AZ EN RU

Mədənçilik və enerji sektorunda çalışan türkiyəli sahibkarlarla görüş

    Naxçıvan Şəhər İcra Hakimiyyətində keçirilən görüşdə Naxçıvan Muxtar Respublikası ekologiya və təbii sərvətlər naziri­nin müavini, nazir vəzifələrini icra edən Xanlar Mustafayev muxtar respublikanın mədən ehtiyatları haqqında məlumat verib. Qeyd olunub ki, Naxçıvan zəngin təbii ehtiyatlara malikdir. Bunlardan filiz və qeyri-filiz yataqları investisiyalar üçün cəlbedicidir. Ümumilikdə, 66 yataqdan 11-nin filiz, 55-nin isə qeyri-filiz yataqları olduğunu bildirən Xanlar Mustafayev bu yataqların 30-nun texniki qiymətləndirilməsinin tamamlandığını bildirib. 
    Vurğulanıb ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda muxtar respublikanın təbii ehtiyatlarından istifadə potensialının artırılması, potensial xammal ehtiyatlarının müəyyən edilməsi və təbii sərvətlərin iqtisadi dövriyyəyə cəlbi ilə bağlı bir çox məsələlər qarşıya qoyulub.
    Muxtar respublika ərazisində mövcud olan təbii ehtiyatların yataqları haqqında ətraflı məlumatlar tədbir iştirakçılarına təqdim olunub. 
    Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayev çıxışında bildirib ki, Naxçıvan həm də bərpa olunan enerji mənbələri ilə zəngin diyardır. Hazırda Naxçıvan özünü tamamilə elektrik enerjisi ilə təmin edir. Mövcud potensial isə muxtar respublikada günəş və külək elektrik stansiyalarının qurulmasına geniş imkanlar açır və yaxın gələcəkdə tələbatın ödənilməsi tamamilə bərpa olunan enerji hesabına olacaqdır. 
    Qeyd olunub ki, aparılan ilkin qiymətləndirilmələrə görə, muxtar respublikada 1500 meqavatlıq günəş elektrik stansiyalarının inşası nəzərdə tutulur. Artıq 650 meqavatlıq günəş elektrik stansiyalarının qurulması üçün müqavilələr imzalanıb.  Eyni zamanda muxtar respublikada təcrübə məqsədilə ilkin külək elektrik stansiyası da qurulub və bu sahədə də potensial var. Naxçıvanda bərpa olunan enerji mənbələri buradan “yaşıl enerji”nin Türkiyəyə və Avropaya ötürülməsinə yeni imkanlar açır.
    Vurğulanıb ki, dövlət başçısı tərəfindən imzalanmış “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda muxtar respublikanın enerji potensialından istifadə, eləcə də bu sahəyə yeni investisiyaların cəlbi qarşımıza tapşırıq olaraq qoyulub. İnanırıq ki, türkiyəli sahibkarlar Naxçıvanın enerji potensialının dəyərləndirilməsində yaxından iştirak edəcəklər. 
    Sonra müzakirələr aparılıb. 

 Səbuhi HƏSƏNOV

Nəşr edilib : 08.09.2023 21:34