AZ EN RU

Maarifləndirici tədbir keçirilib

    Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsi və Şahbuz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə arxiv işi ilə bağlı maarifləndirici tədbir keçirilib.
    Tədbirdə “İdarə arxivlərində arxiv fondu sənədlərinin təşkili” mövzusunda çıxış edən Naxçıvan Şəhər Dövlət Arxivinin müdiri Əbülfəz Məhərrəmov bildirib ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin illik tədbirlər planına uyğun olaraq kargüzarlıq və idarə arxiv işçilərinin arxiv işi sahəsi üzrə nəzəri və praktiki bacarıqlarının artırılması məqsədilə idarənin əməkdaşları tərəfindən Şərur, Babək, Sədərək, Ordubad, Culfa, Kəngərli rayonlarında maarifləndirici tədbirlər keçirilmişdir.
    Əbülfəz Məhərrəmov idarə arxivinin vəzifə və funksiyaları, sənədlərin mühafizə qaydaları, icrası başa çatmış sənədlərin struktur bölmələrdən idarə arxivinə qəbulu, sənədlərin struktur, xronoloji, funksional, nominal, korrespondensiyalar, coğrafi və digər əlamətlər üzrə sistemləşdirilməsi, işlərin nomenklatur siyahısının tərtibi, daimi, uzun müddət, müvəqqəti və şəxsi heyət üzrə saxlanılan sənədlərin siyahılarının hazırlanması qaydaları ilə bağlı məlumat verib.
    “Arxiv fondu sənədlərinin daimi dövlət mühafizəsinə təhvil verilməsi qaydası” mövzusunda çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin baş məsləhətçisi Cəfər Məmmədhəsənov tərəfindən milli arxiv fondu sənədlərinin idarə arxivlərində müvəqqəti mühafizə müddətləri, idarə, təşkilatlarda ekspert komissiyalarının yaradılması, vəzifə və funksiyaları, sənədlərin elmi və əməli dəyərinin ekspertizasının keçirilməsi və ekspertizanın nəticələrinin rəsmiləşdirilməsi qaydaları, sənədlərin müvəqqəti mühafizə müddətləri başa çatdıqdan sonra Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2023-cü il 24 may tarixli Qərarla təsdiq edilmiş “Arxiv fondu sənədlərinin daimi dövlət mühafizəsinə təhvil verilməsi qaydası”na uyğun daimi dövlət mühafizəsinə təhvil verilməsi barədə danışıb.

Xəbərlər şöbəsi

Nəşr edilib : 13.06.2023 20:19