AZ EN RU

Mahiyyəti əsrarəngiz və ecazkar naxışlar səltənəti, NAXÇIVAN

Bura dünyanın məhvəri, Nuhun qədəm basdığı, hər küçəsi, hər tini tarix qoxan şəhərdir. Əsrlər boyunca keçilməz qala rolunu oynayan, təbii və memarlıq üslubu ilə gözoxşayan, bir çox fərqli mədəniyyətləri və ünsürləri birləşdirən məkandır. Bu şəhər daşlara hopub, kövrəkliyini qapı başında gizlədən naxışlar səltənətidir. Bu şəhər, şübhəsiz ki, Möminə xatına “qucaq”, Yusif  Küseyr oğluna “əbədi beşik”, Nəimiyə “hüruf”, Mirzə Cəlilə “məktəb”, Ordubadiyə “qələm”, Cavidə “ev” olan qədim türk diyarı Naxçıvandır. 
Mahiyyətin necə dərinməzmunlu, əzəmətin necə  əsrarəngiz və ecazkardır. Sən könülləri oxşadığın kimi ziyarətinə gələnlərə də məsudluq və məmnunluq bəxş edirsən. Görüşünə gələnlərin qəlbinə sirayət edir, gözlərində ucaldıqca ucalır, gözəlliyinlə hər kəsi heyran edirsən. Sən təkcə şəhər deyil, alimlərinin biliklərini əks etdirən qiymətli sənət əsəri, elmlə sənət arasında körpüsən.
İnsanın yaşadığı yerlə olan bu güclü bağı qırmaq, demək olar ki, mümkünsüzdür. İlk dəfə dünyaya göz açdığımız ev, evin yerləşdiyi küçə, şəhər həmişə xəyallarımızda kiçik bir xatirədən asılaraq təsəvvürümüzdə qalıcı izlər buraxır. Şəxsiyyətimizin, xarakterimizin formalaşmasında aldığımız tərbiyə və təhsil qədər udduğumuz hava, qədəm basdığımız torpağın da dəyəri əvəzsizdir. 
Naxçıvan! Bir dost, bir sevgili olduğunu hiss etdiyimiz, hər şeyin insanlarla gözəlləşəcəyini düşünüb insanları ilə sevilən şəhərdir. Bu məğlubedilməz qədim şəhərə ayna tutub, əzəmətini gələcək nəsillərin yaddaşına, qəlbinə və ruhuna əbədi köçürmək hər bir qələm əhlinin arzusudur. Sanki rəssam bahar fırçasını göy qurşağına batırıb, bu torpağın hər dağına, hər daşına sarı bülbüllər, qırmızı güllər çəkərək lalənin yanağına şəbnəm qondurub. Bu şəhərdə arılar ləçək üstə bal şehinə bənzəyir. Bura türkün diyarıdır.
Cənab Prezident demişkən: “Bizim qarşımızda üfüqlər açıqdır. Necə ki Naxçıvanın səması həmişə açıq-aydın olur, – burada heç vaxt nə tüstü, nə buludlar olur, Naxçıvanın səması həmişə çox təbii rəngdə, çox açıq olur, – eləcə də Azərbaycanın gələcəyi açıqdır, aydındır və biz bu gələcəyə doğru gedirik”.
Bir çox peyğəmbərin məskəninin Naxçıvan olduğunu deyən professor Marti Martincito Fillips “Allah yurdu Naxçıvan” məqaləsində qeyd edirdi ki, Böyük İpək Yolunun məhz Naxçıvandan keçməsi, Ordubadda ipəkçilik ənənəsinin formalaşması tarixin yaddaş salnaməsinə çevrilmiş, heç kimin və heç nəyin real tarixi gerçəkliyi inkar edə bilməyəcəyi bir məntiqi həqiqəti üzə çıxarıb. Yer kürəsinin bu balaca məkanını özünə vətən seçən Nuh Peyğəmbər bu seçimin Allah əmri olduğunu bildirmişdir. Bu torpağın hər qarışı, hər daşı Nuh əlamətlərini bu gün də qoruyub saxlayır. Çünki bu gerçəklik buranın qədim tarixində, dağlarında, gündəlik yaşam tərzində özünü dönə-dönə isbat edir. Başqa cür olsa idi, Nuh Peyğəmbər dünya mədəniyyətinə və dünyanın tarixinə Nuh möhürünü Naxçıvanda vurmazdı. Hər fəsil dəyişdikcə, duman gəldikcə, külək əsdikcə Naxçıvan daha da yeniləşir, həyat simfoniyasının çalarlılığı olan Haçadağla həzin yuxuya gedərək Gəmiqaya ilə şaxə qalxır. Nəhəcirlə zaman süzgəcindən keçərək Arpaçayla axıb Arazın göz yaşlarını yuyur. Bu şəhərə uzaqdan baxanda Allah tərəfindən çəkilən təbiət mənzərəsi hesab etdiyimiz dağlar bizə istehkamı xatırladır. Bu istehkamların qoynunda tarixin ən sirli-sehirli möcüzəsi olan Əshabi-kəhf  kök salıb. Burada kəsilən qurbanlar Tanrıya sevgi, yaşadıqları torpağa əbədi məhəbbət və müqəddəslik rəmzi kimi başa düşülür. Dünyanın yaranışından, demək olar ki, Naxçıvanda təbii dağıdıcı hadisələrin olmaması da bu şəhərin əsrarəngiz sehrindən xəbər verir. Buna görə də Naxçıvan tarixi dünya tarixinin müqəddəslik və paklıq rəmzidir ki, Naxçıvanı Allah qoruyur. XVII əsrdə yaşamış Məhəmməd Mufid Mustafi Naxçıvandakı kəhrizlərdən bəhs edərək deyirdi ki, bu sular aydınlıqdır, safdır, müqəddəsdir. 
