AZ EN RU

Maarifləndirici tədbir keçirilib

    Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Sədərək rayonunda yanğın təhlükəsizliyi və dəm qazından zəhərlənmə hallarına qarşı profilaktikaya dair maarifləndirici tədbir keçiriblər.
    Tədbirdə payız-qış mövsümündə yanğın təhlükəsizliyi tədbirləri, xüsusilə də fərdi evlərdə, inzibati və ictimai yaşayış binalarında qızdırıcı elektrik və qaz cihazlarından istifadə qaydalarından bəhs edilib. Həmçinin fərdi və mərkəzləşdirilən qazanxana sistemlərində texniki və yanğın təhlükəsizliyi qaydalarına əməl edilməsi, mövsümi qazanxana işçilərinin təlimatlandırılması, sertifikatı olan şəxslərin işə cəlb olunması istiqamətində aparılan tədbirlər barədə məlumat verilib. 
    Vurğulanıb ki, qaz təsərrüfatında təhlükəsizlik tələblərinin pozulması səbəbindən əhali arasında dəm qazından zəhərlənmə və boğulma hallarına rast gəlinir. Mütəxəssislər suqızdırıcı cihazların düzgün quraşdırılması, onların istifadəsi, vaxtında texniki baxışdan keçirilməsi, hansı səbəblərdən sıradan çıxması, həmçinin yaşayış evlərində dəm qazının olduğunu bildirən cihazın quraşdırılmasının vacibliyi barədə məlumat veriblər. Baş verə biləcək zəhərlənmə halları zamanı görüləcək ilkin müdaxilələr də iştirakçılara ətraflı izah edilib.
    Tədbirdə qarşıdan gələn yeni il şənliklərinin keçiriləcəyi məkanlarda, fərdi yaşayış evlərində, mənzillərdə yanğın təhlükəsizliyi qaydalarına riayət etməyin vacibliyi də diqqətə çatdırılıb, qaz cihazlarından istifadə qaydaları ilə bağlı videoçarx və slaydlar təqdim edilib, iştirakçıların suallarına aydınlıq gətirilib.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin 
mətbuat xidməti

Nəşr edilib : 19.12.2022 20:41