AZ EN RU

Maarifləndirici tədbir keçirilib

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə bağlı “Təbliğat-100” layihəsi çərçivəsində “Erkən nikah uşaq hüquqlarının pozulmasıdır” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib. 
 Naxçıvan şəhər 10 nömrəli tam orta məktəbdə təşkil edilən tədbirdə giriş sözü ilə çıxış edən Naxçıvan Şəhər İcra Hakimiyətinin əməkdaşı Orxan Məhərrəmov erkən nikahın uşaq hüquqlarını pozması barədə maarifləndirmə işinin aparılmasının vacibliyini vurğulayıb.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Gülər Əhmədova bildirib ki, nikah yaşından az olan yeniyetmələrin ailə qurmağa təhrik edilməsi qadın və uşaq hüquqlarının kobud şəkildə pozulması deməkdir. Tarixin bütün dövrlərində nümunəvi olan Azərbaycan ailəsində erkən nikaha yol verilməsi qəbuledilməzdir və məsuliyyətə səbəb olur. Məhz buna görə də Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq aidiyyəti dövlət qurumları ilə birlikdə bu sahədə mütəmadi və plana uyğun maarifləndirmə işi aparılır.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Türkan Məmmədova, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Gülənbər Nuriyeva çıxış ediblər.
40 nəfərin yararlandığı və diskussiya şəraitində keçən tədbirdə maarifləndirici broşürlar paylanılıb.

Nəşr edilib : 28.03.2024 19:25