Bu torpaq Möminə xatın kimi abidənin müəllifi Əcəmi Əbubəkr oğlu Naxçıvaninin, Anadoluda Mövlanaya həkimlik edən Əkmələddin Naxçıvaninin, görkəmli filosof Baba Nemətullah Naxçıvaninin,  Naxçıvanda ilk məktəb açan Məhəmməd Tağı Sidqinin, dünyaca məşhur kimyaçı alim Yusif Məmmədəliyevin vətənidir. Bu torpaq “Molla Nəsrəddin”in yaradıcısı məşhur yazıçı Cəlil Məmmədquluzadənin, “Mənim Tanrım gözəllikdir, sevgidir”, – deyən dahi dramaturq Hüseyn Cavidin, tənqidçi alim Əziz Şərifin, ömrünün baharında həyata gözlərini əbədi yuman realist rəssam Bəhruz Kəngərlinin vətənidir. Bu torpaq qoynuna bomba bağlayan şəhid analarının, cəbhədən nişanlı yolu gözləyən xınalı qızların, saçı ömrünün gəncliyində ağarmış hərbçi xanımlarının və onların bir ömür sevə-sevə andığı həmin qəhrəmanların Vətənidir. Və nəhayət, bu torpaq müstəqil Azərbaycan Respublikasının memarı, qurucusu, öndəri, görkəmli dövlət xadimi, dünya miqyasında tanınmış siyasətçi Ulu Öndər Heydər Əliyev kimi bir dahinin vətənidir. Ümummilli Lider naxçıvanlılarla görüşdə deyirdi: “Mən istərdim ki, burada Sizinlə daim yaşayım. Ancaq həyat buna imkan vermədi. Mən getdim, amma ürəyim buradadır”. İllərin bu əvəzsiz yadigarı olan sözlərə insan qəlbən, nəvaziş dolu səcdələr bəxş edir. 
Bu şəhərin məğrur duruşundakı naxışlar sanki həzin musiqinin harmoniyasını təşkil edir. Bəlkə də, bu duruş illərin yığılıb qalmış muğamı, şuru, zəfər cəngidir. Əslində, sən elə musiqinin özüsən. Səmt qatarında uyuyan həzin, kövrək musiqi. Bəlkə, musiqidən də ehtişamlısan. Musiqi bir an da olsa, susur, uyuyur, itir, batır. Sənsə Günəş ziyasından qidalanıb günü-gündən gözəlləşir, ayı seyr etdikcə gecəmizə gündüz olursan. Ətrafa səpələdiyin bu təvazökarlıq közərən qövsi-qüzeh kimi cilvələnərək tarixin dolanbac  yollarına nur çiləyir. Sənə sığınanlara sirli-sehirli dünyanın möcüzəsi, gözyaşını ovcuna tökənlərə bitib-tükənməyən eşq hekayəsi, sirrini verənlərə sirdaşsan. Sevənlər xısın-xısın bir-birinə səni pıçıldayır.
Cavid əfəndi! Sən bir əsr əvvəl etdiyin duanın qəbul olmasının bəxtiyarlığını yaşatdın bizə. Türkiyə Cümhuriyyətinin Prezidenti, Turançılıq sevdası ilə alışıb yanan Rəcəb Tayyib Ərdoğan tərəfindən uyuduğun Naxçıvan torpağında öz şeirinlə yad edildin. Bəlkə də, o şeiri sən hiss etdin deyə səsləndirdi:
   Hər bəladan əsirgə yurdumuzu,
   Kamran eylə şanlı ordumuzu.
Bu gün Azərbaycanın naxışlar səltənəti, əsrarəngsiz, valehedici şəhəri, şübhəsiz ki, Naxçıvandır. Eşqi, insanlığı, qonaqpərvərliyi, təvazökarlığı dadanlar barmaq uclarında bu şəhərə  üz tutur, sevgini doya-doya yaşayırlar. Hər bir Naxçıvansevər bu şəhərə üz tutanda özünü ya Möminə xatın türbəsinin, ya da bütün acılarını sarıb, həsrətlə bir-birini qucaqlayan Cavidlər ailəsinin uyuduğu məqbərənin qarşısında tapır. Gələnlər məmnunluq, gedənlər bir daha gəlməyin arzusu ilə yanıb tutuşur bu şəhərə. Sən necə ehtişamlı, necə füsunkarsan mahiyyəti əsrarəngiz və ecazkar naxışlar səltənəti, Naxçıvan.
    Möminə xatın türbəsini,
    Haçadağın zirvəsini,
    Arazı narazı görmək,
    Dalğasında yazı görmək.
    Ürəyindən keçsə əgər,
    Naxçıvana eylə səfər.

Fariz ƏHMƏDOV
Naxçıvan Televiziyasının baş redaktoru
Məqalə “Şərq qapısı” qəzetinin 
elan  etdiyi “Naxçıvan 100 ildə” 
yaradıcılıq müsabiqəsinə təqdim 
etmək üçündür.

Nəşr edilib : 10.07.2024 10:06