə uyğun olmadığını düşünmədən günlərcə “Tiflis” poemasını gözlədim. Bu yazının “Bakıdan məktub” başlığı ilə basıldığını görüncə, duyduğum sevinci deyə bilmərəm. Bu sevinci ilk yazısı çap olunanlar yaxşı bilirlər.

Bu günə qədər davam edən mücadilələrimin başlanğıcı və çıxış nöqtəsi bu məqalə olmuşdur. Etiraf edirəm ki, başlanğıcda milliyyətçi olmaqdan çox, hürriyyətçi idim”.

“Şərqi-rus” qəzetinin 2 may 1903-cü il nömrəsində çap olunmuş ilk məqaləsində gələcəyin böyük ideoloqu yazırdı: “Şükür və min dəfə şükür. Ki, biz Qafqaz müsəlmanları da bir qəzet sahibi olduq”.

Bu sevincin böyük tarixi var. Çünki 1894-cü ildə Azərbaycan dilində yeganə olaraq işıq üzü görən “Kəşkül” qəzetinin nəşri dayandırıldıqdan sonra uzun müddət çar üsul-idarəsi bu dildə bir dənə də qəzetin çıxmasına icazə vermədi. Nəhayət, bu xoşbəxt gün az qala on ildən sonra “Şərqi-rus”un nəşri ilə xalqımıza nəsib oldu. “Şərq-rus” qəzetinə qədər Azərbaycan türkləri İstanbulda, Tehranda, Qahirədə, Kəlküttədə nəşr olunan qəzetləri mütaliə edirdilər. Bu isə rus hökumətini çox qorxudurdu. Nəhayət, uzun axtarışdan sonra çar hökuməti panislamizmə, pantürkizmə meyli olmayan, Avropa meyilli, Rusiya mətbuatında yaxşı tanınan M.Şahtaxtlı üzərində durdu. Beləliklə, 1902-ci ildən etibarən “Şərqi-rus”un naşiri Məhəmməd ağa Şahtaxtlı Tiflisdə mətbəə hazırlığına, redaksiya əməkdaşlarını toplamağa başladı.

XX əsrin anadilli ilk mətbuat orqanı “Şərqi-rus” qəzetinin birinci nömrəsi 30 mart 1903-cü ildə işıq üzü gördü. 15 yanvar 1905-ci il tarixə qədər nəşr olunan bu qəzet Azərbaycan xalqının maariflənməsində, mədəniyyətimizin, dilimizin, ədəbiyyatımızın inkişafında böyük rol oynadı. Ədəbiyyat və mədəniyyətimizin bir sıra görkəmli simaları – C.Məmmədquluzadə, F.Köçərli, M.Ə.Sabir, Ömər Faiq Nemanzadə, M.T.Sidqi, M.S.Ordubadinin ilk əsərləri bu qəzetdə çap edildi. Bu böyük şəxsiyyətlərdən biri də M.Ə.Rəsulzadə oldu. Onun qəzetdə 4 məqaləsi işıq üzü görmüşdür. 14 may 1903-cü il tarixdə çap olunmuş “Hümmət və qeyrət vaxtıdır” adlı məqaləsində elmin, maarifin önəmi xüsusi olaraq nəzərə çarpdırılır: “Bu vaxta bizə lazım və vacibdir ki, hümmət edib elm öyrənməyə və öyrətməyə və öyrətdirməyə səy və kuşeş qılaq. Elmsiz heç bir nöqsanımız götürülməyəcəkdir”.

Müəllifin üçüncü məqaləsinin sonunda “Elm tərifində deyilibdir” başlıqlı “Müxəmməs” şeirini dərc etdirməsi isə onu göstərir ki, əsrin əvvəllərində ədəbi proses gənc Məhəmməd Əmini də cəlb etmiş, o, poetik yaradıcılığa üstünlük vermişdir. “Şərqi-rus” qəzetində (1903, 18 may) “Məhəmməd Əmin Rəsulzadə” imzası ilə dərc olunan “Müxəmməs” şeiri müəllifinin klassik poetik ənənənin davamçısı olduğunu göstərir.

