AZ EN RU

Media tur iştirakçıları: “Naxçıvanda yüksək səviyyəli səhiyyə sistemi qurulub”

    Media tur iştirakçıları Naxçıvanda aparılan səhiyyə islahatları, yaradılan tibbi infrastrukturla bağlı təəssüratlarını “Şərq qapısı” qəzeti ilə bölüşüblər.

    Könül Cəfərli- Oxu.az informasiya agentliyinin əməkdaşı- Bu mənim Naxçıvana ilk səfərimdir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə reallaşan bu media turda iştirakımdan çox məmnunam. Tur çərçivəsində bir sıra səhiyyə ocaqlarında olduq, fəaliyyətləri ilə maraqlandıq. Xəstəxanaların müasir standartlara uyğunlaşdırılması, yeni avadanlıqların gətirilməsi və yeni cihazların təminatı ilə bağlı bizə kifayət qədər məlumatlar verildi. Eyni zamanda xəstələrin qəbulu, stasionar, ambulator müayinə məsələləri, Ali Sağlamlıq Mərkəzi strukturu ilə tanış olduq. Aldığımız informasiyalar və əyani tanışlığımız belə deməyə əsas verir ki, Naxçıvanda bu sahədə görülən işlər həqiqətən də təqdirəlayiqdir. Arzu edirik ki, gələcəkdə Səhiyyə Nazirliyi ilə medianın əlaqələri daha da sıx olsun.

    Qafar Ağayev – 1news.az xəbər saytının əməkdaşı- Media tur çərçivəsində Naxçıvanın səhiyyə sistemi ilə əyani tanışlığımız oldu. Yaradılan şəraiti çox bəyəndik. Yüksək standartlara cavab verən xəstəxanalar tikilib, müasir infrastruktur qurulub. Ordubadda olduq, orada Ailə Sağlamlıq Mərkəzi və Mərkəzi Xəstəxananın fəaliyyəti barədə ətraflı məlumatlar əldə etdik. Həqiqətən də Naxçıvanda bu dərəcədə yüksək səviyyəli səhiyyə sisteminin qurulduğunu təsəvvür etmirdim və gəldim öz gözlərimlə bunun şahidi oldum. 

    Mətin Şükürlü- Bizimyol.info onlayn qəzetin əməkdaşı – Bu media turda iştirak etməklə zəngin informasiyalar qazandıq. Naxçıvan hər zaman iki böyük xüsusiyyəti ilə tanınan məmləkət olub. Bunlardan biri səliqə-sahman, digəri isə nizam-intizamdır. Bu gün biz Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən tibb mərkəzlərində, xəstəxanalarda bu iki xüsusiyyətlə raslaşdıq. Həm nizam-intizam, həm də səliqə-sahman yüksək səviyyədədir, sakinlərə xüsusi həssaslıqla, hörmətlə yanaşıldığının şahidi olduq. İnsanlara yeni texnologiyalar vasitəsilə yüksək tibbi xidmətlər göstərilir və şəhid ailələrinə, qazilərə xüsusi qayğı, ehtiram vardır. 

 Nail ƏSGƏROV

Nəşr edilib : 21.11.2023 18:41