AZ EN RU

Mədəniyyətlər arasında körpü quran qadın

    Almaniyanın nüfuzlu nəşrlərindən biri olan “General Anzeige” qəzeti “Bonn sakini özünü Azərbaycanın elçisi kimi görür” sərlövhəli məqaləsində alman- Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Babək rayonunun Sirab kəndində dünyaya göz açan Naibə Haciyevanı “Mədəniyyətlər arasında körpü quran şəxs” adlandırıb. Bu məqaləni oxuyandan sonra onunla əlaqə saxlayıb Naxçıvandan zəng vurduğumu deyəndə çox sevindi. Müsahibim söhbətinə Almaniyaya gəldiyi ilk günlərdən danışaraq başlayır: – 1990-cı ildə ailə quraraq Almaniyaya gəldim, Bonn şəhərində yaşamağa başladım. Həmin illərdə burada hansı dövlətdən gəldiyimi soruşanda “Mən azərbaycanlıyam” dediyim zaman təəccüblə üzümə baxıb Azərbaycan haradadır? – deyə soruşurdular. Mənim o zamanlar ən böyük arzum Almaniyada bir restoran açıb, cəmiyyət yaradıb Azərbaycanın keçmişini, bu gününü, mədəniyyətini, ümumiyyətlə, Azərbaycanı Avropa dövlətlərinə, Almaniyada yaşayan başqa dövlətlərin nümayəndələrinə tanıtmaq idi. Bu arzuma 2008-ci ildə çatdım. Almaniyanın keçmiş paytaxtı olan Bonn şəhərində bir restoran açdım və adını da “Bakı” restoranı qoydum. “Bakı” restoranında Azərbaycan gecələri, Novruz bayramı, Xocalı soyqırımına aid yığıncaqlar və sair keçirdim. Öz ləziz mətbəximizi, mədəniyyətimizi geniş şəkildə tanıtmağa çalışdım. 2011-ci ildə alman-Azərbaycan Dostluq Cəmiyyətini yaratdım. Almaniyadakı biznes fəaliyyətimdən əldə etdiyim qazancın bir hissəsini ölkəmizin tanıdılması, təbliği və xeyriyyə məqsədlərinə yönəltdim. Mənim əsas məqsədim bu təşkilat vasitəsilə almanlarla dostluğumuzu daha da möhkəmləndirmək, həmçinin adət-ənənələrimizi almanlara daha da yaxından tanıtmaq idi. Burada yaşayanlara nəinki bizim yeməkləri, hətta milli rəqslərimizi, öz ana dilimizi belə öyrədirəm. Bununla bərabər, Azərbaycan haqqında məlumatlar verirəm. Dağlıq Qarabağ münaqişəsi, Xocalı hadisələri haqqında tez-tez söhbətlər edirəm. Almanlar bizim musiqilərimizə çox həvəslə qulaq asırlar. Hər dəfə toplantılarımızda məndən sonrakı toplantının nə zaman olacağını həvəslə soruşurlar. Demək olar ki, Azərbaycanın bütün əlamətdar günləri ilə bağlı tədbirlər keçiririk.
    Naibə xanım bildirir ki, Almaniyada müxtəlif Azərbaycan dərnəkləri var. Amma hamısının məqsədi eynidir – Azərbaycan həqiqətlərini burada tanıtmaq və Almaniya cəmiyyəti ilə sıx əməkdaşlıq əlaqələri yaratmaq. Burada erməni lobbisi çox zəifdir və onların bizim fəaliyyətimizə heç bir təsiri yoxdur. Almaniyada türk və Azərbaycan birliyi daha möhkəmdir. Bizim cəmiyyət COVİD-19 pandemiyasının tüğyan etdiyi dövrdə baş verən 44 günlük Vətən müharibəsi zamanı Avropa ölkələrində küçələrə çıxan erməni lobbisinin aqressiv davranışlarından çəkinməyərək Almaniyada dörd yürüş və mitinq təşkil etdi. Qarabağla bağlı birtərəfli və qərəzli məlumatlar yayan bəzi alman KİV-lərinə sərt etirazımı bildirib, jurnalistikanın prinsiplərinə uyğun olaraq həqiqəti yazmalarını tələb etdim.
    Naibə xanım Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayının iştirakçısı olub: “Almaniyada yaşayıb, fəaliyyət göstərdiyim bütün dövrlərdə Azərbaycana səfərlər edir, yaxınlarımı, dost-tanışlarımı ziyarət edir, doğma yurd yerimə baş çəkir, Vətənimlə həsrətimi bölüşürdüm. Lakin budəfəki ziyarətim tamamilə fərqli idi və bu fərqlilik özündə elə bir möhtəşəmlikləri birləşdirmişdi ki, bunu sözlə ifadə etmək, həqiqətən də, çətindir. Çünki hər bir azərbaycanlının qəlbində ən dərin həsrət Qarabağla bağlı idi və bu həsrətin nə vaxtsa başa çatacağına inanırdıq. Bilirdik, əmin idik ki, məhz dünya şöhrətli siyasi xadim, Ulu Öndər Heydər Əliyevin layiqli siyasi varisi cənab İlham Əliyev Ali Baş Komandan və xalqının Lideri qismində 30 ilə yaxın dövr ərzində təcavüzə uğrayan, işğala məruz qalan torpaqlarımızı düşmən tapdağından azad edəcək. Onun möhkəm qətiyyəti, sarsılmaz iradəsi, mütərəqqi diplomatiyası, müdrikliyi, xalqına bağlılığı 44 günlük zəfər yürüşündə öz qalibiyyət sözünü dedi. Bu həm də XALQ-PREZİDENT vəhdətinin bariz nümunəsi oldu – Azərbaycan xalqı bir yumruq kimi birləşərək yağı düşmənə qarşı amansız mübarizəyə başladı, onu məğlub etdi, diz çökdürdü”.
    Müsahibimlə bir neçə dəqiqə davam edən söhbət zamanı onun 33 illik fəaliyyətinə nəzər yetirəndə işgüzar, vətənpərvər qadın olduğuna şahidlik edirəm. Və nə yaxşı ki, azərbaycanlıyıq, nə yaxşı ki, belə gözəl Vətənin övladlarıyıq deyirəm.

Ramiyyə ƏKBƏROVA 

Nəşr edilib : 28.12.2023 20:31