AZ EN RU

Mart soyqırımı bəşəriyyətə qarşı ağır cinayətdir

    Tarixin müxtəlif vaxtlarında, eləcə də XIX-XX əsrlərdə xalqımızın başına bir sıra ağır faciələr gətirilib. Ermənilər öz məkrli siyasətlərini həyata keçirmək, tarixi ərazilərimizi işğal etmək və dövlətlərini qurmaq məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə və soyqırımı törədib, yüz minlərlə dinc azərbaycanlı öz ata-baba yurdundan didərgin salınıb. 
    XIX əsrin əvvəllərində imzalanmış Gülüstan və Türkmənçay müqavilələri ilə tarixi torpaqlarımızın bölünməsinin əsası qoyulub və qısa müddətdə ermənilər kütləvi surətdə torpaqlarımıza köçürülüb. Havadarlarının himayəsi altında Azərbaycanın ərazisində məskunlaşdırılan ermənilər “Erməni vilayəti” adlandırılan  inzibati bölgü yaradaraq azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətini həyata keçiriblər. 1905-1907-ci illərdə erməni təcavüzkarlarının azərbaycanlılara qarşı kütləvi qırğınları başlayıb, nəticədə, Bakı, Naxçıvan, Zəngəzur, İrəvan və digər tarixi torpaqlarda ermənilər tərəfindən minlərlə azərbaycanlı amansızcasına qətlə yetirilib. 1917-ci il oktyabr çevrilişindən sonra ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmaqla 1918-ci ilin martından “Əks-inqilabi ünsürlərlə mübarizə” şüarı altında Bakı şəhərini azərbaycanlılardan təmizləmək kimi mənfur planı həyata keçiriblər. Tarixi mənbələrə əsasən 1917-ci ilin dekabrından 1918-ci ilin martına qədər Andronikin rəhbərliyi altında erməni qoşun hissələrinin iştirakı ilə, ümumilikdə, 197 kənd dağıdılıb, sakinlərin bir qismi qətlə yetirilib, digər bir qismi isə öz doğma ev-eşiklərindən didərgin düşüb, əmlakları, evləri talan edilib. 1918-ci il 30 mart-3 aprel tarixlərdə Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı qanlı soyqırımı törədiblər. 1918-ci il martın 31-də Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda “Daşnaksutyun” partiyasının 4 minlik silahlı dəstəsi Bakı şəhərində azərbaycanlıların kütləvi qırğınında iştirak edib. Bu soyqırımı nəticəsində on minlərlə soydaşımız məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri, tarixi abidələr, məscid və qəbiristanlıqlar viran edilib. Həmin dəhşətli  günlərin şahidi olmuş Kulner soyadlı bir alman Bakı hadisələri barədə yazıb: “Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldü­rür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirlər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlının cəsədinin qulaqları və burunları kəsilmiş, qarınları yırtılmışdır. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər”. 1915-1921-ci illər arasında havadarlarının təşviqi ilə təşkilatlanan və silahlanan erməni ordusunun qətlə yetirdiyi insanların sayı 90 mini ötüb. Bu hadisələr zamanı naxçıvanlılar da mərdliklə döyüşərək Naxçıvanın erməni işğalına məruz qalmasına yol verməyiblər. Üçüncü Kalbalı xanın başçılığı ilə yaradılan süvari dəstələr qəhrəmanlıq göstərərək ermənilərə layiqli cavab verib. 
    Sonralar Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası tərəfindən mart hadisələrini araşdırmaq üçün 1918-ci il iyulun 15-də Fövqəladə İstintaq Komissiyası yaradılıb. Bu komissiyanın məlumatlarında deyilirdi ki, azərbaycanlılara qarşı soyqırımı keçirən erməni quldurları Şamaxıda 8 minədək dinc sakini öldür­müş, Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi əhalisi ilə birgə tamamilə məhv edilmiş,  Gümrü yaxınlığında, əsasən, qadınlardan, uşaqlardan və qocalardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq son nəfərinədək qətlə yetirilmiş, erməni silahlı dəstələri Naxçıvan qəzasının bir neçə kəndini yandırmış, Zəngəzur qəzasında 115 azərbaycanlı kəndi məhv edilmiş, 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüşdür. Bütövlükdə, Zəngəzur qəzası üzrə 10068 azərbaycanlı öldürül­müş və ya şikəst edilmiş, 50000 azərbaycanlı isə qaçqın düşmüşdür. İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı qətlə yetirilmiş, kəndlər isə yerləyeksan edilmişdir. Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş etmiş, 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kəndi dağıtmış və əhalisini məhv etmişdir... 
    Şuranın qərarına əsasən 1919-cu və 1920-ci illərdə martın 31-i “Ümummilli Matəm Günü” kimi qeyd edilib. Lakin Xalq Cümhuriyyətinin süqutundan sonra baş verənlərin araşdırılması dayandırılıb, hadisələrə siyasi-hüquqi qiymət verilməyib. 
