AZ EN RU

Mədəniyyət xalqları birləşdirən etibarlı körpüdür

Ancaq Fransa bunu bacarmır

    Tarixboyu Azərbaycan xalqının yaşatdığı mədəniyyət nümunələri dünya ölkələri tərəfindən yüksək qiymətləndirilib. Eyni zamanda Azərbaycan digər dövlətlərin maddi-mənəvi mədəniyyət nümunələrinə qarşı hər zaman tolerantlıq göstərib. Ancaq təəssüflər olsun ki, çox zaman bunun qarşılığını görmürük. Son günlər Fransanın Evian şəhərindəki “Azərbaycan parkı”nda Xan qızı Natəvanın heykəlinin  sökülməsi haqqında qərarın  qəbul edilməsi bunun ən gözəl sübutudur.  
    Qeyd edək ki, 2017-ci ildə İsmayıllı və Fransanın Evian-Le Ba şəhərləri arasında imzalanmış dostluq və əməkdaşlığa əsasən Evian şəhərində “Azərbaycan parkı”nda görkəmli şairə Xurşidbanu Natəvanın heykəli ucaldılmışdır.
    Xan qızının heykəli Azərbaycanda bir qadının ictimai və sosial həyatda nümunə olaraq müasir elmi biliklərə yiyələndiyinin ən böyük ifadəsi olmaqla bir zamanlar Avropa ölkələrində az rast gəldiyimiz qadın azadlığının Azərbaycanda varlığının simvolu kimi qiymətləndirilir. 
    Bəs niyə Fransa bunu qəbul etmək istəmir? 
    Son zamanlar qatı ermənipərəst mövqedən çıxış edən Fransa nədənsə Azərbaycanın 2-ci Qarabağ müharibəsində bütün dünyaya nümayiş etdirdiyi qalibiyyətini həzm edə bilmir. Elə buna görə də Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvanın heykəli və “Azərbaycan parkı”na qarşı Fransanın atdığı bu addım qəbuledilməzdir. Amma bu vandal hərəkəti törədənlər bilməlidirlər ki, elə Xan qızının mədəniyyət beşiyimiz olan Şuşanın mərkəzində yerləşən heykəli bir zamanlar erməni işğalı altında qalan həmin torpaqların kimə məxsus olduğunun sübutudur. Fransa nə qədər Azərbaycan əleyhinə fikirlər səsləndirsə də, xalqımız həmişə öz humanizmi ilə milli-mədəni dəyərlərə böyük önəm verir və belə dəyərlərin təbliğatçısıdır.  Biz xalq olaraq hər zaman tolerant düşüncədə olub Viktor Hüqonun kitabların yandırmır, oxuyuruq. Bu da təsdiq edir ki, Azərbaycanda hər zaman inkişaf etmiş mədəniyyət mövcud olub. Xalqımız indi də bunun daşıyıcısıdır. Mədəniyyət xalqları birləşdirən ən etibarlı körpüdür. Azərbaycan bu vədinə hər zaman sadiqdir. 
    Belə görünür ki, Fransa ermənipərəst maraqlarını qoruyur, elə buna görə də Azərbaycana qarşı müxtəlif istiqamətlərdə təzyiqlər göstərir. Lakin onlar bilməlidirlər ki, “Heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz”.

 Bülbül Quliyeva
 

Nəşr edilib : 08.01.2024 11:35