AZ EN RU

Mayası qorxmazlıq, cəsurluq, mübarizliklə yoğrulan xalqımıza qəhrəmanlıq, qələbə əzmi yaraşır

    Tarixboyu dünyaya sərgilədiyi humanizimlə, ədalətlə özünə sədaqətli dostlar qazanan Azərbaycan xalqının müttəfiqləri olduğu qədər, düşmənlərinin, onunla mübarizə aparan bədxahlarının sayı da az olmamışdır. Hələ min illər bundan əvvəl sərvətləri çapılıb-talanan, ərazi bütövlüyü kobudcasına pozulan, insanları hər cür zülm və əzab-əziyyətlərə tab gətirən Vətənimiz, təbii ki, bu düşmənləri özü qazanmayıb. Daim hərb meydanında dünyaya ədalət dərsi göstərməsinə, süfrəsində dilindən, dinindən, irqindən asılı olmayaraq, hər bir kəsə yer verməsinə baxmayaraq, səmimiyyətindən sui-istifadə edənlər, sözünə, dostluğuna xilaf çıxanlar da olub. Çox təəssüflər ki, bu xainlik və cılızlığın böyük bir qismini Vətənimiz qonşularından görüb. Gözləri daim özgələrinin torpağında olan, insanlara qarşı bəşəriyyətin görmədiyi qırğınları törədib sözdə özünə etnik dayaq yaradan bədnam qonşulardan…
    Ötən əsrin qanlı-qadalı dövrləri bir çoxlarının yaddaşında silinməz izlər buraxıb. Kimisi bu illəri real şəkildə yaşayıb, kimisi də tarixin səhifələrində qanla yazılmış sətirləri oxumaqla hiss edib həmin dəhşətləri. Necə deyərlər, ruhuyla, canıyla hiss edib. Sözsüz ki, o illərin üzərindən çox vaxt keçib, təkrardan həmin tarixə qayıtmağa lüzum yoxdur, amma bu gün əldə etdiyimiz uğurlara baxanda mütləq ötənləri, keçənləri yad etməyin nə eyibi var. Təki qalibiyyət pəncərəsindən boylanaq keçmişə…
    Müstəqilliyimizin bərpasından sonra ölkəmizin hər bir sahəsində baş verən inkişaf və yenilənmə ordu quruculuğu siyasətindən də yan keçmədi, qısa müddət ərzində nizami, nümunəvi, hər bir döyüş sursatı ilə təmin olunmuş Azərbaycan Ordusu formalaşdı. “Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!” – deyən dahi rəhbər Heydər Əliyev bu fikirləri ilə Vətənimizin müdafiəsinin, necə deyərlər, əmin əllərdə olduğunu da diqqətə çatdırmışdı. Hələ illər əvvəl deyilmiş bu qiymətli kəlam bu günümüz, sabahımız üçün də bir nümunədir. 
    Bu gün öz gücü ilə dünya hərb tarixində bir imza qoymuş müzəffər Ordumuz sayəsində xalq olaraq qüdrətimizi bir daha bəşəriyyətə göstərdik. Bütün dünyanın siyasi güclərinə Azərbaycan əsgərinin nələrə qadir olduğunu sübut etdik. Ordumuzun hazırkı səviyyəsi Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən ordu quruculuğu siyasətinin tamamilə doğru olduğunu, böyük amallara hesablandığını bir daha sübut edir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasət isə indi ordumuzun yalnız bölgədə deyil, bütünlükdə dünyanın ən müasir orduları sırasında yer tutmasına imkan verir. 
    Xalqımız şübhə etmir ki, məqamı yetişən anda ordumuz 2016-cı ilin aprelində, 2018-ci ilin mayında, 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsi zamanı əldə olunan uğurlarda olduğu kimi, bundan sonra da düşmənlə üz-üzə, mərd-mərdanə döyüşlərdə daim qalib ordu adını qazanacaqdır. 2023-cü ilin sentyabrında baş verən, 24 saatdan belə az davam edən, həmçinin dilimizdə “Gün var əsrə bərabər” həqiqətini bir daha şüara çevirən antiterror əməliyyatı Vətənimizin igid oğullarının, cəsur döyüşçülərinin qazandıqları zəfərin nişanəsi, Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunmasının bariz nümunəsidir. Qəlb yanğısı və qürur hissi ilə deyirik ki, bu qalibiyyət neçə-neçə Vətənini sevən, torpağına, yurduna candan-könüldən bağlı olan oğulların qanı, canı bahasına alınıb. Xalqımız qürurlu, məğrur, şəhidləri üçün hüznlü olduğu qədər, həm də fəxarətlidir. Çünki vuran qolu Şah İsmayıldan ruhlanan, Cahan şahdan ilhamlanan şanlı tariximiz bizlərə öyrətdi ki, əgər xalqın yaşadığı torpaq uğrunda şəhidi yoxdursa, həmin torpaq daim işğal təhlükəsi ilə, işğalçılarla üz-üzə, göz-gözə dayanacaq, düşmən qapıda hər zaman hazır gözləyəcək.  
     Doğulduğumuz ana torpağı, bu diyarın bizə bəxş etdiyi gözəllikləri qorumaq ən müqəddəs borcumuzdur. Bu günün kimliyindən asılı olmayaraq, azad, müstəqil ölkənin vətəndaşı olmaq hüququnu əldə etməyimiz, tarixboyu canını bu torpağa qurban verən cəsur Vətən oğullarının nəticəsindədir. Həmin qəhrəman oğullar ki Vətən sözü gələndə ölmək üçün deyil, yenidən doğulmaq, yenidən tarix yazmaq üçün məğrur dayandılar. Səngərlərdə üçrəngli bayrağı özünə dost, yastığı Vətən daşı bildilər. Mayası mətinlik, mübarizlik, qəhrəmanlıq olan xalqımıza da belə ordu yaraşar!!! 
    Azərbaycan Ordusunun Vətənə məhəbbət hissi hər bir əsgərinin, zabitinin canına-qanına hopmuş, yaşam amalı yanlız yurdunun, torpağının mənafeyinə çevrilmişdir. Əsl vətənpərvər ordu, xalq da məhz elə budur. Bu torpaq, bu yurd, əcdadlarımızın isti nəfəsinin hopduğu bu el-oba millətinin, yurdunun rifahını düşünən, daim hazırda dayanan, qəlbində Vətən, ağlında azad Azərbaycan şüarı ilə irəliləyənlərindir. Hər birimiz yaxşı bilir və dərk edirik ki, bugünkü müstəqillik xalqın azadlıq arzusu hesabına əldə olunub, bu bizim tarixi nailiyyətimizdir. Biz bir dəmir yumruq olmuşuq, qaranlıq gecəni deyil, aydın sabahları düşünərək bu yolda inamla addımlamışıq. Yurd sevgimiz də bizi tək buraxmayıb, daim ürəyimizdə alovlanıb, coşub. Ona görə də deyilir ki, “Vətənpərvərlik böyük bir məfhumdur”. Biz bu vətənsevər ordumuzun nəticəsində qalib ölkə adını daşıyırıq. Qüdrətli ölkənin qalib ordusu qürurumuz, iftixarımızdır. Azərbaycan xalqı daim sizinlədir. Qələbə əzmin tükənməsin, Azərbaycan əsgəri! 

 Sürəyya QƏDİMƏLİYEVA

Nəşr edilib : 26.09.2023 20:15