AZ EN RU

Maarif və mədəniyyət asimanının parlayan ulduzları, bəşəri dəyərlərin ulu carçıları

Əziz Şərif və Qurbanəli Şərifzadə ilə məzarüstü söhbət...

Bu ünvanın yaşı bəlkə də min illərə dayanır, bilmirəm...Lakin hər dəfə ora ayaq basanda, bir gün əbədi həyata yola salınacağımız bu yerin görüşünə gedəndə sanki mənəvi aramlıq tapıram. Heç zaman sükutunu pozmayan sakinlərin söhbətini dinləyə-dinləyə gəzir, axtarır, hərdən bir tanıdığım ya da heç tanımadığım, sıradan bir məzarın qarşısında dayanıb, hələ bu dünyadaykən etdiyi xoş əməlləri, yaxşı işləri düşünüb, ürək dolusu “Allah rəhmət eləsin” – deyirəm. Göz izlədikcə uzağı-yaxını bir-birinin ardınca düzülmüş daşlar çox mətləblər danışır mənə, çox sözlər deyir. Bilmirəm, bəlkə də yalnız mən bu hissə qapılıram, ancaq düşünürəm ki, bu məkanın ağuşunda uyuyan, həyatını elmə, maarifə həsr edən insanları ömründə bir dəfə belə olsun görən hər kəsin qəlbi də ən az mənim kimi riqqətə gələr, ürəyindən “kaş sağ olaydılar” fikri keçər. Daşlar üzərində həkk olunmuş adlara baxmaq da bəs edir bu ünvandan fikir toplamağa, düşüncə gücünə qapılıb maddi dünyadan bir anlığa qopmağa; İbrahim Mollayev, Hüseyn Həşimli, Hüseyn İbrahimov, Fərəməz Maqsudov, Səməd Mövləvi, Elman Həbib, Nurəddin Babayev, Zəhmət Şahverdiyev və neçə-neçə dəyərli ziyalılar uyuyur bu məkanda, əbədi həyatın saf, təmiz ağuşunda...

Qəbristanlığın bir guşəsində həyatlarını yalnız xalqımızın tərəqqisinə həsr etmiş, yaşadıqları dövrün çətinliklərinə, təzyiqlərinə, təqiblərinə baxmayaraq, yeganə çıxış yolunu insanların mənəvi şüurunu oyatmaqda bilən Mollanəsrəddinşünas ziyalılar, maarif və mədəniyyət asimanının parlayan ulduzları, bəşəri dəyərlərin ulu carçıları – Qurbanəli Şərifzadə və Əziz Şərif də uyuyur. Mətbuatımızın 148-ci ildönümü ərəfəsində cəsarət edib onlarla daxilən həmsöhbət olmaq qərarına gəldim... Gəlin, dinləyin ömrünü Molla Nəsrəddin babanın həqiqətlərini yaymağa, cahil, elmsiz insanların üzünə maarif işığı çiləməyə sərf edən, bütün bu xidmətləri ilə yanaşı böyük demokrat yazçısı Mirzə Cəlil Məmmədquluzadəni görüb ona arxa-dayaq olmuş bu iki dahi şəxsiyyətin, ata-oğulun söhbətlərini. Dinləyin ki, onlar haqqında illərdir kitablardan, məqalələrdən öyrəndiyimiz hər şeyi elə, onların dilindən eşidək....

- Salam olsun sizə, görkəmli el ağsaqqalları, ustad Mirzə Cəlilin qələm yoldaşları, sirdaşları... İzin verin sizə – hər ikinizə ustad deyə müraciət edim. Sizə həyatınızı, əsərlərinizi öyrənən, sevən, əqidənizi öz əqidəsi, qayənizi öz qayəsi bilən hər kəsdən, alimlərdən, şairlərdən, jurnalistlərdən salam gətirmişəm...

Qurbanəli Şərifzadə: Salam olsun Vətənimizin, xalqımızın qeyrətli, azadlıqsevər insanlarına, gənclərinə...

Əziz Şərif: Bizdən də salam söyləyin azadlığı cana məlhəm, əqidəyə şəfa bilən bütün Naxçıvan ictimaiyyətinə, bizi tanıyan, sevən hər kəsə...

- Gəlmişəm sizə, sizin bitib-tükənməz, əvəzsiz xatirələrinizdən danışam. İstərdim ki, sizin şirin söhbətinizlə ötüb keçən zamanlara nəzər salaq, xatırlayaq milli mətbuatımızın, xalqımızın, şahidi olduğunuz bir əsrdən artıq tariximizin inkişaf yolunu. Keçmişdə zülmət gecəni xatırladan Azərbaycanın bu günkü nurlu sabahını, işıqlı gələcəyini...