Bu yazıda gənc şairin elmə rəğbət göstərməsinin müəyyən əsasları vardı, çünki bu elə bir zaman idi ki, elm, maarif, təhsil cəmiyyətin əsas problemlərindən idi. 

Bundan sonra M.Ə.Rəsulzadənin müxtəlif mətbuat orqanlarında ictimai-siyasi mövzuda publisistik məqalələri tez-tez çap olunmağa başlayır. O, məqalələrində Rusiyanın ruslaşdırma və müstəmləkəçilik siyasətinə qarşı çıxır.

Yeri gəlmişkən qeyd edək ki, Məhəmməd Əmin Rəsulzadə 1904-cü ildə Stalinlə tanış olur. Bakının Balaxanı kəndində fabrik işçilərinə məxsus bir otaqda keçirilən görüş sonradan onların yaxın dostluq münasibətlərinə çevrilir. Sonrakı dövrdə Məhəmməd Əmin Rəsulzadə Stalinin Bakının Bayıl həbsxanasından qaçırılmasında önəmli rol oynayır. Bu görüşdən sonra gənclər təşkilatı əsasında (həmin ilin noyabr ayında) RSDFP-nin Bakı Komitəsi nəzdində müsəlman sosial-demokratlarının “Hümmət” qrupu yaradılır. N.Nərimanov, M.Əzizbəyov və başqaları ilə yanaşı, Məhəmməd Əmin Rəsulzadə də bu qrupun fəal üzvü olur və qrupun yeni nəşrə başlayan orqanını – “Hümmət” qəzetinin baş redaktoru vəzifəsini öhdəsinə götürür. 1904-1905-ci illərdə bu qəzetin ancaq 5-6 nömrəsi işıq üzü görmüşdür. Rəsulzadənin bu qəzetdə çap olunmuş bir məqaləsi tapılmışdır. Onu da qeyd edək ki, həmin qəzet 1917-ci ildə N.Nərimanovun redaktorluğu ilə yenidən nəşrə başlamışdı.

Məhəmməd Əmin Rəsulzadə 1907-ci ildə bolşeviklərin məram və məqsədləri ilə, xüsusən də onların Rusiya İmperiyasının sərhədlərini saxlamaqla yalnız sinfi ziddiyyətləri aradan qaldırmaq uğrundakı mübarizəsi ilə razılaşmayaraq RSDFP sıralarından uzaqlaşır, rus müstəmləkə üsul-idarəsinə qarşı inqilabi mübarizəyə milli istiqlal hərəkatı prinsiplərindən yanaşmağa başlayır.

Qeyd etdiyimiz kimi, Məhəmməd Əmin Rəsulzadənin yaradıcılığında publisistika başlıca yerlərdən birini tutur. Belə ki, o həm peşəkar siyasətçi olana qədər, həm də ondan sonra bu janra axıra kimi sadiq qalmış, ictimai-siyasi fikirlərini ifadə etməyə çalışmışdır. Bu yazılar janrına, forma və məzmununa görə bir-birindən fərqlənmişdir. Məqalə, siyasi düşüncələr, memuarlar, ədəbi, tarixi, siyasi icmallar onun publisistikasının əsas janrlarını təşkil edir. Stalinin ölümündən az sonra çap edilən memuar janrında yazdığı “Stalinlə ixtilal xatirələri” əsərində vaxtilə münasibətləri olduğu, otuz il sovet hakimiyyətinə rəhbərlik etmiş avtoritar şəxsin bəzi xarakterik cizgilərini aça bilir. XX əsrin əvvəllərində Bakıda ilk ictimai-siyasi fəaliyyətləri, cümhuriyyətin süqutundan sonra müəllifi Bakıda həbsdən azad edərək özü ilə Moskvaya aparması və Moskva dövrünü əhatə edən xatirədə Məhəmməd Əmin Rəsulzadə faktlar əsasında Stalinin real cizgilərini yaratmağa nail olur. Bu memuarda müəllif Stalinin obrazını yaratmaqdan çox, cümhuriyyətdən sonrakı dövrdə xalqın necə bir quruluşda yaşaması, onun rəhbərinin xarakterini açmaq məqsədi daşıyırdı. Əsərdə verilən bir parça Stalinin xalqa verdikləri vədlə real həyatın nə qədər fərqləndiyini göz önünə gətirir: “Salon-vaqonda yemək süfrəsi başında ikən qatarımız qələbəlik bir stansiyada dayandı; burada bir az gözləyəcəkdi. Stalin Məhəmməd Əliyə pərdələri endir dedi. Məhəmməd Əli:

