AZ EN RU

Mədəniyyətlərarası dialoqa əvəzsiz töhfə – “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı

Böyük Qələbəmizin simvolu, zəfər nidamız, sülh rəmzimiz Şuşa artıq dördüncü ildir ki, öz tarixi ənənələrinə sadiq qalmaqla sivilizasiyalar üzrə, mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə əvəzsiz töhfələr verməkdə davam edir. 1989-cu ildən keçirilməsinə başlanan, bir il sonra beynəlxalq status alan “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı artıq dünyanın diqqətini Azərbaycana, 272 yaşlı şəhərimizə yönəldən əsl dostluq bayramına çevrilib. Ömrünün 35-ci baharını yaşayan festival bu il daha rəngarəng, daha fərqli çalarları ilə yaddaşlarda dərin təəssürat buraxmağı bacardı...

Mayın 11-13-də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalı 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə ilk növbədə ev sahibliyi baxımından diqqətləri çəkdi. Belə ki, bu il Şuşa ilə yanaşı, azad Laçın torpağı da Azərbaycanın milli-mənəvi dəyərləri, dünya svilizasiyasının inciləri ilə bəzəndi. Digər tərəfdən “İslam dünyasının mədəniyyət paytaxtı” missiyasının icrasına uğurla başlayan Şuşa həm də öz soydaşlarının qayıdışı, yeni siması, dirçəlişi, birinci yaşayış kompleksinin açılışı ilə bu sənət bayramını qeyd etdi. Cıdır düzündə VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasimində çıxışında ölkə Prezidenti cənab İlham Əliyev də bu məqama xüsusi toxundu. Sitat: “Biz 28 il Şuşasız yaşayırdıq. Həm şuşalılar, həm bütün Azərbaycan xalqı bu illəri mənəvi əzab illəri kimi öz yaddaşlarında saxlayırlar və saxlayacaqlar. Dünən Şuşa şəhərinin dirçəldilməsi istiqamətində növbəti addım atılmışdır, ilk sakinlər uzun fasilədən sonra öz doğma şəhərinə qayıdıb burada məskunlaşmışlar. Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir. Şuşa, sözün əsl mənasında, dirçəlir”.

Builki festival iştirakçılar baxımından da seçildi, Azərbaycanla yanaşı, ICESCO-ya üzv ölkələrdən ifaçılar və yaradıcı kollektivlər bir-birindən dəyərli musiq nömrələri, mahnılarla çıxış etdilər. Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya, İran, Qazaxıstan, Qətər, Qvineya, Mərakeş, Özbəkistan və Türkiyə təmsilçilərinin sədalarının ucaldığı Şuşa torpağı svilizasiyalar qovşağına çevrilməklə İslam Mədəniyyətinin müasir dövr tərəqqisinə, təbliğinə mühüm töhfə vermiş oldu. Bir sözlə 28 illik vəhşiliyin, vandallığın yaratdığı natəmizlikdən qurtulub ilbəil daha da məsumlaşan Pənahəli xanın yadigarı paklığı, xoş ab-havası, əsrarəngizliyi ilə üç il ard-arda mədəniyyət paytaxtı missiyasına layiq görülmədiyini sübut etdi. Festivalda çıxışı zamanı Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlərə heyranlığını böyük şövqlə ifadə edən ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik də mədəniyyət beşiyimiz haqqında yüksək diləklərini dilə gətirdi: “Üç il mədəniyyət paytaxtı adına layiq olan az sayda belə şəhər var. Bu, dərin bir işarədir. Bu, nailiyyətə, imkanlara və ehtirama işarədir. Bu, Şuşa şəhəridir - paklıq, saflıq və xoş ab-hava şəhəri. Şəhərin adı da elə buradan gəlir. Bizlərdən kimsə dünyada adı saflığa və təmizliyə uyğun gələn başqa şəhər tanıyırmı? Buranın havası təmiz, insanların hissləri pakdır. Buna görə də təəccüblü deyil ki, Şuşa bütünlüklə Qafqazda musiqinin paytaxtıdır, təsviri sənətin məkanıdır, gözəl Azərbaycan xalçasının vətənidir, musiqi, fikir və şairlər yurdudur. Görəsən, bütün bunlar paklığın və saflığın hədiyyəsidirmi?”

“Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalı musiqi mədəniyyətinin təbliği ilə yanaşı hərzamanki kimi səmimi atmosveri ilə sevildi, seçildi. Sənətə, sənətkara daim dəyər verən Ümummilli Liderimiz Heydər Əliyevin layiqli varisi ölkə Prezidenti və birinci xanım həm Azərbaycanın, həm də dünyanın bir sıra ölkələrindən gələn tanınmış mədəniyyət xadimləri ilə görüşdülər, söhbət etdilər. Korifey sənətkarlar Zeynəb Xanlarova, Ramiz Quliyev və Firəngiz Mütəllimovanın da iştirak etdiyi festival Xalq artisti Arif Babayevin illər öncəki çıxışının nümayişi ilə hər bir tamaşaçıya unudulmaz, nostalji duyğular yaşatdı. Açılış konsertində illər sonra Şuşa səhnəsinə çıxan 86 yaşlı sənətkar jurnalistlərə müsahibəsində bu hadisəni böyük xoşbəxtlik adlandırdı, festivalın xalqımızın sülhsevərliyini, qurub-yaratmaq əzmini, bəşəri dəyərlərə sonsuz hörmətini, ən əsası, milli musiqimizə, mədəniyyətimizə sonsuz sevgisini göstərdiyini bildirdi. Festival çərçivəsində Şuşa şəhərində yerləşən Yaradıcılıq Mərkəzində açılan, Qarabağın tarixi, zəngin mədəniyyəti, məişəti, xüsusilə də Şuşanın tarixi və memarlığını əks etdirən 23 rəssamın əsərlərindən ibarət “Qarabağnamə” adlı sərgi də qonaqlarda bu qədim yurdumuz haqqında daha müfəssəl təəssürat yaratdı...

Bəli, Şuşa həm Xurşidbanu Natəvan, Molla Pənah Vaqif, Üzeyir Hacıbəyli, Bülbül kimi böyük dühaların vətəni, milli musiqi mədəniyyətimizin beşiyi, sənət məbədimiz, həm də 2020-ci ildən bəri zəfər simvolumuz, hər bir Azərbaycanlının milli ruhunun təntənəsi, əyilməyən vüqarımız, qəhrəman əcdadlarımızın, Pənahəli xanın ənənələrinə sadiqliyimizin göstəricisidir. Dünyanın dörd bir yanına soraq salan, özündən könüldolusu danışdıran “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalının açılışında Qalib Liderin də dediyi kimi: “Şuşa mədəniyyət ocağı kimi tanınsa da, hazırda, eyni zamanda, qəhrəmanlıq rəmzidir, zəfər rəmzidir və sülhün rəmzidir. Çünki məhz Şuşanın azad olunmasından sonra işğalçılar tam anladılar ki, müqavimət göstərmək onlara heç nə verməyəcək və beləliklə, bu gün biz Şuşanı tam haqlı olaraq sülhün rəmzi kimi qiymətləndirə bilərik”.

          Nail ƏSGƏROV

         

Nəşr edilib : 13.05.2024 18:21