Qurbanəli Şərifzadə: Sizin söylədiyiniz bu sözlər mənə 30 illik dostum, sirdaşım Mirzə Cəlilin bir fikrini xatırlatdı, sanki həmin illərə qayıtdım. Mərhum rəfiqim o illərdə Vətənimizin zülmət sabahlarını, elmsiz, cahil insanların həyatını, müqəddəratını düşünərək deyirdi: “Gözümü ilk dəfə açanda dünyanı qaranlıq görmüşəm”... Düzdür, artıq həmin tarixdən çox zaman keçib, Vətənimiz xeyli inkişaf edib, insanlar geniş dünyagörüşə sahib olub. Mənim də, Əzizin də doğulub boya-başa çatdığı Naxçıvan şəhəri o qədər dəyişilib ki, tanımaq mümkün deyil. Xatırlayıram Naxçıvanın əvvəlki vaxtlarını. Həmin illərdə şəhərin ən qələbəlik yeri Came məscidinin yaxınlığında yerləşən küçələr idi. Yadımdadır ki, əvvələr orada şəhərdə yeganə olan bir bazar da yerləşirdi. Bazarın qaranlıq və sərin çarşılarında ucuz-baha parça, qab-qacaq, cürbəcür başqa mallar satan tacirlər onlar üçün ayrılmış yerlərdə əyləşib alver edirdilər. Şəhər çox səs-küylü olurdu. Möhrədən tikilmiş kipcərək evlər, küçələrdə şütüyən faytonlar və neçə-neçə bunun kimi mənzərlər şəhəri, o dövrün Naxçıvanını qaranlığa qərq etmişdi...

Əziz Şərif: Səhv etmirəmsə, həmin məscid və bazar indi də qalmalıdır. Mənim də yadımdar ki, həmin küçələrdə, ələlxüsus da ki, məscidin yaxınlığında olan geniş meydanda şəhərin qoca sakinləri, işsiz bekar insanlar cəm olurdu. Yaşı yetişmiş qocalardan biri ətrafdakılara, ora toplaşmış insanlara gördüyü, şahidi olduğu hadisələrdən nə isə nəql edir, ya da eşitdiyi rəvayətlərdən danışırdı. Ya da meydanın ortasında əlindəki əsasını tovlaya-tovlaya Rüstəm zalın sərgüzəştlərini söyləyirdi (gülür). Ətrafa toplanmış nağılsevərlər də böyük maraqla onun nağılını dinləyir, pəhləvan Rüstəm zalın cavan pəhləvan deyib öldürdüyü Söhrabın öz oğlu olduğunu biləndə yaşadığı məyusluğu öz aləmində canlandırırdı. İnsanların saflığı, məsumluğu da öz yerində...

Bəli, əziz ustad, şəhərimizin tikililəri artsa da, müasirlik və dəbdəbəyə qovuşsa də tarixiliyini qoruyub saxlayıb. Bir dəyişən odur ki, o qaranlıq, zülmət şəhərdən əsər-əlamət qalmayıb artıq. Amma bu da bir həqiqətdir ki, elm işığından, maarif nurundan uzaq olan o qaranlıq Naxçıvan sizi, hər iki ustadımızı Cəlil Məmmədquluzadəyə qovuşdurdu. Əgər zaman və şərait belə olmasaydı, Uca Yaradanın yazdığı tale sizi birləşdirərdimi?

Qurbanəli Şərifzadə: Doğrudur, mən bununla hər zaman haqlı olaraq fəxr etmişəm. Hər zaman demişəm ki, rəfiqim  Mirzə Cəlil həm mənim, həm də oğlum Əzizin qarşısına Allahın çıxardığı bir mükafat idi. Yaxşı yadımdadır, 1905-ci ildə hökümətlə anlaşılmaz münasibət nəticəsində həbs cəzası almışdım. Həmin ilin 22 fevralında Mirzə Cəlil mənim tutulmağıma münasibətən bir məktub yazmışdı. Onunla qarşılaşmağımız, dostlaşmağımız bəlkə də, dediyiniz kimi zamanənin hikməti idi. Bu cür təsadüflərə elə dostum da inanardı, hətta o bizi bir amal uğrunda birləşdirən “Molla Nəsrəddin” jurnalı barədə də hər zaman deyirdi ki, “Molla Nəsrəddin” jurnalını belə zəmanə özü yaratdı, təbiət özü yaratdı...

