AZ EN RU

Liv Bona Dea Hospitalının Naxçıvanda ikinci humanitar aksiyası başa çatıb

    Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və Bakı şəhərində fəaliyyət göstərən Liv Bona Dea Hospitalının birgə təşkilatçılığı ilə hospitalın mütəxəssis həkimləri Naxçıvan Sağlamlıq Mərkəzində ödənişsiz tibbi aksiya keçirib. Həmin aksiyada iştirak edən həkim və sakinlərlə həmsöhbət olduq. 
    Bildirək ki, bu aksiyada Liv Bona Dea Hospitalının Bakıdakı xəstəxanasının həkimləri ilə bərabər İstanbul şəhərində fəaliyyət göstərən LİV xəstəxanasının da həkimləri iştirak edib. Aksiya zamanı LİV Hospitalın Xarici xəstələr şöbəsinin müdiri Batuhan Aydın və xəstəxananın Orqan nəqli şöbəsinin müdiri Hasan Taşçı ilə həmsöhbət olduq. Batuhan Aydın bildirdi ki, LİV -in İstanbulda, Türkiyənin digər şəhərlərində, həmçinin Bakı şəhərində xəstəxanaları fəaliyyət göstərir. Həmin səhiyyə müəssisələrində 198 ölkədən xəstə qəbulu həyata keçirilir. Xəstəxanalara müxtəlif dilləri bilən mütəxəssislər cəlb edilib ki, bu da xarici ölkələrdən bu xəstəxanalara üz tutan insanların işini asanlaşdırır. Naxçıvan kimi gözəl bir yerə gəlib burada da insanlara həm öz xəstəxanamızın imkanlarını tanıtmaq, həm də buradakı soydaşlarımızın sağlamlığı üçün nə isə etmək istədik. İstəyimizi qəbul etdikləri üçün çox məmnunuq. 
    LİV Hospitalın professoru Hasan Taşçı qeyd etdi ki, bu onun Naxçıvana ilk gəlişidir. Təyyarədən enən kimi şəhəri görəndə buranı Anadoluya bənzədib: “Ərzurum da eynən bura kimidir. Ərzurum da dağların əhatəsində yerləşir, Naxçıvan da. Səhiyyə ocağını gəzdik, çox gözəl xəstəxanadır. Müayinə, KT, MRT və digər müayinə kabinələri müasir səviyyədədir”. Professor onu da bildirdi ki, bəzən ehtiyac olduqda hospitalın müxtəlif yerlərdə yerləşən xəstəxanalarına gedir. Həmçinin Liv Bona Deaya – Bakıya da gəlir və orada xəstə müayinəsi və əməliyyatlar həyata keçirir.
    Liv Bona Dea Hospitalın direktorunun müalicə işləri üzrə müavini, baş həkim, uzman kardioloq, ürək-damar cərrahı Cabir Gülmalıyevlə söhbətimizdə bildirdi ki, doğma yurdu Naxçıvanda və buradakı Naxçıvan Sağlamlıq Mərkəzində olmaqdan və insanlara səhiyyə xidməti göstərməkdən çox məmnundur. O dedi: “Buradakı xəstəxanalarda da bir çox ürək əməliyyatları aparılır. Buraya gəlməyimizdə məqsəd sakinlərimizin tibbi xidmətə əlçatanlığını təmin etməkdir. Bakıda və burada işlədiyim vaxtlarda əməliyyat etdiyim xəstələrdən bir neçəsi bu gün müayinə üçün gəlmişdi. Müayinə etdim, məsləhətlər verdim”. 
    Hospitalın onkoloq həkimi Elxan Məmmədov dedi ki, o, təhsini İstanbul Tibb Universitetində alıb. Uzman həkim kimi Vətənə qayıdıb. Naxçıvana ilk dəfədir, gəlir: “Çox gözəl bir məkanla qarşılaşdıq. Həm havası gözəl, həm də insanları çox səmimidir”, – deyən həkim onu da vurğuladı ki, səhiyyə ocağı ilə yaxından tanış olub. Xəstələri müayinə edib, lazımi göstərişlər verdiklərini bildirən həkim diqqətə çatdırdı ki, sağalmayan xəstəlik yoxdur, vacib olanı düzgün və vaxtında diaqnozun qoyulmasıdır. 
    Qeyd edək ki, bu aksiyada Naxçıvan Sağlamlıq Mərkəzinin tibb heyəti də sakinlərin müayinəsində iştirak edib. Onlardan həkim-oftalmoloq Qərənfil Məmmədova, həkim-cərrah Nazim İbrahimov, həkim-radioloq İsmayıl Quliyev, həkim-qastroenteroloq Cabir Hüseynov və digərləri ilə söhbət zamanı öyrəndik ki, həkim kollektivi yurdumuzun rayon və kəndlərində keçirilən bir çox aksiyalarda iştirak edir. Bu aksiyada da qonaq gələn həkimlər xəstələrə diaqnoz qoymaları üçün lazım olan müayinələrin aparılmasında əllərindən gələni ediblər. 
    Bu gün Azərbaycan həkimi tibbin bütün sahələrində öz sözünü deyir. Onlar öz peşəkar fəaliyyətləri ilə insanların sağlamlığının keşiyində dayanmaqla yanaşı, döyüş meydanında yüzlərlə igidi ölümdən xilas ediblər. Ağxalatlı peşə sahibləri gecə-gündüz, uzaq-yaxın demədən dövlətimizin ən qiymətli sərvəti olan vətəndaşlarımızın sağlamlığının qeydinə qalır, onlara təmənnasız tibbi yardım göstərirlər. Artıq ənənə halını alan humanitar aksiyalardan – bu xeyirxah, nəcib işdən muxtar respublikamızda yararlananların da sayı az deyil. Ulu Öndərin yüzillik yubileyi və Vətən müharibəsində qazanılan qələbənin üçilliyi ərəfəsində keçirilən humanitar tibbi aksiyada əhalinin sağlamlığının qorunmasında xidməti olan həkimlərimiz onlara göstərilən inamı doğruldurlar. 

Ramiyyə ƏKBƏROVA

Nəşr edilib : 02.10.2023 21:06