AZ EN RU

Liseyə qəbul olan şagirdlər və onların valideynləri ilə görüş keçirilib

    Görüşdə Naxçıvan Dövlət Universitetinin rektoru, dosent Elbrus İsayev ölkəmizdə elm və təhsilə göstərilən diqqət və qayğıdan, Prezident cənab İlham Əliyevin təhsil sahəsində imzaladığı sərəncamlarla Azərbaycan təhsilində həyata keçirilən islahatları diqqətə çatdırıb. Bildirilib ki, Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyin Azərbaycanın ali təhsil müəssisələri arasında özünəməxsus yer tutan Naxçıvan Dövlət Universitetinin tabeliyinə verilməsi də ali təhsil ocağına göstərilən yüksək diqqət və etimadın bariz nümunəsidir.
    Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasının 2023-2027-ci illər ərzində təsdiq olunan sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramında universitetin nəzdində ingilisdilli orta məktəbin yaradılması layihəsinin icra olunması da nəzərdə tutulub. Layihənin icrası istiqamətində məhz Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyin bazasında yaradılacaq Beynəlxalq Məktəb gələcəkdə ali təhsil müəssisəsi ilə digər ölkələrin ali məktəbləri arasında əməkdaşlıqların güclənməsi, birgə proqramların təşkil olunması, həmçinin universitetlərdə yeni məzmunlu proqramların tətbiqi üzrə layihələrin həyata keçirilməsini də mümkün edəcək.
    Rektor qeyd edib ki, liseyin özəlliyi onun internattipli olmasındadır. Liseydə yüksək təhsillə yanaşı, şagirdlərin milli dəyərlərə sadiqlik və vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi önəm verilir. Bu da onların gələcəkdə ölkəmizin hüdudlarından kənarda Azərbaycan elmini layiqincə təmsil etmələrinə şərait yaradacaq.
    Görüşdə liseyin direktoru Nazim Rəhimov çıxış edərək qeyd edib ki, keçirilən imtahanda ümumtəhsil müəssisələrinin 7-ci sinfini bitirən 406 şagird iştirak edib. Nəticələrə əsasən ən yüksək göstəriciyə sahib olan, ümumilikdə, 62 namizəd liseyə qəbul olub. Nazim Rəhimov liseyin maddi-texniki, müəllim kollektivi və burada təhsil alan şagirdlərin hüquq və öhdəlikləri barədə də geniş məlumat verib.
    Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, şagirdlər və valideynlər liseylə əyani tanış olublar.

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və 
ictimaiyyətlə əlaqələr bölməsi

Nəşr edilib : 04.08.2023 19:01