Əziz ustad, icazə versəniz, siz həbs olunarkən Cəlil Məmmədquluzadənin yazdığı məktubu oxumaq isdəyirəm: “Bəradərim Qurbanəli, qardaş, bu nə işdir sənin başına gəldi? Əhvalatı bir qolay eşitmişəm, amma təfsilatı mənə məlum deyil. Əlbətdə, tez mənə bir kağız yaz. Əgər yaza bilməsən, yazdır göndər görək bu nə qəzavü-qədərdir sənin başına gəldi. Əzizdən də heç nigaran qalma. Onu yəqin bil ki, xudanəkərdə sən dünyada olmasan da, Əziz burada dərs oxuyub, axıra kimi elm təhsil edəcək. Hər halda indi Əzizin sənə heç bir ehtiyacı yoxdur və onun barəsində heç fikir eləmə...”

Qurbanəli Şərifzadə: Allah ona rəhmət eyləsin...sağlığında bütün ziyalılar ilə səmimi münasibət qurardı, amma mənə belə isti münasibət saxlayıb qardaş deyə müraciət etməsi, övladıma mənəvi atalıq etməsi yalnız Mirzə Cəlil ucalığına qismət olacaq şeydir.

Dəyərli professorumuz Əziz Şərifin də bu barədə fikirləri maraqlı olacaq, düşünürəm ki...

Əziz Şərif: Mən ustadım Mirzə Cəlillə atamın vasitəsi ilə tanış olmuşam. Həmin illərdə balaca idim, ancaq xatırlayıram onunla səmimi görüşümüzü. 1905-ci ildə atamla birgə Tiflisə getmişdik. Həmin illər ərzində Mirzə Cəlil də Tiflisdə yaşayırdı. Burada atamın əziz dostu, məsləkdaşı Cəlil Məmmədquluzadə ilə tanış oldum və dahi yazıçının ailə mühitində, sözün əsl mənasında, mənəvi övlad kimi qəbul edildim. Hətta Cəlil Məmmədquluzadənin evində təşkil olunmuş pansionda dərs oxuyub maariflənir, dünyagörüş əldə edir, ədibin göstərdiyi bütün elmi biliklərə sahiblənməyə çalışırdım. Həmçinin gələcək Mollanəsrəddinçi jurnalalistlərin bir qismi ilə də məhz burda tanış oldum. Həyatdakı fəaliyyətimin bütün zamanlarında Mirzə Cəlillə keçən Tiflis həyatı xoş xatirələrlə yadda qalıb. Çünki sadə, kasıb bir ailənin övladı olan Əzizi, Əziz Şərif kimi Azərbaycan mətbuatına tanıdan insanlardan biri idi Cəlil Məmmədquluzadə. Mənim mənəvi yüksəlişimdə, jurnalist kimi formalaşıb yetişməyimdə, ədəbi-ictimai mühitdə bilikli və məlumatlı olmağımda, təvazökarlıqdan bir qədər uzaq olsa da geniş dünyagörüşə malik işıqlı şəxsiyyət kimi yetişməyimdə onun əvəzsiz xidmətləri olmuşdur. Bayaq oxuduğunuz məktubun yazıldığı ildə olanları az-çox xatırlayıram. Hətta yadımdadır ki, həmin ildə Mirzə Cəlil metrik şəhadətnaməmi şeyxülislam idarəsindən də çıxarıb imtahan verməyim üçün hazır etmişdi. May ayında da imtahan verib, müvəffəqiyyət qazanmışdım.

– Səhv etmirəmsə, hətta sizin bir məqaləniz də, hələ uşaq ikən “Molla Nəsrəddin” jurnalında işıq üzü görmüşdü...

Əziz Şərif: Bəli, doğrudur. 1906-cı ildə, yəni “Molla Nəsrəddin” jurnalı təzə nəşrə başladığı ildə kiçikhəcmli bir məqalə yazmışdım. Həmin məqaləni də Mirzə Cəlil jurnalda dərc etdirmişdi. Həm də açıq imza ilə... Bu, o dövrün ziyalıları üçün bir çətin məsələ idi. Çünki çar hökumətinin təqiblərinə yaxalanmamaq üçün milli ruhlu ədiblərimiz gizli imzalardan istifadə edirdilər. Lakin Cəlil Məmmədquluzadə tam əksinə olaraq mənim məqaləmi öz adım və soyadımla – Əziz Qurbanəli oğlu Şərifzadə imzası ilə vermişdi. Hətta jurnal yeni nəşrə başladığı dövrdə atam böyük həvəslə “Molla Nəsrəddin”ə abunə olur, yaxın dost tanışlarına da bu jurnalı mütaliə etməyi məsləhət görürdü. Yaxşı xatırlayıram, bizim evə də “Molla Nəsrəddin” jurnalından iki nüsxə gələrdi. Atam birini özü üçün, birini də həvəslənməyim üçün mənə alardı.

