AZ EN RU

Malik Rzayev: “Naxçıvanda GİS sisteminin yaradılması və müasirtipli hidropostların quraşdırılması nəzərdə tutulur”

Ölkəmizin hər yerində olduğu kimi, Naxçıvanda da meliorasiya, irriqasiya və su təsərrüfatı sahəsində həm struktur, həm də işə yanaşma mexanizmi cəhətdən ötən dövrdə bir sıra islahatlar aparılıb, keyfiyyət dəyişikliklərinə nail olunub. Əkin sahələrinin suya tələbatının ödənilməsi üçün meliorativ tədbirlərin vaxtlı-vaxtında icrası, səmərəli suvarma metodlarından istifadənin təmini istiqamətində yeni texnologiyaların tətbiqi də diqqətdə saxlanılıb. Bu baxımdan ölkə Prezidentinin müvafiq Sərəncamına əsasən qəbul olunan “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda da bu sahədə görülməsi vacib prioritetlər qarşıya qoyulub. Ötən günlərdə, daha dəqiq desək mayın 20-də bu sahədə təkmilləşdirmə prosesinin növbəti mərhələsinin əsası qoyuldu. Belə ki, həmin gün Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyi yaradıldı. Həm Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası, həm də yeni yaradılan agentliyin fəaliyyət istiqamətləri ilə bağlı suallarımızı Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin sədri vəzifələrinin müvəqqəti icraçısı,  sədr müavini Malik Rzayev  cavablandırdı.

Xoş gördük Malik müəllim. Əvvəlcə 5 iyun Meliorasiya və Su Təsərrüfatı işçilərinin peşə bayramı münasibətilə sizi və kollektivinizi təbrik edir, işlərinizdə uğurlar arzulayırıq. Yəqin razılaşarsız ki, sahəsindən, fəaliyyət istiqamətindən asılı olmayaraq hər kəsə görə işini məsuliyyətlə yerinə yetirmək onun üçün ən gözəl bayram hədiyyəsidir. Bu mənada meliorasiya və su təsərrüfatı işçiləri builki bayramı hansı uğurlarla qeyd edir?

-Xoş gördük, təbrikə görə təşəkkürümü bildirirəm. Əminliklə deyə bilərəm ki, meliorasiya və su təsərrüfatı sahəsinin kollektivi əvvəlki illərdə olduğu kimi, bu il də içməli və suvarma suyu sahəsində kifayət qədər işlər görüb. Belə ki, 2024-cü ilin 5 ayı ərzində agentliyin balansında olan hidrotexniki qurğularda cari və əsaslı təmir işləri aparılıb, arxlar və kanallar lildən təmizlənib. Cari ilin ən sevindirici hallarından biri yağıntıların normal olmasıdır ki, bu da  sututarlarında su ehtiyatının toplanmasına səbəb olub, subartezian quyularını, kəhrizləri və bulaqları  qidalandırıb. Bir faktı da xüsusilə qeyd etmək istəyirəm ki, Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin balansında olan nasos stansiyaları və subartezian quyularında işləyən aqreqatların 2024-cü ilin 5 ayı ərzində istifadə etdiyi elektrik enerjisinin miqdarına görə 3.914.149,82 manat vəsait ödənilib. Ötən ilin müvafiq dövründə isə bu məbləğ 4.819.726,90 manat təşkil edirdi. Beləliklə, bu rəqəmlər bizə onu deməyə imkan verir ki, cari ildə iş prinsinin doğru qurulması ilə ötən ilə nisbətən nasos stansiyaları və subartezian quyularında işləyən aqreqatların elektrik enerjisində 905.577,08 manat qənaət edilib. 2024-cü ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramının meliorasiya və su təsərrüfatına aid bölməsində içməli və suvarma su təchizatı sisteminin müasirləşdirilməsi  üçün icrası vacib layihələr nəzərdə tutulub. Daha bir uğurumuz isə  Naxçıvan Naxçıvan Muxtar Respublikasının şəhər və kəndlərinin içməli suya olan təlabatının böyük bir hissəsini qarşılaya biləcək Şərur rayonu ərazisindəki yeraltı su ehtiyatlarının tədqiq olunması və pasportlaşdırılması üçün  agentliklə “Qalf Driling Saplay Company” arasında razılaşma memorandumunun imzalanmasıdır. Bu razılaşmaya əsasən bütün tədbirlər təmənnasız olaraq həyata keçirilir və artıq sahə işləri yekunlaşıb.

