AZ EN RU

Mədəniyyət müəssisələrində açıq dərslər və onlayn ekskursiyalar təşkil edilib

    Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və tabe müəssisələr tərəfindən fevral ayında da bir sıra tədbirlər keçirilmişdir.
    Ötən ay Azərbaycan Respublikasının Əməkdar artisti Behruz Haxverdiyevin 60, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı, Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının baletmeysteri Tamerlan Bağırovun isə 70 illik yubiley tədbirləri keçirilmişdir.
    Fevral ayında Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin şagirdləri arasında “Məktəblilərin dram müsabiqəsi”nin muxtar respublika mərhələsi keçirilmiş, qaliblər müəyyənləşdirilmişdir. Ötən ay Cəlil Məmmədquluzadənin ev-muzeyində Naxçıvan Dövlət Universitetinin müvafiq ixtisaslar üzrə təhsil alan tələbələrinə açıq dərslər keçilmiş, həmçinin universitetin bir qrup tələbəsinin muxtar respublikanın muzey və kitabxanalarında təcrübə keçmələri təmin olunmuşdur.
    Hesabat ayında “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə daxil olan 2 xalça haqqında məlumat naxcivan_muzeyleri “Instagram” səhifəsində və Naxçıvan Dövlət Xalça Muzeyinin sosial şəbəkə hesablarında paylaşılmışdır.
    Muxtar respublikada fəaliyyət göstərən 40-dan çox nazirlik, komitə və baş idarənin, müəssisə və təşkilatların muzeylərlə tanışlığı təmin edilmişdir. Fevral ayında muxtar respublikanın muzeylərini 20 min 106 yerli, 5 min 578 əcnəbi olmaqla, ümumilikdə, 25 min 684 tamaşaçı ziyarət etmiş, muzeylərə 145 yeni eksponat daxil olmuşdur. Aid təşkilatlarla birgə muxtar respublikanın ümumtəhsil məktəbləri ilə Naxçıvan şəhərindəki Dövlət Bayrağı Meydanı və Muzeyi, Cəlil Məmmədquluzadənin ev-muzeyi və Xatirə Muzeyi arasında müvafiq mövzularda 3 interaktiv dərs keçilmişdir. Ötən ay Kəngərli rayonunun Qıvraq qəsəbə, Ordubad rayonunun Kotam və Culfa rayonunun Milax kənd mərkəzlərində muzey əməkdaşlarının sakinlərlə 3 görüşü olmuşdur. Ay ərzində Cəlil Məmmədquluzadənin anadan olmasının 153-cü ildönümü münasibətilə ədibin Naxçıvan şəhərindəki ev-muzeyində, Nehrəm qəsəbəsində və Cəlilkənddəki Xatirə muzeylərində, həmçinin Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində açıq dərslər və onlayn ekskursiya təşkil edilmişdir. Eyni zamanda fevral ayında muxtar respublikanın əksər muzeylərində Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş sərgilər qurulmuş, açıq dərslər keçilmişdir. Şəhidlərimizin doğum və anım günləri, əlamətdar və tarixi günlər, tanınmış şəxsiyyətlərlə bağlı və digər bu kimi mövzularda muzeylərə onlayn ekskursiya təşkil edilmişdir. 
    “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil olan kitabların müzakirəsi fevral ayında da davam etdirilmişdir. Ay ərzində muxtar respublikanın kitabxanaları tərəfindən ədəbi şəxsiyyətlərin yubileyləri, eləcə də əlamətdar və tarixi günlərlə bağlı 19 tədbir keçirilmiş, 53 sərgi qurulmuşdur. Ötən ay “Mütaliə”, “Nağıl”, “Kitabxanaçı” və “Kitabxana” günləri ilə bağlı muxtar respublikanın kitabxanaları tərəfindən 238 tədbir keçirilmiş, həmçinin sağlamlıq imkanları məhdud 31 uşağa səyyar kitabxana xidməti göstərilmişdir. Hesabat ayında muxtar respublikanın kitabxanalarına 250 adda 314 nüsxə çap məhsulu daxil edilmişdir. Həmçinin kitabxanalara bu ilin fevral ayında 1104 yeni oxucu müraciət etmiş, oxucu gəlişi 8 min 630, kitab verilişi isə 43 min 681 nüsxə olmuşdur. Bundan başqa, ötən ay elektron kataloqa 702 adda kitab işlənərək elektron kataloqdakı kitabların sayı 30 min 708-ə, şəbəkəyə işlənmiş (PDF) kitabların sayı isə 40 olmaqla, belə kitabların sayı 3 min 741-ə çatdırılmışdır. Ay ərzində elektron kitabxanadan 338 lokal, 499 qlobal olmaqla, ümumilikdə, 837 oxucu istifadə etmişdir. 
    Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz və rayon mədəniyyət sarayları yubileylər, əlamətdar və tarixi günlərlə bağlı, ümumilikdə, 10 material hazırlamışlar. Mərkəz tərəfindən Ordubad Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan klub müəssisələrə dərnək fəaliyyəti və dərnəklərdə sənədləşmə işinin aparılması ilə bağlı yerində əməli köməklik göstərilmişdir. Babək Rayon Mədəniyyət Sarayında Naxçıvan Muxtar Respublikası Aşıqlar Birliyinin konserti olmuşdur. Naxçıvan Dövlət Film Fondu tərəfindən ay ərzində 9 film nümayiş olunmuş, filmlərin nömrələnməsi, pasportlarının yenilənməsi və lentlərin təmizlənməsi işləri davam etdirilmişdir.
    Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında ötən ay 2 tamaşa nümayiş etdirilmiş, İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” əsəri əsasında səhnələşdirilən tamaşanın məşqləri aparılmışdır. Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında da ay ərzində 6 tamaşa nümayiş olunmuş, teatr tərəfindən V.Haqverdiyevin “Saçları səməni oğlan” əsəri əsasında səhnələşdirilən tamaşanın məşqləri davam etdirilmişdir. Naxçıvan Dövlət Uşaq Teatrında isə Tofiq Seyidovun “Bahar gəlir, yaz gəlir” əsəri əsasında səhnələşdirilən tamaşanın məşqləri aparılmışdır.
    Naxçıvan Dövlət Filarmoniyasının kollektivləri tərəfindən Gənclər Günü ilə bağlı 2 konsert proqramı təqdim edilmişdir. Ötən ay da muxtar respublikanın uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin hesabat konsertləri olmuşdur. 

Naxçıvan Muxtar Respublikası 
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 19.03.2022 17:52