AZ EN RU

Media haqqında qanunvericilik mühüm vəzifələr müəyyənləşdirir

    Ölkəmizdə media islahatlarının “yol xəritəsi” kimi dəyərləndirilən Azərbaycan Respublikasının “Media haqqında” 2021-ci il 30 dekabr tarixlı Qanunu Konstitusiyamızda təsbit olunan insan və vətəndaş hüquqlarından və azadlıqlarından istifadə, bu hüquq və azadlıqların dövlət təminatını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir. 

    Azərbaycan Respublikasının cinayət qanunvericiliyinə əsasən jurnalistlərin qanuni peşə fəaliyyətinə maneolma, yəni zor tətbiq etməklə və ya belə zor tətbiqetmə hədəsi ilə onları məlumat yaymağa və ya məlumat yaymaqdan imtinaya vadar­etmə cərimə və ya islah işləri ilə cəzalandırılır. Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə isə müəyyən vəzifətutma və ya müəyyən fəaliyyətlə məşğulolma hüququndan məhrum edilməklə və ya edilməməklə islah işləri ilə və ya azadlıqdan məhrumetmə ilə cəzalandırılır. İnzibati xətalar qanunvericiliyinə əsasən isə jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə edilməsinə görə  müəyyən məbləğdə cərimə edilir. Jurnalistin peşə fəaliyyətinə maneolma isə o halda məsuliyyət yaradır ki, onun jurnalistik fəaliyyəti qanunvericiliyin yol verdiyi çərçivədə həyata keçirilmiş olsun.
    İnzibati xətalar qanunvericiliyinə əsasən media subyektinin redaksiyası (məsul redaktoru) və jurnalistlər tərəfindən media sahəsində fəaliyyət azadlığından və jurnalist hüququndan sui-istifadə etməyə, yəni açıqlanması qanunla qadağan edilən informasiyanı yaymağa və ya informasiya mənbəyini qanunla yol verilməyən hallarda açıqlamağa görə fiziki, vəzifəli və hüquqi şəxslər inzibati məsuliyyət daşıyırlar.
    Cinayət qanunvericiliyinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma cinayət məsuliyyətinə səbəb olur. Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma da cərimə, ictimai işlər, islah işləri və ya müəyyən müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 
    Mülki qanunvericiliyə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. 
    Mediada hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş, yayımlanmış fiziki şəxsin həmin mediada öz cavabının dərc edilməsi, yayımlanması hüququ vardır. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatları yaymış şəxsi müəyyənləşdirmək mümkün deyildirsə, barəsində bu cür məlumatlar yayılmış şəxsin ixtiyarı var ki, həmin məlumatların həqiqətə uyğun olmayan məlumatlar sayılmasını tələb etsin. Bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir.
    Ölkəmizdə akkreditasiya olunmuş xarici jurnalistlərin və digər xarici media nümayəndələrinin hüquqi statusu və peşə fəaliyyəti də Azərbaycan Respublikasının normativ-hüquqi aktları və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir. Media subyekti redaksiyasının loqotipi (emblemi) olmalıdır. Media subyektinin redaksiyası yalnız bir loqotipdən (emblemdən) istifadə edə bilər. Loqotip (emblem) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılan Media Reyestrinə daxil edilir.
    “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunun tələbinə əsasən internet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi həmin informasiya ehtiyatında yayılması qadağan edilən terrorçuluğun təbliği və maliyyələşdirilməsi, terrorçuluğun həyata keçirilməsinin üsul və vasitələri, ərazi bütövlüyünün parçalanmasına, hakimiyyətin zorla ələ keçirilməsinə və ya saxlanmasına, kütləvi iğtişaşların təşkil edilməsinə yönələn açıq çağırışlar, psixotrop maddələrin və onların prekursorlarının hazırlanma və ya istifadə üsulları və qaydası, onların qanunsuz əldə edilməsi yerləri, habelə təhqir və ya böhtan xarakteri daşıyan, habelə şəxsi həyatın toxunulmazlığını pozan məlumatlar və sair informasiyaların yerləşdirilməsinə yol verməməlidir.
    Ümumilikdə isə media subyektləri və jurnalistlər cəmiyyətdəki ictimai, siyasi, sosial və iqtisadi vəziyyət haqqında, dövlət orqanlarının, bələdiyyələrin, müəssisə və təşkilatların, qeyri-hökumət təşkilatlarının, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə düzgün informasiya almaq hüququna malikdirlər. Bu hüquq qanunla müəyyənləşdirilmiş hallardan başqa məhdudlaşdırıla bilməz. Həmçinin media subyekti tərəfindən fiziki şəxsin şərəf və ləyaqətini, fiziki və hüquqi şəxsin işgüzar nüfuzunu ləkələyən, böhtan və təhqir xarakterli məlumatlar yayıldıqda, fikirlər təhrif olunduqda fiziki şəxsin özünün və ya nümayəndəsinin, hüquqi şəxsin rəhbərinin, yaxud səlahiyyətli nümayəndəsinin həmin media subyektində 1 (bir) ay müddətində cavab vermək, habelə media subyektindən həqiqətə uyğun olmayan məlumatın təkzib olunmasını, düzəliş verilməsini, üzr istənilməsini tələb etmək, yaxud birbaşa məhkəməyə müraciət etmək hüququ vardır.
    Bəs telefon danışıqları məhkəmədə sübut kimi qəbul oluna bilərmi? Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2015-ci il 11 fevral tarixli Qərarına əsasən şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi, yəni telefon danışıqları mülki işlərdə, öhdəlik xarakterli məsələlərdə sübut kimi qiymətləndirilə bilər.

 Faiq SƏFƏROV
Naxçıvan Muxtar Respublikası Prokurorluğunun
şöbə rəisi, baş ədliyyə müşaviri

Nəşr edilib : 07.07.2023 20:40