AZ EN RU

Maarifləndirici seminar təşkil olunub

    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 15 mart tarixli Sərəncamı ilə təsdiq olunmuş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası nəticəsində, müvafiq kateqoriyadan olan uşaqların hərtərəfli inkişafı təmin olunur, onlara göstərilən sosial xidmətlərin keyfiyyəti və həcmi artırılır. Sağlamlıq imkanları məhdud uşaqlara xidmət göstərən müəssisələrin kadr təminatının təkmilləşdirilməsi, bu sahədə fəaliyyət göstərən mütəxəssislərin bilik və bacarıqlarının artırılması məqsədilə ardıcıl tədbirlər icra edilir.
    Bu tədbirlərin davamı kimi iyul ayının 10-da Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəvəti ilə Bakı şəhərində yerləşən Qüsursuz Nitq Mərkəzinin direktoru, ölkə səviyyəsində tanınmış defektoloq-loqoped Esmira Qafarova Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində olub. Onun iştirakı ilə təşkil olunan seminarda uşaqlarda yaranan nitq qüsurları və onlara tətbiq olunan loqopedik müalicə üsulları, nitq problemlərinin yaranması səbəbləri və buna zəmin yaradan sosial faktorlar müzakirə olunub, suallar cavablandırılıb.
    Qeyd edək ki, bu yaxınlarda Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Oyun terapiyası üzrə yeni bölmə də istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 
mətbuat xidməti

Nəşr edilib : 13.07.2022 19:44