AZ EN RU

Maarifləndirici tədbirlər davam etdirilir

    Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin təşkilatçılığı ilə əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri qəbul edən, onlara xidmət göstərən tərəflərlə “Elektron müraciət qaydaları” mövzusunda maarifləndirici görüş keçirilib.
    Tədbirin məqsəd və əhəmiyyəti barədə məlumat verən xidmətin əməkdaşı Kənan Məmmədov diqqətə çatdırıb ki, bu gün yeni inkişaf mərhələsinə qədəm qoyan muxtar respublikada çoxşaxəli iqtisadiyyatın formalaşdırılması, yeni iş yerlərinin, xidmət sahələrinin yaradılması, eyni zamanda turizm sektorunun kompleks və davamlı inkişafı, nəticə etibarilə, əcnəbilərin diyarımıza olan marağını və müxtəlif məqsədlərlə səfər etmək niyyətini daha da artırmaqdadır. Nəzərə almaq lazımdır ki, əcnəbi və vətəndaşlığı olmayan şəxslər ölkəyə gəldiyi zaman muxtar respublika ərazisində, əsasən, mehmanxanalara, tələbə yataqxanalarına və digər yaşayış obyektlərinə üz tuturlar. 
    Xidmətin digər əməkdaşı Qiyas Paşayev olduğu yer üzrə qeydiyyatla bağlı elektron müraciət qaydaları mövzusuna toxunaraq slayd vasitəsilə tədbir iştirakçılarına ətraflı məlumat verib. Vurğulanıb ki, Dövlət Miqrasiya Xidməti tərəfindən innovativ yeniliklərin tətbiqi, elektron xidmətlərin sayının və keyfiyyətinin artırılması, habelə mövcud xidmətlərdən istifadənin daha da sadələşdirilməsi daim diqqətdə saxlanılır. Bu baxımdan elektron müraciətlərin qəbulu və cavablandırılması işinin intensiv şəkildə həyata keçirilməsi sahəsində “202 – Miqrasiya Məlumat Mərkəzi”nin, xidmətin rəsmi saytının və sosial şəbəkə hesablarının rolu müstəsna əhəmiyyət kəsb etməkdədir.
    Sonda suallar ətraflı cavablandırılıb, bukletlər təqdim olunub.

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin 
mətbuat xidməti

Nəşr edilib : 25.08.2022 19:12