AZ EN RU

Maarifləndirici tədbir keçirilib

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Babək Rayon İcra Hakimiyyəti və Babək Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə  2023-cü il 21 sentyabr tarixdə Babək rayonu Nehrəm qəsəbə 2 № tam orta məktəbdə “Erkən nikah ailə təməlinin faciəsidir” mövzusunda tədbir keçirilib.
Babək Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin  baş məsləhətçisi Şəfa Babayeva tədbir iştirakçılarını salamlayaraq, tədbirin əhəməyyətindən bəhs edib.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Elsun Cahangirli “Erkən nikah ailə təməlinin faciəsidir” mövzusunda çıxış edərək, vizual vəsaitlərdən istifadə etməklə tədbir iştirakçılarını məlumatlandırıb.  Vurğulayıb ki, erkən nikah əsasında qurulan ailələrdə nikahın pozulması, məişət zorakılığı, sağlamlıq imkanları məhdud uşaqların dünyaya gəlməsi, fiziki-psixoloji çətinliklər, təhsildən məhrumedilmə və şəxsi azadlıqların itirilməsi kimi mənfi nəticələr qaçınılmazdır. Bu yaşda qurulan ailələr çox vaxt ailə funksiyasını yerinə yetirə bilmir, nəsil artımında böyük çətinliklərlə üz-üzə qalmış olur. Ana olmaq iqtidarında olmayan qızlar ana olmağa hazırlıq dövründə ciddi təhlükələrlə üzləşir, onlarda bir sıra xəstəliklərin yaranmasına şərait yaranır. Əksər hallarda isə əqli və fiziki cəhətdən qüsurlu olan uşaqların doğulmasına, ananın və körpənin ölümünə gətirib çıxarır. Erkən yaşda oğlan və qızların ailə qurması həm həkimlər, həm də psixoloqlar tərəfindən düzgün hesab edilmir. Çünki onların fiziki və psixi cəhətdən formalaşması, inkişaf etməsi yetkinlik yaşına çatdıqdan sonra reallaşır. Erkən nikah halları fiziki, əqli, psixoloji və emosional təsirə malik olub, qızların fərdi inkişafını və gələcək imkanlarını məhdudlaşdırmaqla yanaşı, yaşamaq üçün çox təhlükəli HİV, QİÇS, xərçəng və digər bu kimi xəstəliklərə yeni üfüqlər açır. E.Cahangirli diqqətə çatdırıb ki, Azərbaycan Respublikasında qəbul olunmuş normativ hüquqi aktların erkən nikah hallarının yaranmasına yol vermədiyini qeyd edərək, erkən nikah hallarına yol vermiş şəxslərin məsuliyyətinin artırılması istiqamətində müvafiq tədbirlər görülməkdədir.  Babək Rayon Polis İdarəsinin İctimai təhlükəsizlik şöbəsinin rəisi-baş leytenant Asim İsmayılov qeyd edib ki,  Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 176.1.1-ci maddəsində göstərilir ki, “Qadını nikaha daxil olmağa məcburetmə - iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır”. Bundan əlavə 176.1.2-ci maddədə qeyd olunur ki, “Eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə - üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır”.
Diskussiya xarakterli keçən tədbirdə iştirakçıların sualları cavablandırılıb. Sonda 45 nəfər tədbir iştirakçısına “Erkən nikah – ailə faciəsinin təməlidir” mövzusunda hazırlanmış broşür paylanılılb.

Naxçıvan Muxtar Respublikası

 Ailə, Qadın və Uşaq Problemləri

üzrə Dövlət Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 21.09.2023 17:14