Həmin məqaləniz nədən bəhs edirdi, xatırlayırsınız ?

Əziz Şərif: On bir yaşında uşaq nədən yaza bilərsə ondan... (gülümsəyir) – Naxçıvan hamamlarından. Məqaləmdə Naxçıvan hamamlarının şəfaverici xüsusiyyətlərindən yazmışdım. Qeyd etmişdim ki, bu yerlərin hamamları insanın sağlamlığına qovuşmasında əvəssiz faydalara malikdir. Hətta həmin illərdə bütün şəhər sakinlərinin istifadə etdiyi sarı, bulanıq, natəmiz suları da tərifləyib, təəssübkeşlik etmişdim (gülür). Yazmışdım ki, Naxçıvan hamamlarının suyundan istifadə edənlər, suyun rənginin sarı olmağına baxmasın, nə eyibi var, zəfəran da sarıdır, amma ətrinə bax. Allah şahiddir ki, Naxçıvan hamamlarının suyunun ətri zəfəran ətrindən güclüdür...

Əziz ustadımız Qurbanəli bəy, ya da milli mətbuatımızın “Hacıleyləyi”, “Mozalanbəyi”, elə “Molla Nəsrəddin” jurnalından söhbət açılmışkən, isdərdim sizin də bu məcmuədəki xidmətlərinizi eşidək. Düzdür, uzun illər Mirzə Cəlillə birgə bu ədəbi məcmuəyə verdiyiniz qiymət, yazdığınız felyetonlar, məqalələr hər birimizə məlumdur. Ancaq onları sizin dilinizdən eşitmək, jurnalistlik fəaliyyətinizin tarixini özünüzdən dinləmək daha maraqlı olar.

Qurbanəli Şərifzadə: Mənim Mirzə Cəlillə dostluğum “Molla Nəsrəddin” jurnalı nəşrə başladığı tarixdən çox-çox əvvəllərə dayanır. Jurnalistlik fəaliyyətimə isə XIX əsrin sonlarında, XX əsrin əvvəllərində başlamış, həmin dövrlərdə nəşr olunan bir sıra sahə qəzetlərində felyetonlar, məqalələr dərs etdirmişəm. İxtisasca mühəndis olmağıma, hətta uzun illər öz sahəmdə çalışıb Tiflis-İrəvan dəmir yolunun çəkilməsində iştirak etməyimə baxmayaraq, söz sənətinə, xalqımıza bu yolla xidmət göstərməyə bütün qəlbimlə bağlı olmuşam. İlk qəzetçilik fəaliyyətimə “Həblül-mətin” məcmuəsi ilə başlamışam, bir müddət sonra isə elə həmin qəzetin sahə üzrə müvəkkili təyin edilmişdim. Bu ülvi həvəslə də “Molla Nəsrəddin” jurnalında yazılar dərc etdirmiş, dövrün çətinliklərini, mürəkkəb hadisələri, sovet hökümətinin xalqımıza göstərdiyi biganəliyi bütün ziyalı yoldaşlarım, sirdaşlarım ilə qələmə almışıq.

Ötən günlərdə sizin xatirələriniz barədə məlumat toplayarkən “Mozalan bəyin səyahətnaməsi” ilə bağlı bir çox faktlara rast gəldim. Deyəsən həmin əsərin yazılmasının da maraqlı tarixi var ha...

