AZ EN RU

Malayziya mediası Azərbaycanın Zəfər yolundan yazır

Malayziyanın ən nüfuzlu qəzet və internet xəbər portalı hesab olunan “Astro Awani” və “New Straits Times”da “Ədaləti gözləməmək, onu təmin etmək” sərlövhəli məqalə dərc olunub.

Ölkəmizin Malayziyadakı səfirliyinin müşaviri Elsevər Salmanovun müəllifi olduğu məqalədə Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin məqsədyönlü və rasional strategiyalara əsaslanan siyasətlə Azərbaycanı çox çətin vəziyyətdən Zəfərə necə apardıqları əsaslandırılaraq izah olunur. Müəllif Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini təkbaşına yox, onu cəsarətləndirənlərlə birlikdə pozduğunu, bütün ikili standartlara və haqsızlıqlara baxmayaraq Azərbaycanın səbirlə beynəlxalq hüquq və diplomatiya yolunda 30 ilə yaxın irəlilədiyini, Ümummilli Lider Heydər Əliyevin və daha sonra Prezident İlham Əliyevin düşünülmüş siyasətləri nəticəsində Azərbaycanın iqtisadi, hərbi və siyasi baxımdan regional gücə çevrilməsi və bunun da Zəfərlə nəticələnməsini əsaslı fikirlərlə oxucunun diqqətinə çatdırır.

Məqalədə xüsusi olaraq vurğulanır ki, Azərbaycan Respublikasının uzun illəri əhatə edəcək enerji, bərpaolunan enerji, beynəlxalq rabitə-nəqliyyat, müdafiə sənayesi və kənd təsərrüfatı strategiyaları yaradılmış və uğurla həyata keçirilir. Bu isə öz növbəsində olduqca faydalı insan potensialı və müasir ordu qurulmasına imkan yaratmışdır. Azərbaycanın işğalçı və manipulyasiya ustaları üzərindəki Zəfəri onun səbir və əzmlə uzun illər çalışmasının nəticəsidir.

Nəşr edilib : 09.11.2023 17:44