AZ EN RU

Mədənçilik sənayesinin inkişafı, mineral-xammal resurslarından istifadə muxtar respublikanın iqtisadi tərəqqisinə öz töhfəsini verəcək

    Xanlar Mustafayev – Naxçıvan Muxtar Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən: – Bildiyiniz kimi, Naxçıvan Muxtar Respublikasında ilk dəfə hərrac üsulu ilə yataqların istifadəyə verilməsi ilə bağlı tədbir keçirildi. Hərracın 2 iştirakçışı oldu və şirkətlərdən biri  ilkin start qiymətinin, təqribən, 2 qatı qədər qiymət təklifi ilə qalib elan edildi. Bundan sonra onun sənədləşmə işləri aparılması ilə bağlı biz tərəfdən təqdimat həyata keçirildi və məsələ ilə bağlı qalib şirkətə ətraflı məlumat verildi. Bu hərracların təşkili ilə yataqların istifadəyə verilməsində məqsədimiz ondan ibarətdir ki, həm bu sahədə şəffaflığı təmin edək, həm də qanunvericiliyin tələblərinin icrası üçün biz öz üzərimizə düşən işləri yerinə yetirmiş olaq, eyni zamanda azad rəqabətli mühit formalaşdıraq. Bununla yanaşı, ətraf mühitdən istifadə ilə bağlı hesabatlığın təmin edilməsi zamanı vergi ödəmələrinin və digər ödənişlərin Nazirlər Kabinetinin müvafiq qərarı ilə qiymətləri müəyyən edilib. Hansı ki qum-çınqıl ehtiyatının 1 kubundan istifadəyə və yaxud gil yatağının digər xammal ehtiyatlarının 1 kubuna görə hansı ödəmələr həyata keçirilməsini nəzərdə tutur. Şübhəsiz ki, bütün bunların hamısı müvafiq qanunvericilik aktlarında təsbit edilmişdir. Bu hərracların silsilə tədbirlər formasında keçirməsi nəzərdə tutulur ki, mineral xammal ehtiyatları tələbatının ödənilməsində çətinliklər yaranmasın. Naxçıvan Muxtar Respublikasının mineral xammal ehtiyatlarının potensialının genişlənməsi ilə bağlı da artıq bu il dövlət sifarişimiz təsdiq edilib və o istiqamətdə lahiyələrimiz var, bu işləri icra edirik. Bununla yanaşı, Naxçıvan Muxtar Respublikasının mədənçilik sənayesinin inkişaf etdirilməsi ilə bağlı müəyyən tədbirlər nəzərdə tutmuşuq və düşünürəm ki, muxtar respublikanın iqtisadi inkişafında mədənçilik sənayesi çox böyük rol oynayacaq. 
    Əli Vəliyev – Geoloji Axtarış və Kəşfiyyat İdarəsinin rəisi: – Naxçıvan Muxtar Respublikasının mineral-xammal resurslarının ümumi balansında qeyri-filiz faydalı qazıntılar və tikinti materialları mühüm yer tutur. Bunların arasında Duzdağ və Nehrəm daşduz yataqları, Nehrəm qrupu dolomit yataqları, Buzqov, Şahtaxtı, Qarabağlar travertin yataqları və digərləri böyük əhəmiyyət kəsb edir. Çoxsaylı mis, molibden, kobalt, volfram, manqan, alüminium, maqnezium, qurğuşun, sink, sürmə, mərgümüş və digər metal faydalı qazıntı yataqlarını da bura əlavə edə bilərik. Uzun illər ərzində Gümüşlü və Parağaçay yataqlarından qurğuşun, sink və molibden filizləri çıxarılmışdır. 1970-ci illərin əvvəllərində Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Nehrəm dolomit və Nehrəm daşduz yataqlarını birgə istismara cəlb etməklə maqnezium, xörək duzu, xlor, susuzlaşdırılmış soda və digər məhsulların alınması məqsədilə mühüm bir layihə hazırlanmışdır. Bu yataqların bazasında illik məhsuldarlığı 3-6 milyon ton filiz olan iki mədənin,          3 zavodun və Daşkəsənə bənzər iri bir şəhərin tikintisi nəzərdə tutulmuşdur. Bu kompleksin tikintisi Sovet İttifaqı Kommunist Partiyasının XXIV qurultayının direktivlərinə salınmışdır. Lakin o dövrdə nəzərdə tutulan işlərin həyata keçirilməsi bəzi qüvvələrin təsiri altında mümkün olmamışdır. