AZ EN RU

Məğlub ordunun generalı olmaqdansa, Qalib ordunun əsgəri olmaq daha şərəflidir

 Doğrusu, bu fikir şəxsən mənə məxsus deyil, amma burada çox dərin məna və həqiqət olduğu üçün yazının sərlövhəsinə layiq bilirəm. Əslində, kimdir Qalib əsgər? Haqq-ədalət uğrunda vuruşan, havasını udub, suyunu içdiyi, üzərində gəzdiyi torpaq uğruna ölümü gözə alan, döyüş meydanında əsl kişilik nümunəsi göstərən, ən nəhayət, hədəfə çatan, üzərinə götürdüyü şərəfli missiyanı yerinə yetirən, Komandanına Zəfər müjdəsi verən və bununla da tarixləşən, dastanlaşan VƏTƏN OĞLUdur, QALİB ƏSGƏR.
     Səbəbini özüm də bilmirəm,  bu gün saat 17:00-da Xocalı qurbanlarının əziz xatirəsini 1 dəqiqəlik sükutla yad etdiyimiz vaxt niyəsə sənə xitab etmək istədim, əziz əsgər! Nə bəxtəvərsən, nə xoş sənin halına ki, bu gün “Qalib” adını daşıyırsan. Əminəm ki, soyuq səngərdə bu adın məsuliyyətini hər kəsdən çox elə sən özün dərk edirsən. Bu ad sənin şərəfli formanda, əlindəki silahında, qəlbindəki Azərbaycan sevgisində, düşmənə olan nifrətində bütövləşib. Bunu sən qazanmısan: 44 gündə döyüş meydanında dünyanı heyrətə gətirən rəşadətinlə, dillərə dastan olan qəhrəmanlığınla... İndi tarix sənin qeyrətindən, yeri gələndə döyüş meydanındakı yaralı düşmənə göstərdiyin mərhəmətindən, antiterror əməliyyatından  sonra könüllü şəkildə Qarabağı tərk edən mülki şəxslərə bəslədiyin insaniyyətindən danışır, əsgər! 
     Bilirsən, məğlub ordunun generalı olmaqdansa, Qalib ordunun əsgəri olmaq daha şərəflidir. Ucalardan uca oğul, Qalib Azərbaycan əsgəri, sən bu xalqın qırmızı çizgisisən! Müqayisə etməyə dilim varmasa da, döyüş meydanından fərarilik edib qaçan, illərlə öz ordusunun “tuşonka”sını mənimsəyib satan erməni generallarının səndən görüb-götürəcəyi, öyrəncəyi çox mətləblər var. 30 il bundan öncə indiki gücün və qüdrətin, maddi-texniki təchizatın və ən əsası Liderin olsaydı, “Xocalı” adlı yaramız olardımı, quduz düşmən dişlərini qıcayıb qız-gəlin, oğul-uşaq, qoca-cavan üstünə ayaq ala bilərdimi? Yox, əlbəttə. 
     Vəhşinin ayağını bu torpaqdan birdəfəlik kəsən oğul, yaxşı bax bu ellərə, keşiyini diqqətlə çək Xocalının, Xankəndinin, Xocavəndin, bütöv Qarabağın! Bərk-bərk sarıl azad yurduma, hamıdan çox sənin nəvazişinə, tumarına ehtiyacı var, 30 il sənsizləyən Vətənimin. Qalib əsgər, səni Vətənə, Vətəni də sənə əmanət edirik!

Muxtar RZAZADƏ

Nəşr edilib : 26.02.2024 17:59