AZ EN RU

Mədəniyyət müəssisələrinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi keçirilir

    Muxtar respublikada ilk dəfə olaraq Mədəniyyət Nazirliyinin tabeliyindəki qurumlara işə qəbul üçün müsabiqənin müsahibə mərhələsinin keçirilməsi üçün müvafiq komissiya yaradılıb. Müsahibə komissiyasının tərkibi nazirlikdən 1, mərkəzdən 1, mədəniyyət sahəsi üzrə mütəxəssislərdən müstəqil ekspert qismində 3 nəfər olmaqla, 5 üzvdən ibarətdir. Müsahibə mərhələsində namizədin praktik hazırlığı və peşəkarlıq qabiliyyəti yoxlanılır. 
    Müsahibə komissiyası namizədlərin ixtisas bacarığını müvafiq meyarlar üzrə 5 ballıq sistem əsasında qiymətləndirir, hər bir namizəd üçün ümumi bal çıxarır və nəticələri “Namizədin qiymətləndirilməsinə dair bal cədvəli” ilə rəsmiləşdirir. Bu mərhələ üzrə ən sıx müsabiqə vəziyyəti Şərur Rayon Mədəniyyət Şöbəsi (16) və Naxçıvan Şəhər Mədəniyyət Şöbəsi (13) üzrə qeydə alınıb. 
    Müsahibədə 12 və ya daha çox bal toplamış namizəd bu mərhələdən keçmiş sayılacaq və müvafiq vəzifəyə təyin olunmaq üçün imtahan nəticələri nazirliyə təqdim olunacaq. 
    Qeyd edək ki, müsabiqənin test mərhələsində 191 namizəd iştirak edib, onlardan 69-u keçid balını toplayıb. 5 namizəd isə birbaşa müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb.

Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin 
mətbuat xidməti

Nəşr edilib : 28.04.2022 20:04