AZ EN RU

Macarıstan Milli Assambleyasının üzvləri Ağdamda olublar

Macarıstan Milli Assambleyasının Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri Ağdamda erməni vandalizminin izləri, həmçinin şəhər işğaldan azad ediləndən sonra Azərbaycan dövləti tərəfindən həyata keçirilən bərpa-tikinti işləri ilə tanış olublar.

Nümayəndə heyəti Ağdam Cümə məscidində olub, sonra şəhərin mərkəzi küçəsində ermənilərin yerlə-yeksan etdikləri binaların qalıqlarına baxıblar. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı onlara işğalçı Ermənistanın 30 il ərzində Ağdam rayonunun ərazisində törətdiyi dağıntılar, vandalizm aktları, o cümlədən mədəni, tarixi, dini abidələri məhv etmələri barədə məlumat verib. Bildirilib ki, erməni vandalları işğal etdikləri digər şəhər və kəndlər kimi Ağdam şəhərini də talayıb və yer üzündən siliblər. Bütün evlər, sosial obyektlər dağıdılıb, təsərrüfatlar məhv edilib. 44 günlük Vətən müharibəsində qazanılan qələbədən sonra işğaldan azad olunan ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanılıb.

Daha sonra Prezidentin xüsusi nümayəndəliyinin düşərgəsinə gələn nümayəndə heyətinə Ağdam şəhərinin Baş planına uyğun olaraq həyata keçirilən və nəzərdə tutulan layihələr barədə ətraflı məlumat verilib.

Qonaqları Milli Məclisin deputatı Elman Nəsirov müşayiət edib.

Nəşr edilib : 18.06.2024 17:15