AZ EN RU

Martın 10-u Qızıl Aypara Günüdür

Dünyada humanitar və xeyriyyəçilik sahəsində fəaliyyət göstərən müxtəlif təşkilatlar arasında geniş şəbəkəyə və zəngin tarixə malik Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının xüsusi yeri var. Onun yaradılması ideyası hərəkatın qurucusu isveçrəli tacir, sülh üzrə Nobel mükafatçısı Anri Dünana məxsusdur.

Ölkəmizin həmin beynəlxalq hərəkata qoşulması 1920-ci ildən başlayıb. Həmin il martın 10-da Azərbaycan Xalq Cümhuriyyətinin müdafiə naziri əvəzi, general-leytenant Əliağa Şıxlinskinin təşəbbüsü və Fətəli Xan Xoyskinin rəhbərlik etdiyi hökumətin qərarı ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyəti üçün hökumət tərəfindən 483,490 rubl məbləğində maliyyə vəsaiti ayrılıb.

Bu tarixi günü əsas tutaraq Prezident İlham Əliyev 2008-ci il aprelin 7-də hər il martın 10-nun Qızıl Aypara Günü kimi qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

103 il şərəfli inkişaf yolu keçmiş, ən qocaman humanitar, qeyri-hökumət təşkilatı olan Azərbaycan Qızıl Aypara Cəmiyyəti hazırda öz ətrafında 350 mindən çox üzvü, 20 minə yaxın könüllünü birləşdirir. Təşkilatın 92 rayon, şəhər, sahə bölməsi və 8 regional mərkəzi fəaliyyət göstərir. Cəmiyyətin əsas məramı hərəkatın 7 fundamental prinsipini rəhbər tutaraq, müvafiq qanunvericilik çərçivəsində əhalinin aztəminatlı təbəqəsinə, münaqişə, təbii və texnogen fəlakətlər zamanı zərərçəkmişlərə təmənnasız ilkin tibbi-sosial, humanitar yardım və digər zəruri xidmətlərin göstərilməsindən ibarətdir.

Azərbaycan Qızıl Aypara Cəmiyyəti yarandığı gündən əhalinin aztəminatlı ailələrinə, müalicəyə və yardıma ehtiyacı olanlara, tənha qocalara, miqrantlara və həssas qrupdan olan digər insanlara humanitar missiyasını davam etdirir.

Hər il martın 10-u ölkəmizdə cəmiyyətin fəaliyyətə başlamasının ildönümü qeyd olunur və bir sıra tədbirlər həyata keçirilir.

Yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə dövründə də cəmiyyət humanitar missiyasını davam etdirib, ahıl və ehtiyacı olanlara humanitar yardımlar göstərilib. Əhali arasında maarifləndirmə işləri aparılıb, məlumatverici buklet və broşürlər paylanılıb. Mülki əhaliyə ərzaq, qeyri-ərzaq və sanitayzerlərin paylanılması işi də həyata keçirilib. Mövcud vəziyyətlə əlaqədar olaraq yaradılan operativ qərargah fasiləsiz fəaliyyət göstərib.

Ölkəmizin hərb tarixinə qızıl hərflərlə yazılan və xalqımızın möhtəşəm Zəfəri ilə başa çatan 44 günlük Vətən müharibəsi zamanı cəmiyyətin əməkdaşları və fövqəladə mobil könüllü dəstələrin könüllüləri cəbhəyanı ərazilərdəki yerlərdə mülki əhalinin təxliyə olunması, humanitar yardımların göstərilməsi və yaralıların xəstəxanalara çatdırılmasında yaxından iştirak ediblər. Bərdə rayonunda humanitar fəaliyyətini həyata keçirən cəmiyyətin könüllüsü Məhərrəm Mustafayev Ermənistan silahlı qüvvələrinin mülki əhalini hədəfə alan raket zərbələri nəticəsində həlak olub, iki könüllü yaralanıb.

Azərbaycan Qızıl Aypara Cəmiyyəti yaranandan bəri aztəminatlı ailələrə, müalicəyə və yardıma ehtiyacı olanlara, tənha qocalara, miqrantlara və s. həssas təbəqədən olanlara humanitar missiya çərçivəsində daim dəstək verir. Milli cəmiyyət özünün Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatından bəhrələnən xüsusi humanitar missiyalı mandatı ilə dövlətin bu sahədə ən fəal yardımçısıdır.

Nəşr edilib : 10.03.2023 15:23