AZ EN RU

Maarifçi və demokratik ideyaların carçısı “Əkinçi”dən başlanan yol

    Bu gün demokratiyanın əvəzsiz elementi, informasiya almaq və yaymaq azadlığının ən təsirli vasitəsi kimi cəmiyyəti maarifləndirmək, məlumat vermək vəzifəsini yerinə yetirən mətbuatın, ictimaiyyəti sürətli, qərəzsiz, dəqiq informasiya ilə təmin edən jurnalistlərin günüdür. Bu gün Azərbaycan dilində yayımlanan ilk milli qəzetin – “Əkinçi”nin ilk sayının buraxıldığı 22 iyul tarixi ölkəmizdə “Milli Mətbuat Günü” kimi qeyd olunur.

    Azərbaycan mətbuatının banisi, bütün həyatını xalqının savadlanmasına, tərəqqisinə həsr edən publisist, pedaqoq, maarifçi-demokrat Həsən bəy Zərdabi XIX əsrdə cərəyan edən hadisələr barədə səsini, sözünü kimsələrə çatdırmaq məqsədilə qəzet nəşrinin vacibliyini belə qeyd edirdi: “Hər kəsi çağırıram gəlməyir, göstərirəm görməyir, deyirəm qanmayır. Axırda gördüm ki, onları haraylayıb çağırmaqdan, onlara deməkdən başqa bir qeyri-əlac yoxdur. Olmaz ki, mənim sözümü eşidənlərdən heç bir qanan olmasın! Necə ki bir bulağın suyunun altına nə qədər bərk daş qoysan, bir neçə ildən sonra o su tökülməkdən o bərk daş mürur ilə əriyib deşilir, habelə söz də, ələlxüsus, doğru söz mürur ilə qanmazın başını deşib onun beyninə əsər edər”. Beləliklə, Həsən bəy Zərdabi qarşıya çıxan bütün maneələri dəf edərək Bakıda ana dilində “Əkinçi” qəzetinin nəşrinə nail olur. İlk nömrəsi 1875-ci il iyulun 22-də çapdan çıxan, nəşri bütün Qafqazda əks-səda doğuran bu qəzet vasitəsilə Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və başqa ziyalılar öz maarifçi, demokratik ideyalarını təbliğ edərək, ictimai, siyasi və bədii fikrin inkişafına böyük təsir göstərirdilər. Ayda iki dəfə 300-400 tirajla yayımlanan qəzetin 1875-ci ildə 12, 1876-cı ildə 24, 1877-ci ildə isə 20 sayı olmaqla, cəmi 56 nömrəsi işıq üzü görmüşdü. “Əkinçi”dən bir müddət sonra ana dilli qəzetlər nəşr olunmamış, daha sonra “Əkinçi”nin ideyalarını “Şərqi-Rus”, “Molla Nəsrəddin”, “Azərbaycan” kimi mətbuat orqanları davam etdirmişdi. 
    70 il sovet imperiyasının təsiri altında azad sözə, fikrə qadağalar qoyulmuş, nəşr olunmuş mətbuatın hər biri senzuradan keçirilmişdir. Ölkəmiz müstəqillik əldə etdikdən sonra böyük dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan mətbuat tarixində yeni dövrün, inkişaf dövrünün təməli qoyulub. Mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirən görkəmli dövlət xadiminin rəhbərliyi ilə ölkəmizdə mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Ümummilli Liderin 1998-ci il 6 avqust tarixli Sərəncamı ilə Azərbaycanda senzura ləğv olunub, 1999-cu ildə “Kütləvi İnformasiya Vasitələri haqqında” Qanun qəbul edilib, “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqramı” təsdiq olunub, Mətbuat, Teleradio və İnternet Şurası yaradılıb. Azərbaycan mətbuatının 125 illiyi 2000-ci ildə məhz Ümummilli Liderin Sərəncamı ilə yüksək səviyyədə keçirilib, bir sıra qəzetlərin Azərbaycan nəşriyyatına olan borclarının ləğvi onların fəaliyyətinə böyük töhfə verib. Azərbaycan Respublikasının 1995-ci ilin noyabrında ümumxalq səsverməsi ilə qəbul edilən Konstitusiyasının 50-ci maddəsində söz, məlumat toplamaq azadlıqları əksini tapıb. Məhz milli mətbuatın inkişafına göstərdiyi qayğının nəticəsi idi ki, 2002-ci ildə Ulu Öndər Heydər Əliyev “Jurnalistlərin dostu” mükafatına layiq görülərək dünya siyasətçiləri arasında bu mükafatı almış ilk dövlət başçısı olub. Böyük dövlət xadimi öz çıxışlarında mətbuatın rolu, onun əsas vəzifələrindən bəhs edərək demişdir: “Mətbuat demokratiyanı dərinləşdirən, siyasi inkişafa təkan verən qüdrətli vasitədir...O, həyatın güzgüsü, həqiqətin carçısı olmalıdır, insanları yüksək ideallar uğrunda mübarizəyə səsləməli və səfərbər etməlidir”.
