AZ EN RU

Mədəniyyət müəssisələrinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi keçirilir

Naxçıvan Muxtar Respublikasında dövlət qurumlarının ixtisaslı kadrlarla komplektləşdirilməsi üçün müsabiqələrin keçirilməsi davam etdirilir. Bu məqsədlə Mədəniyyət Nazirliyinin tabeliyindəki qurumlara işə qəbul üçün müsabiqənin müsahibə mərhələsinin keçirilməsi üçün müvafiq komissiya yaradılıb. Müsahibə komissiyasının tərkibi nazirlikdən 1, mərkəzdən 1, mədəniyyət sahəsi üzrə mütəxəssislərdən müstəqil ekspert qismində 3 nəfər olmaqla, 5 üzvdən ibarətdir. Müsahibə mərhələsində namizədin praktik hazırlığı və peşəkarlıq qabiliyyəti yoxlanılır.

Müsahibə komissiyası namizədlərin ixtisas bacarığını müvafiq meyarlar üzrə 5 ballıq sistem əsasında qiymətləndirir. Müsahibədə 12 və ya daha çox bal toplamış namizəd bu mərhələdən keçmiş sayılır və müvafiq vəzifəyə təyin olunmaq üçün imtahan nəticələri nazirliyə təqdim olunur.

Qeyd edək ki, 345 vakant vəzifənin çıxarıldığı müsabiqənin test mərhələsində qeydiyyatdan keçən 192 namizəddən 138-i imtahanda iştirak edib. Onlardan 90 namizəd keçid balını toplayıb. 45 namizəd isə birbaşa müsahibə mərhələsində iştirak hüququ qazanıb. Ən sıx müsabiqə vəziyyəti Naxçıvan Dövlət Filarmoniyası üzrə yaranıb ki, burada müxtəlif vəzifələrin tutulması üçün 33 namizəd mübarizə aparacaq.

Müsahibə mərhələsi mayın 25-ə qədər davam edəcək.

Naxçıvan Muxtar Respublikası

Dövlət İmtahan Mərkəzinin

mətbuat xidməti

Nəşr edilib : 19.05.2023 15:20