AZ EN RU

Mayor, general olması arzusu gözündə qalan şəhidim

Güloğlan Nurəddin oğlu Qədimov

(18.07.1997-27.09.2020)

Güloğlan çox sakit və mehriban, canlara dəyən övlad idi. Atasına çox oxşayırdı. Balaca vaxtı kənd içinə çıxanda deyərdilər ki, ot kökü üstündə bitər. Qaça-qaça evə gələrdi ki, ana, mən atama çoxmu oxşayıram? Deyirdim ki, hə, balam, çox oxşayırsan. Buna elə sevinirdi ki. Atasına çox bağlı idi. Bütün gününü onunla keçirirdi. Bəzi gücü çatan işlərdə atasına kömək edərdi.

Balacalıqdan hərbçi olmaq istəyirdi. Qıvraq qəsəbəsindəki məktəb hərbi hissənin yanında yerləşirdi. Dərsdən gəlirdi, deyirdi ki, ana, mən hərbçi olacağam. Bu arzu onu hərbi liseyə apardı. 
Hərbi liseydən həftə sonları gəlirdi. Gəldiyi vaxtı bilirdim. Onu qarşılamaq üçün haralara qədər piyada gedirdim ki, Güloğlan gəlir. Onu sözlərimlə əzizləyə-əzizləyə evə gətirirdim ki, mayor balam, general balam gəldi. Oğlumla fəxr edirdim. Elə fəxr edirdim ki, onun hərbi lisey formasında evimizə gəlməyini özümə fəxarət bilirdim. Deyirdi, ana, gözlə mayor, general olacağam. Arzuları gözündə, ürəyində qaldı. 
Akademiyanı bitirdikdən sonra işində sürətlə yüksəldi. Leytenant idi. Amma onu bölük komandiri təyin etdilər. İşləri də çox yaxşı idi. Yeni vəzifə aldıqca daha çox sevinirdi. Komandiri ona demişdi ki, yeni vəzifə səni gözləyir. Yeni kursa yazılacaqsan. Lakin əcəl macal vermədi. 
Elə sonuncu danışığımız da o oldu. Dedi ki, yeni vəzifə verəcəklər. Müharibə başladı. Nə qədər zəng vurduq, Güloğlana zəng çatmadı. İşdə idim. Hərbi hissədə işləyirdim. Hərbi hissənin rəisi gəlib dedi ki, 12 nəfər şəhidimiz var. Demə, həmin şəhidlərdən biri də mənim Güloğlanım imiş. 
Sentyabrın 26-sı axşam atasına zəng vurur. Deyir ki, biz qabağa gedirik. Hər an hər şey ola bilər. Olar ki, mənimlə əlaqə saxlaya bilməyəsiniz. Biz çıxırıq. Hələ ki, sakitlikdir, narahat olmayın. On günə, bir həftəyə sizinlə əlaqə saxlayacağam... 

Nəşr edilib : 15.04.2024 14:16