AZ EN RU

Maarifləndirici görüş keçirilib

 Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətində “Riskli vergiödəyicisinin, o cümlədən, riskli əməliyyatların meyarları” mövzusunda vergiödəyiciləri ilə maarifləndirici görüş təşkil olunub. Xidmətin rəis müavini Anar İbrahimov 2023-cü ilin ötən dövrünün “ağart” şüarı altında keçdiyini vurğulayıb. Bildirib ki, bütün respublikada olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da qarşılıqlı əməkdaşlıq zəminində əlverişli biznes mühitinin formalaşdırılması istiqamətində əhəmiyyətli işlər görülür. 
    Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin əməkdaşları Elçin Babayev, Rəşad Rzayev və Elməddin Quliyev iştirakçılara mövzu haqqında ətraflı məlumat veriblər. Bildirilib ki, Vergi Məcəlləsinin müvafiq maddəsinə əsasən riskli vergiödəyiciləri Nazirlər Kabineti tərəfindən təsdiq edilən meyarlara uyğun müəyyənləşdirilir və ödəyicilərin siyahıları xidmətin rəsmi internet saytında açıqlanır. Hər bir iş adamı hüquqi və ya fiziki şəxslərlə müqavilə bağlayarkən gələcək tərəfdaşlarının həmin siyahılarda olub-olmaması ilə bağlı araşdırma apara bilər. Eyni zamanda görüş iştirakçılarının diqqətinə çatdırılıb ki, riskli vergiödəyicilərindən alınan elektron qaimə-fakturalar xərcləri təsdiq edən sənəd hesab olunmur.
    Sonda vergiödəyicilərini maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası
Dövlət Vergi Xidmətinin mətbuat xidməti

Nəşr edilib : 07.08.2023 12:20