AZ EN RU

Maarifləndirici tədbirlər uğurla davam etdirilir

    Naxçıvan Biznes Mərkəzində Dövlət Miqrasiya Xidməti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı ilə “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Naxçıvan Muxtar Respublikasında əmək fəaliyyəti ilə məşğul olmasının hüquqi tənzimlənməsi” mövzusunda tədbir keçirilib.
    Dövlət Miqrasiya Xidməti rəisinin müavini Elnur Məmmədov və əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Canməmməd Canməmmədov tədbirin məqsəd və əhəmiyyəti barədə danışıblar. Bildirilib ki, tədbir mahiyyət etibarilə Naxçıvan Muxtar Respublikasında işəgötürənlərin rahatlıqlarının təmin edilməsi, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, həmçinin bu istiqamətlərdə fəaliyyət göstərən sahibkarların miqrasiya qanunvericiliyinin tələblərinə əməl etməklə fəaliyyətlərinin stimullaşdırılmasına xidmət edir.
    Dövlət Miqrasiya Xidmətinin baş inspektoru Həmid Muxtarlı diqqətə çatdırıb ki, muxtar respublikada miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinin və bu sahədə yaranan münasibətlərin tənzimlənməsi, qanunsuz miqrasiyanın vaxtında aşkarlanması, səmərəli və effektiv mübarizə, eyni zamanda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti ilə bağlı bütün zəruri tədbirlərin reallaşdırılması ciddi nəzarətdə saxlanılır. Vurğulanıb ki, dövlət əmək miqrasiyası kvotasının tətbiq edilməsi və iş icazələrinin verilməsi yolu ilə əmək miqrasiyasını tənzimləyir. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin muxtar respublikada haqqıödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün əsas şərtlər iş yerinin tələblərinə cavab verən peşə hazırlığına və ya ixtisasa malik Azərbaycan Respublikası vətəndaşının iddia etmədiyi boş iş yerlərinin mövcudluğundan, işəgötürənlərin işçi qüvvəsinə olan ehtiyaclarını yerli əmək ehtiyatları hesabına təmin etmək imkanının olmamasından ibarətdir. 
    Sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı Elmin Fərəcov muxtar respublikada əhalinin məşğulluğunun artırılması və daxili əmək bazarının qorunması məqsədilə yerli əmək ehtiyatlarından səmərəli istifadə olunmasının zəruriliyi barədə geniş məlumat verib.
    Qarşılıqlı diskussiya şəraitində davam edən tədbirdə suallar ətraflı cavablandırılıb, məlumatlar slayd vasitəsilə tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
    Sonda sahibkarlara maarifləndirici bukletlər paylanılıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin mətbuat xidməti

Nəşr edilib : 17.02.2022 19:43