Qurbanəli Şərifzadə: “Mozalan bəyin səyahətnaməsi” Mirzə Cəlil yaradıcılığının əvəzsiz məhsulu, “Molla Nəsrəddin” jurnalında yer alan mövzuların zirvəsi sayılır. Düzdür, onun ərsəyə gəlməsinin də maraqlı tarixi var. Həmin xatirələrə bu gündən körpü salmaq, keçmişi xatırlamaq insana fərqli hisslər yaşadır, həm kədərləndirir, həm qürurlandırır. Xatırlayıram ki, həmin əsəri ərsəyə gətirəndə mənimlə bərabər bir otaqda, bir masa arxasında dostlarım Əbdülrəhim bəy, Salman Mümtaz, Mirzə Cəlil, Ömər Faiq və bir neçə mollanəsrəddinçi ziyalılar cəm olmuşdu. Hətta həmin hadisə ilə bağlı, səhv etmirəmsə, Əbdülrəhim bəy Haqverdiyev öz xatirələrində yazmışdı. Elə həmin söhbətimizdə Mirzə Cəlil mənə dedi ki, “Gəlin, biz ”Mozalan”ı gəzdirək. Ancaq onun səyahətnaməsini öz aramızda bölüşdürək…”. Mozalan bəyi İrəvan və Naxçıvan tərəflərində Qurbanəli Şərifzadə gəzdirsin”. Elə Mirzənin bu çıxışından sonra mən və digər ziyalı yoldaşlarımız Mozalan bəyi əlimizin çatdığı hər yerdə “gəzdirdik”. Məqsədimiz də insanları Molla Nəsrəddin babanın söz-söhbətindən xəbərdar etmək idi.

Bəs ilk məqaləniz nə vaxt jurnalda işıq üzü gördü ? Əgər gizli deyilsə məqalənin mövzusunu da bizimlə bölüşməyinizi xahiş edirəm...

Qurbanəli Şərifzadə:  İlk yazımı felyeton janrında, elə jurnal nəşrə başladığı ildə, yəni 1906-cı ildə qələmə almışdım. “Heç kəsdən qorxmuram” başlıqlı felyetonumda dövrün çirkinliklərindən danışmış, bunun müqabilində nə mənim, nə də digər qələm sahiblərimizin heç kəsdən qorxmadığını açıqca söyləmişdik. Sözügedən felyeton jurnalın nəşrə başladığı ilin 18 – ci nömrəsində işıq üzü görüb.

Əziz Şərif: Söhbətinizə bir iki cümlə də mən əlavə etmək isdəyirəm. Mənim ilk müəllimim, ustadım olan atamın 1908-ci il 30 iyundan, jurnalın 26-cı nömrəsindən başlayaraq bütün il ərzində “Məşədi Mozalanbəy” imzası ilə çap edilmiş felyetonların əlyazmasını öz şəxsi arxivimdə qoruyub saxlamışam. Hətta Naxçıvanda yazıb-yaratmış bir neçə tədqiqatçı alimə də onları göstərmişəm. Bu gün həyatda olan alimlərdən bəlkə də bu söhbəti eşidənlər təsdiq edəcək. Xüsusən də Cəlil Məmmədquluzadə irsini, yaradıcılığını araşdıranlar daha yaxşı bilər.

Bəli, sizinlə tamamilə razıyam. İcazə versəniz sizə, sözünüzə istinadən bir hadisəni də xatırlatmaq istəyirəm. Ərsəyə gətirdiyiniz “Molla Nəsrəddin” necə yarandı kitabında görkəmli mirzəcəlilşünas alim, akademik İsa Həbbibəyliyə göndərdiyiniz bir əlyazmadan da bəhs etmisiniz. Mirzə Cəlilin dayısı Əli Babayev haqqında olan əlyazma dəftərçəni deyirəm. Hətta bu barədə İsa müəllimə məktub da yazmısınız. Xatırlayırsınız ?

Əziz Şərif: Əlbəttə xatırlayıram. İsa Həbibbəyli o illərdə çox gənc idi. Elmə, tədqiqata göstərdiyi maraq, Cəlil Məmmədquluzadə yaradıcılığına sonsuz sevgisi gələcəkdə parlaq şəxsiyyət olacağından xəbər verirdi. Düz qeyd etdiniz ki, həmin illərdə ziyalıların bir çoxu ilə məktublaşmalarımız olub. Ancaq dediyiniz məktubu tam olaraq xatırlamıram. Xatırlatsanız əgər...

 – Bəli, kitabınızın 13-cü səhifəsində, səhifənin ən aşağı hissəsində İsa müəllimin məktubuna cavab olaraq yazmısınız: “Əlişdanın (Əli Babayevin) məndə dəftərçəsi vardır. Onu sizə göstərməyə hazıram. Necə edək? Moskvaya yolunuz düşsə, məmnuniyyətlə o dəftəri Sizə göstərərəm”.