Bildiyimiz kimi, ötən il ölkə Prezidentinin imzaladığı müvafiq Sərəncama əsasən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” qəbul olundu. Ardınca isə proqramın “2023–2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı” təsdiq edildi. Ötən dövrdə həmin plana uyğun hansı işlər görülüb?

– “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın 2023–2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı” çərçivəsində Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən bir sıra işlər görülüb. Tədbirlər planında qeyd olunan layihələr üzrə ümumilikdə, 6 tender müsabiqəsi uğurla yekunlaşaraq təchizatçı şirkətlərlə müqavilə imzalanıb. Onlardan 5-i layihə-smeta sənədlərinin hazırlanması, digəri isə texnika parkının yenilənməsi olub ki, bunlarla bağlı müvafiq işlər görülüb. Əlincəçaydan su götürən və Culfa rayonunun ərazisindəki Bənəniyar su anbarını qidalandıran kanalın və Arpaçay sağ sahil və sol sahil magistral kanallarının yenidən qurulması üzrə layihə-smeta sənədləri layihəçi şirkətlər tərəfindən hazırlanaraq ekspertizadan keçirilməsi üzrə FHN-nə təqdim olunub. Yaxın vaxtda müsbət rəyin alınması gözlənilir. Babək rayonunun Nehrəm qəsəbəsinin torpaq sahələrinin su təminatını yaxşılaşdırmaq üçün “Araz-1” və “Araz-2” 2 pilləli nasos stansiyasının və boru xəttinin yenidən qurulması ilə bağlılayihə-smeta sənədlərinin hazırlanması üzrə işlər yekunlaşıb və aidiyyəti üzrə ekspertizadan müsbət rəy alınaraq təsdiq olunub. Həmin layihənin tikintisi üzrə iyunun 4-də tender müsabiqəsi elan olunub. Kəngərli rayonunun 3500 ha torpaq sahəsini suvarma suyu ilə təmin etmək üçün Araz çayından qidalanan nasos stansiyalarının və təzyiqli boru xəttinin, Araz su anbarından Heydər Əliyev su anbarına suyun verilməsi məqsədilə yeni nasos stansiyasının və boru xəttinin tikintisini nəzərdə tutan layihə-smeta sənədləri yekunlaşmaq üzrədir. Meliorasiya və irriqasiya sahəsində xidmətin təkmilləşdirilməsi məqsədilə təchizatçı şirkət tərəfindən 4 avadanlıq, 21 texnika və avtomobil gətirilərək nəqliyyat-texnika parkı yenilənib.

Görülən işlər çərçivəsində Babək rayonunun Çeşməbasar və Güznüt kəndlərinin ərazisində ümumilikdə 240 ha torpaq sahəsinin su təminatını və meliorativ vəziyyətini yaxşılaşdırmaq üçün qapalı suvarma və drenaj şəbəkəsinin tikintisi, eyni zamanda, Gilançaydan Culfa və Babək rayonlarının ərazisində ümumilikdə 1600 ha torpaq sahəsinə suvarma suyunun çatdırılması  və Sədərək rayonunun Sədərək, Qarağac kəndlərinin və Heydərabad qəsəbəsinin su təchizatı və kanalizasiya sistemləriüzrə tender elan edilib və qalib şirkət tender komissiyası tərəfindən müəyyənləşərək, yekun protokolun təsdiq olunması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə göndərilib. Müvafiq rəyin alınması gözlənilir. Eyni zamanda Qaraçuq magistral kanalının yenidən qurulmasının  layihələndirilməsi və texniki-iqtisadi əsaslandırma sənədinin hazırlanması üzrə tender müsabiqəsi elan edilib və cari il iyunun 22-də müsabiqə yekunlaşacaq.

