AZ EN RU

Manat yeganə ödəniş vasitəsidir...

    Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsində – ölkə ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan edilir. Konstitusiyanın bu norması imperativ xarakter daşıdığı üçün bu əməlin konkret olaraq şəraitindən, yerindən, valyutanın növündən, və sair  səbəblərdən asılı olmadan törədilməsini qəti şəkildə qadağan edir. 
    Bütün dünya ölkələri öz dövlətlərində milli valyutadan başqa digər valyuta növlərinin ödəniş vasitəsi kimi qəbul edilməsini ya məhdudlaşdırır, ya da qadağan edir. Bunun səbəbləri müxtəlif ola bilər. İstər iqtisadi, istərsə də hüquqi faktorlar qadağanedici bir normanın zəruriliyini şərtləndirir. Təkcə XXI əsrdə yox, hətta qədim zamanlarda belə mövcud olmuş dövlətlər digər dövlətlərin  sikkələrindən (metal pullar) istifadənin qarşısını almağa çalışırdılar. İqtisadi və hüquqi faktorlara söykənən bu tarixi ənənə bu gün müasir hüquq sistemlərində norma şəklində özünə yer tutmaqdadır.  Bəli, dünyada milli valyuta ilə yanaşı, başqa valyuta növlərindən istifadə edən dövlətlərə də rast gəlinir. Bu hal, əsasən, milli valyutanın dəyəri aşağı olan və ya konfederativ dövlətlərdə müşahidə olunur. 
    Konstitusiyamızda təsbit edilən bu normanın tələbinin pozulmasının hüquqi nəticələrinin yaranması məsələsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində öz əksini tapır. Məcəllənin 430-cu maddəsinə əsasən digər valyuta növlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi halında inzibati xətanın bilavasitə obyekti olmuş valyuta məbləğinin qırx faizindən səksən faizinədək miqdarda cərimə  edilməsi nəzərdə tutulmuşdur. Yəni bir vətəndaş kimliyindən və səbəbindən asılı olmayaraq, kimdənsə xarici valyutanı ödəniş kimi qəbul etsə, qəbul edilən pulun nominal dəyərinin ən az qırx, ən çox səksən faizi miqdarında cərimə şəklində alınmasını nəzərdə tutur. Alınan məbləğ yüz dollar olarsa, işin hallarından, əməli törədənin şəxsiyyətindən və sair səbəblərdən asılı olaraq cərimə qırx dollar ilə səksən dollar arası təşkil edəcəkdir. Aidiyyəti qurumların cəriməsindən yayınaraq bu əməli edə bilərsiniz, lakin qəbul etdiyiniz xarici valyutadakı əskinasların orijinallığına kim zəmanət verə bilər? Əlbəttə ki, heç kəs...
    Müasir dünyada texnoloji vasitələrdən istifadə olunmaqla valyutaların imitasiyasını yüksək peşəkarlıqla orijinalından fərqləndirilməsi mümkün olmayan bir şəkildə hazırlamaq mümkündür. Xüsusilə də beynəlxalq valyuta rolunu oynayan dolların “peşəkar mütəxəssislər” tərəfindən orijinalından çətinliklə ayırd edilə bilən saxta versiyaları sizi asanlıqla aldada bilər. Bu halda pozulmuş hüquqlarınızı müdafiə etməkdə aciz qala bilərsiz... 
    Xüsusilə diqqət etməli olduğumuz məqam isə qəbul edilən xarici valyutanın saxta olması halında bu əskinasların pul dövriyyəsinə qoşulduğu təqdirdə aşkarlanmasının çətin olmasıdır. Digər tərəfdən, siz saxta əskinası qəbul edərək dövriyyədə digər şəxslərə ötürürsünüz və nəticədə, həmin əskinas nə vaxtsa başqa bir şəxsdə aşkarlandıqda sizin qanunazidd əməliniz nəticəsində maddi ziyan üçüncü şəxslərə (digər şəxslərə) dəymiş olur. 
    Çalışmalıyıq, bu məsələ ilə lisenziya almış peşəkar qurumlar məşğul olsunlar. Sizə xarici valyutanın mübadiləsi, ödəniş vasitəsi kimi qəbul edilməsi təklif olunduqda yaxşı olar ki,  həmin şəxsləri valyuta dəyişmə şöbələrinə və ya banklara yönləndirəsiniz. Bunun sayəsində dövlətin valyuta ehtiyatları üzərindəki nəzarətinə lazımi diqqət göstərmiş olacaqsınız. Beləliklə, xarici valyutanı manatın əvəzinə ödəniş vasitəsi kimi qəbul etməməklə və ya mübadiləsini həyata keçirməməklə iqtisadiyyatımızı və dövlətin pul siyasətini dəstəkləməklə, üçüncü şəxslərin hüquqlarını qorumuş olacağıq.

Nahid Əliyev 
Azərbaycan Respublikası Mərkəzi Bankı Naxçıvan Muxtar Respublika İdarəsinin hüquqşünası

Nəşr edilib : 14.07.2022 20:32