    Yalnız müstəqillik dövründə tariximizin uzun illər gizli saxlanılan, saxtalaşdırılan və təhrif edilən dövr və hadisələrinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilib. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə qazanılan nailiyyətlərdən bir mühümü də artıq öz siyasi və hüquqi qiymətini almış Azərbaycanlıların Soyqırımı Günüdür. 1998-ci il martın 26-da Ulu Öndərin imzaladığı və böyük tarixi əhəmiyyət daşıyan “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla 1918-ci il martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” kimi qeyd edilir. Bundan sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülüb, faciənin araşdırılması və həqiqətlərin dünyaya yayılması işinə başlanılıb. Bu məqsədlə çoxlu əsərlər yazılıb və əcnəbi dillərə tərcümə olunub, bu sahədə aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanılıb. 2007-ci il aprelin 1-də aşkar olunan Qubadakı kütləvi məzarlıq bu soyqırımının göstəricilərindən biridir. 2009-cu ildə Nazirlər Kabinetinin Sərəncamı ilə “Quba rayonunda kütləvi qətl qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə dair Tədbirlər Planı” təsdiq edilib, aşkar olunmuş kütləvi məzarlığın yerləşdiyi ərazidə monumental xatirə kompleksi ucaldılıb. 2013-cü il sentyabrın 18-də Quba Soyqırımı Memorial Kompleksinin açılışı mərasimində çıxış edən Prezident cənab İlham Əliyev deyib: “Hesab edirəm ki, bu, böyük faciədir. Çünki uzun illər xalqımıza qarşı amansızlıqla vəhşilik törədən ünsürlər sovet tarixində qəhrəman kimi təqdim edilirdi, onların şərəfinə abidələr ucaldılırdı. Yalnız müstəqillik dövründə biz həqiqi ədaləti bərpa etdik. Gözəl şəhərimizi, Bakımızı o abidələrdən təmizlədik və bu gün o yerlərdə gözəl parklar, o cümlədən Sahil Parkı yaradılıbdır. Yəni tarix, ədalət zəfər çaldı. Biz bu gün öz tariximizə qayıdırıq. Tarixin bütün məqamlarını bilirik, bilməliyik. Gənc nəsil də bilməlidir ki, xalqımız keçmişdə hansı fəlakətlərlə üz-üzə qalmışdır”.
    Ölkə başçısının  “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 2018-ci il 18 yanvar tarixli Sərəncamı soyqırımı tarixini araşdırıb, öyrənmək baxımından mühüm əhəmiyyət kəsb edib. Sərəncamda deyilirdi: “Ötən 20 il ərzində aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanmış, Quba şəhərində kütləvi məzarlıq aşkar olunmuşdur. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut etmişdir”. 
    Ermənilərin xalqımıza qarşı soyqırımı siyasəti sonrakı dövrlərdə də fərqli formalarda həyata keçirilib. 1918-ci ildə Azərbaycanın mühüm mədəniyyət mərkəzlərindən biri olan İrəvan şəhərinin paytaxt kimi Ermənistana güzəştə gedilməsi, 1920-ci illərdə sovet hökuməti tərəfindən Zəngəzurun ermənilərə verilməsi, 1948-1953-cü illərdə yüz minlərlə azərbaycanlının indiki Ermənistan ərazisindəki əzəli torpaqlarından deportasiyası və digər bu kimi faktlar soyqırımı tarixinin faciəli səhifələridir. XX əsrin əvvəllərində çar Rusiyasının imperiya siyasətindən, 40-50-ci illərdə sovet rejimindən bəhrələnən erməni millətçiləri 80-ci illərin ortalarından başlayaraq yenidənqurma pərdəsi altında soyqırımı siyasətini daha da gücləndirib. Xalqımızın başına gətirilən qanlı faciələrə nə beynəlxalq ictimaiyyət, nə də ki ovaxtkı Azərbaycan Respublikasının rəhbərliyi vaxtında prinsipial qiymət vermiş, separatçı qüvvələr daha da qol-qanad açmışdır. 1988-ci ildən ortaya atılan qondarma Dağlıq Qarabağ münaqişəsi nəticəsində yüz minlərlə azərbaycanlı milli mənsubiyyətinə görə məhv edilərək öz tarixi torpaqlarından qovulub, 1990-cı ilin yanvarında xalqımıza qarşı vəhşi cinayətlər törədilib, 1992-ci ildə qanlı Qaradağlı, Xocalı soyqırımı baş verib. Nəticədə, bir milyondan artıq soydaşımız öz yurd-yuvasından didərgin salınaraq hər cür qeyri-insani məhrumiyyətlərə düçar edilib. Lakin bu faciələrə, çətinliklərə baxmayaraq, xalqımız böyük əzm və möhkəm iradə nümayiş etdirərək müstəqilliyini qoruyub saxlaya bilib.  
