AZ EN RU

Liv Bona Dea Hospitalı Naxçıvanda ikinci humanitar aksiyasını keçirdi

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və Bakı şəhərində fəaliyyət göstərən Liv Bona Dea Hospitalın birgə təşkilatçılığı ilə hospitalın mütəxəssis həkimləri Naxçıvan Sağlamlıq Mərkəzində ödənişsiz tibbi aksiya keçirib. Həmin aksiyada iştirak edən həkim və sakinlərlə həmsöhbət olduq.

Bildirək ki, bu aksiyada Liv Bona Dea Hospitalının Bakıdakı xəstəxanasının həkimləri ilə bərabər İstanbul şəhərində fəaliyyət göstərən LİV Xəstəxanasının da həkimi iştirak edib. Aksiya zamanı LİV Hospitalın Xarici xəstələr şöbəsinin müdiri Batuhan Aydın və xəstəxananın Orqan nəqli şöbəsinin müdiri Hasan Taşçı ilə həmsöhbət olduq. Batuhan Aydın bildirdi ki, LİV-in İstanbulda, Türkiyənin digər şəhərlərində, həmçinin Bakı şəhərində xəstəxanaları fəaliyyət göstərir. Həmin səhiyyə müəssisələrində 198 ölkədən xəstə qəbulu həyata keçirilir. Xəstəxanalara müxtəlif dilləri bilən mütəxəssislər cəlb edilib ki, bu da xarici ölkələrdən bu xəstəxanalara üz tutan insanların işini asanlaşdırır. Naxçıvan kimi gözəl bir yerə gəlib burada da insanlara həm öz xəstəxanamızın imkanlarını tanıtmaq, həm də buradakı soydaşlarımızın sağlamlığı üçün nə isə etmək istədik. İstəyimizi qəbul etdikləri üçün çox məmnunuq.

LİV Hospitalın professoru Hasan Taşçı qeyd etdi ki, bu, onun Naxçıvana ilk gəlişidir.Təyyarədən enən kimi şəhəri görəndə buranı Anadoluya bənzədib. Ərzurum da eynən bura kimidir. Ərzurum da dağların əhatəsində yerləşir, Naxçıvan da. Səhiyyə ocağını gəzdik, çox gözəl xəstəxanadır. Müayinə, KT, MRT və digər müayinə kabinələri müasir səviyyədədir. Professor onu da bildirdi ki, bəzən ehtiyac olduqda hospitalın müxtəlif yerlərdə yerləşən xəstəxanalarına gedir. Həmçinin LİV Bona Deaya – Bakıya da gəlir və orada xəstə müainəsi və əməliyyatlar həyata keçirir.

LİV Bona Dea Hospitalın direktorunun müaılicə işləri üzrə müavini, baş həkim, uzman kardioloq, ürək-damar cərrahı Cabir Gülmalıyevlə söhbətimizdə bildirdi ki, doğma yurdu Naxçıvanda və buradakı Naxçıvan Sağlamlıq Mərkəzində olmaqdan və insanlara səhiyyə xidməti göstərməkdən çox məmnundur. O bildirdi ki, buradakı xəstəxanalarda da bir çox ürək əməliyyatları aparılır. Buraya gəlməyimizdə məqsəd sakinlərimizin tibbi xidmətə əlçatanlığını təmin etməkdir. Bakıda və burada işlədiyim vaxtlarda əməliyyat etdiyim xəstələrdən bir neçəsi bu gün müayinə üçün gəlmişdi. Müayinə etdim, məsləhətlər verdim.

Hospitalın onkoloq həkimi Elxan Məmmədov dedi ki, o, təhsini İstanbul Tibb Universitetində alıb. Uzman həkim kimi Vətənə qayıdıb. Naxçıvana ilk dəfədir gəlir: “Çox gözəl bir məkanla qarşılaşdıq. Həm havası, həm də insanları çox səmimidir”, – deyən həkim onu da vurğuladı ki, səhiyyə ocağı ilə yaxından tanış olub. Xəstələri müayinə edib lazimi göstərişlər verdiklərini bildirən həkim diqqətə çatdırdı ki, sağalmayan xəstəlik yoxdur, vacib olanı düzgün və vaxtında diaqnozun qoyulmasıdır.

Qeyd edək ki, bu aksiyada Naxçıvan Sağlamlıq Mərkəzinin tibb heyəti də sakinlərin müayinəsində iştirak edib. Onlardan həkim-oftalmoloq Qərənfil Məmmədova, həkim-cərrah Nazim İbrahimov, həkim-radioloq İsmayıl Quliyev, həkim-qastroentoloq Cabir Hüseynov və digərləri ilə söhbət zamanı öyrəndik ki, həkim kollektivi yurdumuzun rayon və kəndlərində keçirilən bir çox aksiyalarda iştirak edirlər. Bu aksiyada da qonaq gələn həkimlərin xəstələrə diaqnoz qoymaları üçün lazım olan müayinələrinin aparılmasında əllərindən gələni edirlər.

Bu gün Azərbaycan həkimi tibbin bütün sahələrində öz sözünü deyir. Onlar öz peşəkar fəaliyyətləri ilə insanların sağlamlığının keşiyində dayanmaqla yanaşı, döyüş meydanında yüzlərlə igidi ölümdən xilas ediblər. Ağxalatlı peşə sahibləri gecə-gündüz, uzaq-yaxın demədən dövlətimizin ən qiymətli sərvəti olan vətəndaşlarımızın sağlamlığının qeydinə qalır, onlara təmənnasız tibbi yardım göstərirlər. Artıq ənənə halını alan humanitar aksiyalardan bu xeyirxah, nəcib işdən muxtar respublikamızda yararlananların da sayı az deyil. Ulu Öndərin yüz illik yubileyi və Vətən müharibəsində qazanılan qələbənin üç illiyi ərəfəsində keçirilən humanitar tibbi aksiya da əhalinin sağlamlığının qorunmasında xidməti olan həkimlərimiz onlara göstərilən inamı doğruldurlar.

Ramiyyə ƏKBƏROVA

 

Nəşr edilib : 29.09.2023 17:00