 – Yoldaş Stalin, bu niyə? – deyə soruşdu.

– Bayırdakılar masamızı görməsinlər, dedi.

– Görürlər görsünlər, nə olar ki?..

– Qulaq asın, necə yəni nə olar, səfalət və məhrumiyyət içində yaşayan bir xalq bizim bolluq içində olduğumuzu görsə inqilab olar, bilmirsən?”.

Onun alovlu publisist olmasını göstərən başqa bir fakt. M.Ə.Rəsulzadə 1908-ci ildə mart ayından etibarən Bakıda çıxan “Tərəqqi” qəzetinin müxbiri kimi tez-tez İrana ezam olunur, buradakı məşrutə hərəkatına aid yazılar yazır, gizli təşkilatın üzvü kimi məşrutə hərəkatı ilə əlaqə saxlayırdı. Bu qəzetdə onun “İrandan məktublar” adı ilə silsilə yazıları çap olunmuşdur. Mütəfəkkir şəxsiyyət 1909-cu ildə may ayında Təbrizdə “Sərdari-milli” adını almış, milli qəhrəman Səttarxanla görüşmüş, ondan geniş müsahibə almış, bu müsahibəni elə həmin ildə “Tərəqqi” qəzetində “Təbriz. Səttarxanla mülaqat” adı ilə nəşr etdirmişdir. Çar Rusiyası xəfiyyələri tərəfindən təqib edildiyindən o, 1909-1911-ci illər arasında İranda yaşamış, 1909-cu ilin avqust ayından başlayaraq həmin dövrdə Tehranda baş redaktor kimi “İran-nov” qəzetini çıxarmışdır.

İrşad” qəzeti 1905-ci ildə Əhməd Ağaoğlunun baş redaktorluğu ilə nəşr edilib, 46-57-ci nömrələri isə Rəsulzadənin redaktorluğunda çıxıb, burada onun 49 yazısı gedib. “Təkamül” qəzetinin 1906-1907-ci illərdə cəmi 14 nömrəsi çıxıb, əsas redaktor Rəsulzadə olub, onun burada 39 yazısı dərc edilib. “İrani-nov” qəzeti Tehranda (1909-1911) Rəsulzadənin redaktorluğu ilə çıxıb, burada isə onun 200-dən artıq yazısı işıq üzü görüb. “İqbal” qəzeti 1912-15-ci (1914-1915-ci illərdə redaktor Rəsulzadə) illərdə Bakıda nəşr olunub. Burada Rəsulzadənin mindən artıq yazısı gedib. “Açıq söz” qəzetinin baş redaktoru Rəsulzadə (1915-1918) olmuşdur. Burada onun 259 imzalı, 200 imzasız yazısı dərc edilib.

M.Ə.Rəsulzadə İstanbulda mühacirətdə olarkən onun proqramı əsasında 1911-ci ildə “Müsavat” partiyasının əsası qoyuldu. O, 1913-cü ildə Bakıya qayıdıb partiyanın əsas ideoloqu oldu. M.Ə.Rəsulzadə mühacirətdə yaşayarkən də “Müsavat” partiyasının sadiq nümayəndəsi kimi fəaliyyətini davam etdirib, mətbuata böyük əhəmiyyət verib, Türkiyədə siyasi mühacir statusu ilə yerləşdikdən sonra “Yeni Qafqasiya” dərgisini nəşr etdirmişdir.

                                Əbülfəz QULİYEV

                                AMEA-nın müxbir üzvü

Nəşr edilib : 06.03.2024 09:00