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra Ümummilli Liderimiz Heydər Əliyev respublikanın, o cümlədən Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatının inkişafında yeni dövrün başlanğıcını qoymuşdur. Hazırda bu işləri onun davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müvəffəqiyyətlə davam etdirir. Bu gün keçirilən biznes-forum da iqtisadiyyatın inkişafına, rifahın yüksəlməsinə yönələn tədbirlər sırasındadır. Ümid edirəm bu biznes-forum həm sahibkarlar, həm də Naxçıvan Muxtar Respublikasında bu sahədə fəaliyyət göstərənlər üçün əhəmiyyətli oldu.
    Hacı Ələsgərov – “Himal Holdinq”in Prezidenti: – Naxçıvan Muxtar Respublikasında ilk dəfə idi ki, yerin təki hərraca çıxarılırdı. Sevincliyəm ki, hərracın qalibi, “Himal Holdinq”in Beton məmulatları istehsalı zavodu oldu. İlkin start qiymətinin, təqribən, 2 qatı qədər qiymət təklifi ilə qalib elan olunduq. Bu gündən etibarən qanunun tələb etdiyi qaydada lazım olan sənədlər hazırlanıb, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim olunacaq. Daha sonra yataqda müəyyən işlər həyata keçiriləcək. Ümid edirəm yaxın gələcəkdə, qum yatağından əldə olunan xammal ehtiyatı Zəngəzur dəhlizi istifadəyə verildikdən sonra Azərbaycanın digər bölgələri ilə yanaşı, xüsusilə hazırda geniş quruculuq işləri aparılan işğaldan azad olunmuş ərazilərə də ixrac olunacaq.
    Elçin Məcidov – Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tabeliyində Dövlət Mineral Xammal Ehtiyatlarından istifadə Agentliyinin İdarə Heyəti sədrinin müavini: – Hərrac Babək və Culfa rayonlarında yerləşən Qoşaquldağ qum yatağı üzrə keçirildi, rəqabətli formada baş tutdu. Hərracda qalib şirkətə bundan sonrakı fəaliyyətində uğurlar arzulayırıq. Muxtar respublikada növbəti yer təki sahələrinin hərrac qaydasında keçirilməsi prosesi davam etdiriləcək.
    Elnur Həsənli – Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tabeliyində Dövlət Mineral Xammal Ehtiyatlarından istifadə Agentliyinin əməkdaşı: – Bu gün Naxçıvan Muxtar Respublikasında ilk dəfə olaraq dağ-mədən sahəsində mövcud imkanlar və perspektivlər mövzusunda biznes-forum təşkil edildi. Biznes-forumunun əsas məqsədi Naxçıvan Muxtar Respublikası ərazisində faydalı qazıntı yataqlarına dair ümumi məlumatın verilməsi, bu sahəyə sahibkarların investisiya yatırımlarının təşviqi, həmçinin hazırda qüvvədə olan Azərbaycan Respublikasının qanunvericilik aktları barəsində yer təkinə münasibətdə məlumatların verilməsi və qanunvericilik aktlarından irəli gələrək yerin təkindən istifadə növlərinə dair icazə sənədlərinin alınması ilə bağlı informasiyaların çatdırılması idi. Bu sahədə səmərəli istifadənin təşkili məqsədilə sahibkarların  maarifləndirilməsi üçün ətraflı şəkildə məlumatlar verməyə çalışdıq. 

Gülcamal TAHİROVA

Nəşr edilib : 07.07.2023 20:54