    Ulu Öndər tərəfindən əsası qoyulan mətbuatın inkişafına dövlət qayğısı siyasəti bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının söz, fikir azadlığını, jurnalistlərin fəaliyyətinin təkmilləşdirilməsini özündə əks etdirən müvafiq fərman və sərəncamlar kütləvi informasiya vasitələrinə dövlət dəstəyinin bariz nümunələridir. Ölkə başçısının 2021-ci il 12 yanvar tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında yaradılan “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs medianın inkişafının dəstəklənməsi, media sahəsində mütəxəssislər hazırlanması və onların əlavə təhsilinin təşkili, audiovizual, çap, onlayn media subyektlərinin və informasiya agentliklərinin (bundan sonra – media subyektləri), habelə jurnalistlərin və digər media işçilərinin fəaliyyətinin, eləcə də media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması istiqamətində fəaliyyət göstərir. Prezident cənab İlham Əliyev tərəfindən 2022-ci il 8 fevral tarixdə təsdiq olunmuş “Media haqqında” Azərbaycan Respublikasının Qanunu media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir. Qanun, həmçinin jurnalistlərin peşəkar fəaliyyətinin maneəsiz və effektiv həyata keçirilməsinə, media subyektlərinin yaradıcılıq və redaksiya müstəqilliyinin ən etibarlı şəkildə müdafiə edilməsinə və ifadə azadlığının möhkəmləndirilməsinə yönəlmiş təminat mexanizmlərinin daha da gücləndirilməsi üçün hüquqi əsas formalaşdırır. 
    Bu il ölkə başçısının təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişikliyə əsasən media subyektləri (audiovizual media subyektləri istisna olmaqla) tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi, habelə Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan qeyri-rezident şəxslər tərəfindən media subyektlərinə (audiovizual media subyektləri istisna olmaqla) media fəaliyyəti ilə bilavasitə bağlı olan işlərin görülməsi və xidmətlərin göstərilməsi əlavə dəyər vergisindən azad edilib. Eyni zamanda media subyektlərinin (kütləvi informasiyanın dərc olunması və (və ya) yayımlanması olan fiziki (jurnalistlər istisna olmaqla) və ya hüquqi şəxslərin) öz fəaliyyətləri nəticəsində əldə etdikləri gəlirlər, o cümlədən reklam gəlirləri, habelə onlara Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən verilən maddi yardımlar gəlir vergisindən, mənfəət vergisindən və sadələşdirilmiş vergidən azad edilib. Bu kimi, eləcə də milli mətbuatın ildönümlərinin dövlət səviyyəsində geniş qeyd olunması, mediaya yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, jurnalistlərin fəxri adlarla, döş nişanları ilə təltif edilməsi, onlarla mütəmadi görüşlər mətbuata və jurnalistlərə xüsusi diqqət və qayğının bariz nümunələridir. 