Dövlət proqramına salınan layihələrin cari ilin sonuna qədər müvafiq qaydada icra olunması prioritet istiqamət kimi hədəflənib. Bu layihələrin icrası muxtar respublikada su təminatının yüksəldilməsinə, su itkisinin qarşısının alınmasına, meliorasiya və su təsərrüfatı obyektlərinin elektron məlumat bazasının yaradılmasına və içməli su təchizatı sistemləri üzrə coğrafi informasiya sisteminin qurulmasına öz töhfəsini verəcək.

Məlumdur ki, cari il mayın 20-də Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin yaradılması və fəaliyyətinin təşkili barədə Fərman imzalandı. Fərmandan irəli gələn vəzifələrin icrası istiqamətində görüləcək işlər barədə ilkin məlumat verməyinizi istərdik.

 – Ölkəmizdə, o cümlədən onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda Dövlət Su Ehtiyatları Agentliyinin yaradılması ölkə rəhbərinin meliorasiya və su təsərrüatı sahəsinə xüsusi önəm verməsidir. Bununla da dövlətin vahid su siyasətinin həyata keçirilməsi və inkişaf etdirilməsi istiqamətində agentlik qarşısında tələb qoyulub. Agentliyin əsas prioritet istiqamətləri və hədəfləri  əhalinin ümumdünya səhiyyə normalarına uyğun  içməli su təlabatının ödənilməsini və kənd təsərrüfatı təyinatlı torpaqları suvarma suyu ilə təmin etməkdir. Bu sahədə artıq layihələndirmə işləri həyata keçirilir. Bu işlərin icrası üçün agentlik struktur dəyişiklikləri aparır, öz fəaliyyətini yenidən formalaşdırır.

Yaradılan yeni agentliyin fəaliyyət istiqaməti olaraq meliorasiya və irriqasiya sahəsində hansı dəyişikliklərə yol açacağı gözlənilir?

 – Yaradılan yeni agentliyin məqsədləri sırasında  su təsərrüfatı sisteminin əsas hissəsi olan meliorasiya və irriqasiya sahəsində ciddi dəyişikliklər etmək üçün inkişaf etmiş dünya dövlətlərinin təcrübəsində istifadə olunan müasir metodları tətbiq etməkdir. Bununla bağlı tədbirlər planında bir neçə layihə nəzərdə tutulub. Bunlara torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması üçün qapalı drenaj sistemlərinin qurulması, hidrotexniki qurğuların işlərinin optimallaşdırılması üçün GİS sisteminin yaradılması və müasir tipli hidropostların quraşdırılması aiddir.

Naxçıvanda 2024-cü il başlayandan bəri havaların qismən yağıntılı keçməsi suvarma suyuna tələbatın ödənilməsi baxımından əlavə imkanlar açıb. Əsas su anbarlarında, göllərdə ehtiyatı necə qiymətləndirirsiz, əvvəlki illərdən olduğu kimi, bu il də qarşıdan gələn isti yay günlərində əkin sahələrinin suvarılmasında hansısa çətinliklər olacaqmı?

