AZ EN RU

Maarifləndirici seminar keçirilib

 Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbində “Milli dəyərlər və uşaqlar” mövzusunda seminar keçirilib. 
Seminar erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən Xocavənddə yerləşdirilən minanın partlaması ilə törədilən terror aktı nəticəsində, həmçinin lokal antiterror əməliyyatı zamanı həlak olan şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Seminarı Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Eltun Həziyev açaraq belə seminarların keçirilməsinin əhəmiyyətindən danışıb. Qeyd olunub ki, məktəb dövrü insanın sonrakı həyat tərzinin, düşüncəsinin, xarakterinin formalaşmasında önəmli rol oynamaqla yanaşı, həm də onun kamil bir şəxsiyyət kimi yetişməsində körpü funksiyasını daşıyır. Bu mənada, milli dəyərlərə yiyələnməklə gənc nəslin milli ruhda tərbiyə olunması məsələsi günümüzdə məktəbin qarşısında duran əsas vəzifələrdən biridir. Buna görə də məktəblərdə şagirdlərin geniş biliklərə sahib olması ilə bərabər, milli dəyərlərə bağlı, vətənpərvər kimi formalaşmasına da ciddi yanaşılmalıdır.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının sektor müdiri Mətanət Əliyeva çıxış edərək milli dəyərlərimizin uşaqlara aşılanması, uşaqların zərərli vərdişlərdən uzaqlaşdırılması yollarından, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkilindən, erkən nikah hallarının fəsadlarından, informasiya-kommunikasiya texnologiyalarından düzgün istifadə qaydalarından ətraflı bəhs edib.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Fərəcova Türkanə çıxış edərək bildirib ki, qədim və köklü milli-mənəvi dəyərlər sisteminə malik olan xalqımız bu dəyərləri sədaqətlə qorumuş, əsrlərlə yaşatmış və inkişaf etdirmişdir. Milli dəyərlərin qorunması və gələcək nəsillərə çatdırılması, dövlətimizin gələcəyi olan uşaqların milli dəyərlərə bağlılıq ruhunda tərbiyəsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir. 
Sonda seminar iştirakçılarının sualları cavablandırılıb, onlara Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış “Milli dəyərlərimiz deyəndə nələri başa düşürük?”, “Erkən nikah – ailə faciəsinin təməli” adlı broşürlər paylanılıb.

Naxçıvan Muxtar Respublikası

Ailə, Qadın və Uşaq Problemləri

üzrə Dövlət Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 27.09.2023 09:27