Əziz Şərif: Bəli, xatırladım. Elə həmin məktubdan təxminən bir il sonra da İsa Həbibbəyli təşrif buyurub Moskvaya gəldi. Həmin illərdə mən Lomonosov adına Moskva Dövlət Universitetində müəllim işləyirdim. Səhv etmirəmsə, onunla ilk görüşümüz də bu münasibətdə oldu.

Bir də bu yaxınlarda, görüşünüzə gəlməzdən öncə sizinlə görüşmüş mərhum jurnalist Səxavət Kəngərlinin qələm dostu, muxtar respublika mətbuatımızın ağsaqqalı, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Muxtar Məmmədov məni şəxsi arxivində qoruduğu tarixi fotoşəkil və yazdığınız bir məktubla tanış etdi. Açığı öz əlyazmanızı gördükdə nə qədər qürurlandım, deyə bilmərəm...

Əziz Şərif: Uzun illər mətbuat sahəsində xidmətlər göstərmiş, əvvəla alim, tədqiqatçı, professor kimi bu cür dəyərli mənbələri qoruyub saxladığı üçün Muxtar Məmmədova və onun timsalında olan bütün davamçılarımıza təşəkkür edirəm... Ola bilsin ki, həmin fotoşəkil Naxçıvanda olduğum illərdə çəkilib, elə məktub da yazdığım yüzlərlə məktubdan biridir. Naxçıvana gəlib-getdiyim illərdə daim naxçıvanlı ədiblərin, ziyalıların, jurnalistlərin səmimi, mehriban və qayğıkeş münasibətilə qarşılaşmışam. Çox yaxşı bilirəm ki, bu gün Naxçıvanda Mirzə Cəlil Məmmədquluzadə irsinin qorunması, yaşadılması üçün ziyalılarımız tərəfindən çox böyük xidmətlər göstərilir. Əmin olsunlar ki, xalq yolunda edilən xidmət heç zaman bihudə getmir, həmin yaxşılıqlar insanın hər iki dünyada da əlindən tutur...

Dəyərli ustadlarımız, iki əsrə yaxın fəaliyyətini davam etdirən Azərbaycan mətbuatının ildönümü ərəfəsindəyik. Bəlkə bir-iki kəlmə də bundan danışaq...

Əziz Şərif: Azərbaycan mətbuatının yarandığı dövrə canlı şahidlik edən atam Qurbanəli Şərifzadənin bu barədə danışması, öz fikirlərini söyləməsi, düşünürəm ki, daha uyğun olar. Buyur, atacan, söz sənindir...(təbəssüm edir)

Qurbanəli Şərifzadə: Mətbuatımızın keçdiyi tarixi yol, həqiqətən də, qürur doğurur. Bu il Azərbaycanda milli mətbuatın, ana dilində ilk qəzetin nəşrə başlamasının 148 ili tamam olur. 1875-ci ilin 22 iyulunda görkəmli maarifçi, təbiətşünas alim, publisist, mütəfəkkir Həsən bəy Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzeti ilə xalqımızın milli ruhunun formalaşmasında yeni mərhələ oldu. Əsasən maarifçilik missiyasını yerinə yetirən “Əkinçi” az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşdı. Milli oyanışın yeni mərhələsinin təmsilçisi kimi “Əkinçi” qəzetinin başlanğıcını qoyduğu yol neçə-neçə mətbu və ədəbi məktəbin formalaşma prosesinə təkan verdi, xalqın maariflənməsinə, milli-azadlıq hərəkatının güclənməsinə birbaşa təsir göstərdi. Tarixin müxtəlif ictimai-siyasi mərhələlərində formalaşmış Azərbaycan mətbuatı xalqa, cəmiyyətə, insana xidmət borcunu şərəflə yerinə yetirdi. Elə bu gün də ölkəmizdə həmin mətbuatdan güc almış yüzlərlə ədəbi nəşr fəaliyyət göstərir. Arzu edirəm ki, bütün ziyalılarımızın, jurnalistlərimizin qələmi daim həqiqiətdən ilham alsın.

Çox sağ olun, dəyərli ustadlarımız. Ömrünüzü mətbuatımızın inkişafına, həqiqətlərin gün üzünə çıxmasına, xalqımızın savad sahibi, elm əhli olmasına sərf etdiyiniz üçün sizə minnətdarlıq edirəm. Heç zaman qocalmayan, unudulmayan ruhunuza dərin hörmət və ehtiram arzulayıb sizinlə sağollaşıram. Allah sizə rəhmət etsin, ruhunuz şad olsun!

Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 13.07.2023 16:02