    31 mart – Azərbaycanlıların Soyqırımı günü münasibətilə Ümummilli Lider Heydər Əliyev 30 mart 1999-cu ildə Azərbaycan xalqına müraciətində demişdir: – “Qarşımızda duran əsas vəzifələrdən biri son əsrdə xalqımıza qarşı həyata keçirilən soyqırımı haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaq, onun ağır nəticələrinin aradan qaldırılmasına və bir daha belə halların təkrar olunmamasına çalışmaqdır. Bunun üçün isə yalnız möhkəm və yenilməz milli birlik nümayiş etdirməliyik. Xalqımıza qarşı törədilə biləcək hər cür xəyanətin və təcavüzün qarşısını hamımız üçün ali məqsəd olan müstəqil Azərbaycan dövləti uğrunda dönməz mübarizə əzmi və iradəsi ilə almaq olar”.
    Ölkə başçısının rəhbərliyi ilə günü-gündən daha da inkişaf edən geniş iqtisadi potensiala malik qüdrətli Azərbaycan dövləti, eləcə də onun güclü Ordusu, xalqımızın sarsılmaz birliyi, həmrəyliyi Ermənistan dövlətinin və erməni lobbisinin təcavüzkar siyasətini dəfələrlə iflasa uğradıb. 2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin Günnüt zəfəri, 2020-ci ildə İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu təcavüzkarlara layiqli dərs verib.  2020-ci il sentyabrın 27-də Ali Baş Komandan cənab İlham Əliyevin güclü siyasi iradəsi, ordumuzun rəşadəti və xalqımızın birliyi ilə 44 günlük müharibə şanlı Zəfərlə başa çatdı. Vətənin qeyrətli, qəhrəman övladlarının şücaəti Ermənistanı Azərbaycan qarşısında diz çökdürdü. Qədim və əzəli torpaqlarımız düşmən tapdağından azad edildi. Bu gün həmin torpaqlar yenidən dirçəldilir, genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir. Torpaqlarımız uğrunda canını fəda edən şəhidlərimizin əziz xatirəsini daim yaşadır, qazilərimizin cəsarətini  unutmuruq. 
    Vətən müharibəsində qazandığımız tarixi Qələbə xalqımıza qarşı törədilən soyqırımı siyasətinə ən tutarlı cavab idi. Lakin kapitulyasiya aktını imzalamaqla acı məğlubiyyətini etiraf edən Ermənistan ikitərəfli sülh prosesinə mane olur, təxribatçılıq siyasətindən əl çəkmir. Dəfələrlə tərəflər arasında baş tutan ikitərəfli, beynəlxalq səviyyədə görüşlərdən çıxan nəticədən isə aydın olur ki, Ermənistan sülh istəmir və ya sülh prosesinə uymayan təkliflər irəli sürmək və mütəmadi olaraq sərhəddə təxribatlar törətməklə hansısa məqsədlərini həyata keçirməkdə davam edir. Hər hansı erməni təxribatı rəşadətli Ordumuz tərəfindən layiqincə cavabını alır. 
    Fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda keçirilən plenar iclasda, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunda ölkəmiz Cənubi Qafqazda daim sülhün, sabitliyin, təhlükəsizliyin tərəfdarı olduğunu bir daha sübut etdi. Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən plenar iclasda Prezident cənab İlham Əliyev dedi: “Hesab edirəm ki, Azərbaycan və Ermənistan uzun müddət çəkmiş toqquşmadan uzaqlaşmanı nümayiş etdirməli, qarşılıqlı ədavət və düşmənçiliyə son qoymalıdırlar. Hazırda biz Ermənistan ilə Azərbaycan arasında sülh sazişi üzərində çalışırıq. Ümid edirik ki, biz bu işi gec yox, tezliklə tamamlayacağıq. Düşünürəm ki, bu, ciddi tarixi fikir ayrılığına malik olan ölkələrin bir araya gəlməsi və düşmənçilik səhifəsinin bağlanmasında yaxşı nümunə ola bilər”.
    Son vaxtlarda Ermənistan Azərbaycanın dövlət sərhədində insident törətməklə, Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə silah-sursat və şəxsi heyət daşımaqla sülh prosesinə mane olur, təhlükəsizliyi pozur. Ümid edirik ki, Ermənistan tərəfi keçmiş səhvləri təkrarlamaqdan çəkinəcək, düşmənçilik səhifəsini birdəfəlik bağlamaq üçün addımlar atacaq. Əks halda dövlət başçısının da xatırlatdığı kimi “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın”.

Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 30.03.2023 19:22