    Azərbaycan mediası 44 günlük Vətən müharibəsində həqiqətlərin təbliği missiyasını uğurla yerinə yetirmiş, ölkəmiz informasiya müharibəsində də qalib gəlmişdir. Peşələrini icra edərkən jurnalistlərimizin də şəhid olması onların həm ön, həm də arxa cəbhədə öz vəzifələrini layiqincə yerinə yetirdiklərinin göstəricisidir. Ölkə başçısının Vətən müharibəsi dövründə 30-dan çox beynəlxalq media qurumuna geniş müsahibələri reallıqların dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynamışdı. Naxçıvan Muxtar Respublikasının kütləvi informasiya vasitələri də həmin dövrdə öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirib. “Şərq qapısı” qəzeti müharibə və ondan sonrakı dövrdə Böyük Zəfərə, vətənpərvərliyə, ordu quruculuğuna həsr olunmuş məqalələrlə öz səhifələrində çıxış edib. Qəzetdə “Əfsanəyə dönən ömürlər” rubrikası altında Vətən uğrunda canını fəda edən şəhidlərimiz haqqında geniş məqalələr, oçerklər dərc olunub. Bu gün də jurnalistlərimiz işğaldan azad edilmiş torpaqlarımızda gedən geniş abadlıq, quruculuq tədbirlərinin, həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynayır.
    Ölkəmizin ayrılmaz hissəsi olan muxtar respublikamızda da media sahəsində ciddi irəliləyişlər əldə olunub. Dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətinin yaxşılaşdırılması, kütləvi informasiya vasitələrinin fəaliyyətinin genişləndirilməsi bu sahədə mühüm nailiyyətlərin qazanılmasına əsas verib. 
    1921-ci ildən fəaliyyət göstərən “Şərq qapısı” qəzeti Naxçıvanın dünəni, bu günü və gələcəyini öz oxucularına çatdırmaqda davam edir. Ümummilli Lider Heydər Əliyevin doğma diyarı Naxçıvana gəlişindən sonra ilk müsahibəsini bu qəzetə verməsi, “Şərq qapısı”na çox yüksək dəyər verərək dediyi: “Mən “Şərq qapısı” qəzetinin təsiri altında tərbiyələnmişəm. Hələ gənc ikən burada orta məktəbdə, pedaqoji texnikumda oxuyanda müxtəlif məsələləri öyrənmək üçün “Şərq qapısı”ndan çox istifadə etmişəm. O vaxtdan nüfuzlu qəzet kimi hafizəmdə qalıb” sözləri qəzetin nüfuzundan, onun baş verən hadisələri layiqincə işıqlandırmasından irəli gəlirdi. Ümummilli Lider dəfələrlə qəzetin nəşri, jurnalistlərin fəaliyyəti ilə maraqlanmış, Naxçıvan blokada şəraitində, erməni işğalı təhlükəsi ilə üz-üzə qaldığı bir vaxtda belə qəzetin fəaliyyətini təmin etmiş, maddi təminat baxımından dəstək göstərilmişdir. 
