AZ EN RU

Martın 5-də və 6-da respublikanın 30 şəhər və rayonunda buraxılış imtahanları keçiriləcək

Dövlət İmtahan Mərkəzi martın 5-6-da tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirəcək.

Mərkəzdən bildirilib ki, imtahanlar respublikanın 30 şəhər və rayonunda təşkil olunacaq.

İmtahanlar saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.

Şagirdlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:

-İmtahana buraxılış vərəqəsi;

-Sağlamlıq haqqında bəyannamə (şagird müvafiq bəyannaməni buraxılış vərəqəsi ilə birlikdə çap edir və imzalayır. İmtahana buraxılış vərəqəsi şagirdin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır);

-Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Şagirdlər imtahana buraxılış vərəqəsini internet vasitəsilə DİM-in saytından fevralın 24-dən etibarən çap edib götürə bilirlər.

Nəşr edilib : 03.03.2022 10:28