– Bəli, 2024-cü il yağıntılı il kimi qeydə alınıb. Bu da əkin sahələrinin suvarılmasına ciddi köməklik göstərib. Aprel, may və iyun ayları suvarmada ən çox su tələb olunan aylardır. Çay su ehtiyatlarının çoxluğu, əkin sahələrinin suvarılmasına, eləcə də su anbarlarına su yığılmasına öz töhfəsini verib. Muxtar respublika ərazisində artıq birinci suvarma qurtarıb, ikinci suvarma da yekunlaşmaq üzrədir. Bu dövrdə suvarma üçün su anbarlarına toplanmış sulardan demək olar ki, istifadə olunmayıb. İlin əvvəlindən muxtar respublika üzrə su istifadəçilərinə 85,67 milyon kubmetr su verilib və bunun müqabilində 69 min 360 hektar sahə suvarılıb.  Muxtar respublikada ümumi layihə gücü 301,15 milyon kubmetr olan 30 ədəd su anbarı və sututarları mövcuddur. 4 iyun 2024-cü il tarixə su anbarlarında 287,29 milyon kubmetr su ehtiyatı vardır. Keçən ilin müvafiq dövründə  129,95 milyon kubmetr su ehtiyatı olub.  Ötən ilə nisbətən hazırda 157,34 milyon kubmetr çox su ehtiyatı vardır.  Əsas su anbarlarında və göllərdə olan su ehtiyatı bizə deməyə imkan verir ki, qarşıdakı aylarda da suvarma suyunda heç bir çətinlik olmayacaq. Lakin su istifadəçiləri də çalışmalıdır ki, su ehtiyatlarından səmərəli və qənaətli istifadə etsinlər. Çünki cari ildə su ehtiyatlarının çoxalmasının əsas səbəbi yağıntının çox olması idi. Növbəti illərdə də yağıntıların belə bol olmasının təəssüf ki, zəmanəti yoxdur. Ona görə də çalışmalıyıq ki, hazırkı vəziyyəti dəyərləndirək və növbəti suvarma mövsümündə sudan səmərəli və qənaətli istifadə edək. 

Əvvəlki sualımızın davamı kimi, deməliyik ki, artıq bir neçə aydır Naxçıvan Muxtar Respublikası Prokurorluğunun təşkilatçılığı ilə Dövlət Su Ehtiyatları Agentliyi, rayon  yerli icra nümayəndələri, bələdiyyələrin və bu sahəyə məsul şəxslərin iştirakı ilə sudan səmərəli və qanuni istifadəyə dair tədbirlər keçirilir. Bu layihənin məqsəd və əhəmiyyəti barədə fikirlərinizi öyrənmək istərdik.

-Ümumiyyətlə sudan səmərəli, qənaətlə və qanuni istifadə hər bir vətəndaşın borcudur. Bu sahədə davamlı maarifləndirmə tədbirləri, görüşlər keçirilir, sosial şəbəkələrdə məlumatlandırıcı paylaşımlar edilir. Bildiyiniz kimi, may ayı ərzində Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyi Naxçıvan Muxtar Respublikası Prokurorluğu ilə birlikdə muxtar respublikanın rayon icra hakimiyyətlərində yerli icra nümayəndələrinin, bələdiyyələrin və bu sahəyə məsul şəxslərin iştirakı ilə “Sudan səmərəli və qanuni istifadə” mövzusunda müvafiq maarifləndirmə tədbirləri keçirildi. Tədbirlərdə hər iki qurum öz sahəsi üzrə müvafiq məlumatları iştirakçılarla bölüşdü. Layihənin əsas məqsədi odur ki, istifadəçilər onlara verilən sudan səmərəli və qanuni istifadə etsinlər. Bu sahədə üzərlərinə düşən vəzifə və öhdəlikləri yerinə yetirsin, qeyri-qanuni yollara, hüquq pozuntularına yol verməsin, baş verə biləcək hər hansı bir qanun pozuntusunda məsuliyyət daşıyacaqlarını bilsinlər. Tədbir müddətində həm də vətəndaşların, təsərrüfat sahiblərinin fikirləri, təklifləri, şikayətləri dinlənildi. Yaranan bütün çətinliklərin ən qısa zamanda aradan qaldırılması üçün yerindəcə işlərə başlanıldı. Həmçinin tədbir iştirakçılarının  diqqəti qlobal su probleminə çəkildi, bu sahədə görüləcək işlərə diqqət yetirildi. Düşünürəm ki, bu cür maarifləndirici tədbirlər davamlı olacaq.

Sizə və kollektivinizə uğurlar arzulayır,suallarımızı ətraflı cavablandırdığınız üçün təşəkkür edirik!

Nail ƏSGƏROV

Nəşr edilib : 05.06.2024 10:23