    Bu gün ölkə başçısının mətbuat orqanlarına xüsusi diqqət və qayğısı muxtar respublikanın kütləvi informasiya vasitələrini də əhatə edib. 2005-ci ildə Naxçıvan Mətbuat Şurasının, 2007-ci ildə isə Televiziya və Radio Şurasının yaradılması, 2010-cu ildə “Şərq qapısı” qəzeti redaksiyası və “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi üçün yeni binanın istifadəyə verilməsi və müasir mətbəə avadanlıqlarının quraşdırılması bu sahənin inkişafını keyfiyyətcə yeni mərhələyə yüksəldib. 2022-ci ilin əvvəllərində  Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin proqramçıları tərəfindən “Şərq qapısı” qəzetinin rəsmi internet saytının müasir proqramlaşdırma dillərindən istifadə edilərək müasir üslubda yenidən hazırlanması, cari ilin fevral ayında Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi ilə birgə fəaliyyət nəticəsində “Şərq qapısı” qəzetinin elektron informasiya resursunun “serqqapisi.gov.az” adı ilə “AzStateNet” şəbəkəsinə köçürülməsi elektron medianın inkişafı istiqamətində görülən əhəmiyyətli tədbirlərdəndir. “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin ötən müddətdə maddi-texniki bazası gücləndirilib, yeni yayım avadanlıqları tətbiq olunub, televiziyanın efir vaxtı 17 saata çatdırılıb. Bu gün Naxçıvan teleradiosu gənc jurnalistlərin formalaşmasına öz töhfəsini verir. Həmçinin muxtar respublikada rəsmi dövlət informasiyasının əsas mənbəyi sayılan “Nuhçıxan” İnformasiya Agentliyi dəqiq, operativ informasiyaların çatdırılmasında mühüm rol oynayır. Muxtar respublikanın mərkəzi icra hakimiyyəti orqanlarında mətbuat və ictimaiyyətlə əlaqələr üzrə vəzifələr təsis olunması dövlət orqanları ilə media arasında informasiya siyasətinin həyata keçirilməsində vacib əhəmiyyət kəsb edir. Muxtar respublikanın ən ucqar kəndlərinin internetlə təminatı informasiyaya əlçatanlığı təmin edib. Bir zamanlar informasiya blokadasına salınan muxtar respublikada bu gün baş verən yeniliklər, sosial-iqtisadi inkişaf, ictimai-mədəni hadisələr, beynəlxalq tədbirlər operativ olaraq ölkə və dünyaya yayılır. Həmçinin bu gün jurnalist kadrların yetişməsi üçün hər cür şərait var. Naxçıvan Dövlət Universitetinin Media Mərkəzində fəaliyyət göstərən Universitet televiziyası və “Nuhçıxan” radiosu gənc jurnalistlərin nəzəri biliklərlə yanaşı, praktiki vərdişlərə yiyələnməsinə mühüm töhfə verir. O cümlədən “Şərq qapısı” qəzeti Jurnalistika ixtisası üzrə təhsil alan tələbələrin inkişafında, onların peşəkar kadr kimi formalaşmasında mühüm rol oynayır. 2021-ci il dekabrın 18-də “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin geniş qeyd edilməsi, mətbuatın inkişafında səmərəli fəaliyyətlərinə görə media nümayəndələrinin təltif edilməsi medianın fəaliyyətinə göstərilən dövlət qayğısının daha bir nümunəsidir.
    Prezident cənab İlham Əliyev milli mətbuatın cəmiyyətdəki roluna belə qiymət vermişdir: “Əlbəttə ki, mətbuatın fəaliyyəti hər bir insanı maraqlandırır. İnsanlar bütün məlumatı mətbuatdan alırlar. Ona görə, hər bir ölkədə, o cümlədən Azərbaycanda mətbuat qərəzsiz olmalıdır, çevik, operativ fəaliyyət göstərməlidir, insanları məlumatlarla tam şəkildə təmin etməlidir. Hesab edirəm ki, biz bunu Azərbaycanda görürük. Çünki bu gün Azərbaycan mətbuatı artıq yüksək səviyyəyə qalxıbdır...”
    İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun fəaliyyətə başlaması, Prezident cənab İlham Əliyevin tapşırığına əsasən “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan milli mətbuatının 148-ci ildönümü ilə bağlı keçirilən Forumda 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb. Həmçinin Forumda 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tarixi çıxışı müasir medianın gələcək inkişaf konsepsiyasını müəyyənləşdirməklə qarşıya mühüm vəzifələr qoyur.
    Sürətlə dəyişən dünya nizamında düzgün, dəqiq informasiyaların yayılması jurnalistlərdən böyük peşəkarlıq və qətiyyət tələb edir. Fəaliyyətində jurnalistikanın etik qaydalarını gözləyən, Vətəninə, xalqına qərəzsiz, vicdanla xidmət edən jurnalist həmkarlarımızı Milli Mətbuat Günü münasibətilə təbrik edir, fəaliyyətlərində uğurlar arzu edirik. 

Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 21.07.2023 21:17