AZ EN RU

Maarifləndirmə tədbiri keçirilib

    Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən Qaz İstismar Xidmətində maarifləndirici tədbir təşkil olunub. 
    Tədbirdə Qaz İstismar Xidmətinin şöbə müdiri Elnur Heydərov çıxış edərək bildirib ki, dəm qazının yaratdığı təhlükələr və ondan qorunma üsulları barədə kütləvi informasiya vasitələrində maarifləndirici materialların yer almasına, müvafiq qurumların əməkdaşlarının vətəndaşlarla profilaktik tədbirlərin aparmasına baxmayaraq, payız-qış aylarında dəm qazından zəhərlənmə halları baş verir.  Bu da onu göstərir ki, sakinlər hələ də qaz təsərrüfatından istifadə edərkən təhlükəsizlik qaydalarına tam əməl etmirlər. 
    Fövqəladə Hallar Nazirliyinin bölmə rəisi, daxili xidmət mayoru Hasil Məmmədov mövsüm ərzində aparılan qabaqlayıcı profilaktik tədbirlər, yaşayış sahələrində, xüsusilə də fərdi evlərdə və ictimai yaşayış binalarında qızdırıcı elektrik, qaz və suqızdırıcı cihazlarından düzgün istifadə qaydaları haqqında məlumat verib. Qeyd olunub ki, dəm qazı qoxusu belə olmadığı üçün şəxs heç nə hiss etmir. Yarım saat müddətində qanı zəhərləyir və ölüm baş verir. Ona görə də qızdırıcının növündən asılı olmayaraq, ventilyasiya, tüstü ötürücüsü kanal daim  işlək vəziyyətdə olmalı və mütəmadi yoxlanılmalıdır.
    Nazirliyin bölmə rəisi, mayor Oqtay Həsənov, sektor müdiri Aydın Quliyev tədbirdə çıxış ediblər.
    Sonda qaz cihazlarından istifadə qaydaları ilə bağlı videoçarx və slayd nümayiş etdirilib.

Naxçıvan Muxtar Respublikası 
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 28.01.2022 20:20