AZ EN RU

Maarifləndirici seminar keçirilib

2023-cü il 24 oktyabr tarixdə Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbdə “Milli dəyərlər və uşaqlar” mövzusunda seminar keçirilib. 
Seminar erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən Xocavənddə yerləşdirilən minanın partlaması ilə törədilən terror aktı nəticəsində, həmçinin lokal antiterror əməliyyatı zamanı həlak olan şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Orxan Məhərrəmov mövzunun əhəmiyyətindən bəhs edərək bildirib ki, qədim və köklü milli-mənəvi dəyərlər sisteminə malik olan xalqımız bu dəyərləri sədaqətlə qorumuş, əsrlərlə yaşatmış və inkişaf etdirmişdir. Milli dəyərlərin qorunması və gələcək nəsillərə çatdırılması, dövlətimizin gələcəyi olan uşaqların milli dəyərlərə bağlılıq ruhunda tərbiyəsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir. 
Daha sonra Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Eltun Həziyev qeyd edib ki,  belə seminarların keçirilməsinin əhəmiyyəti vacib məsələlərdəndir. Vurğulanıb  ki, məktəb dövrü insanın sonrakı həyat tərzinin, düşüncəsinin, xarakterinin formalaşmasında önəmli rol oynamaqla yanaşı, həm də onun kamil bir şəxsiyyət kimi yetişməsində körpü funksiyasını daşıyır. Bu mənada, milli dəyərlərə yiyələnməklə gənc nəslin milli ruhda tərbiyə olunması məsələsi günümüzdə məktəbin qarşısında duran əsas vəzifələrdən biridir. Buna görə də məktəblərdə şagirdlərin geniş biliklərə sahib olması ilə bərabər, milli dəyərlərə bağlı, vətənpərvər kimi formalaşmasına da ciddi yanaşılmalıdır.
Naxçıvan Muxtar Respublikası Təhsil nazirliyinın əməkdaşı Güləmbər Nuriyeva çıxış edərək milli dəyərlərimizin uşaqlara aşılanması, uşaqların zərərli vərdişlərdən uzaqlaşdırılması yollarından, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkilindən, erkən nikah hallarının fəsadlarından, informasiya-kommunikasiya texnologiyalarından düzgün istifadə qaydalarından ətraflı bəhs edib.
Sonda seminar iştirakçılarının sualları cavablandırılıb, onlara Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış “Milli dəyərlərimiz deyəndə nələri başa düşürük?”, “Erkən nikah – ailə faciəsinin təməli” adlı broşürlər paylanılıb.

Naxçıvan Muxtar Respublikası

Ailə, Qadın və Uşaq Problemləri üzrə

Dövlət Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 24.10.2023 17:51