AZ EN RU

Liderin zəfər zirvəsi

Artıq heç təəccüblü deyil. Bütün bu işləri necə görür, nə cür yetişdirir. Çünki öyrəncəliyik. Təbii, ilk baxışdan öyrəncəliyik. Düşünürük ki, Prezident onun kimi olmalıdır. Hesab edirik ki, dövlət başçısı dediyimiz şəxs, məhz, cənab İlham Əliyev qədər enerjili, çalışqan xarakterin sahibi olmalıdır. 

Bəs bunları niyə indi düşündük? Fərqləndirməmiz nədəndir? Yəqin, həssaslığımız doğum günlərinin hesabat mahiyyətinə diqqət yetirməyimizdəndir. Axı, hər kəs öz ad günündə ötən zaman kəsiyinə göz gəzdirir. Nələri etdiyinə, nələri etmədiyinə baxır, düşünür, hər şeyi saf-çürük edir. Ömrü doğma yurdu ilə çulğaşan şəxsiyyətlərin həyatından keçən hər ildə isə onların daha uca səslə Vətən dedikləri məmləkətə baxırıq. İlham Əliyevli məmləkət necə də gözəldir, qürurludur, dünyanın harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı üçün fəxarət mənbəyidir.
Bəli, 24 dekabr tarixində də ötən müddətə nəzər salırıq. Bunu yalnız ona görə etmirik ki, qədirbilənlik bizi bir xalq olaraq gələcəyə daşıyan sərvətimizdir. Böyük ölçüdə, heç yaşadığımız o hissin də fərqində deyilik ki, Prezidentin doğum gününə əlamətdar ovqat qatırıq. Başlıca məqam Vətənimizin keçdiyi bir ilə nəzər salmaqdır. O ilə ki, 24 dekabr tarixini özü üçün əlamətdar edən hər kəsin sevincində bir Azərbaycan sevdası var. Cənab İlham Əliyevin doğum gününün təntənəsi də elə bundadır. 
Ömür, sanki, gecə vaxtı hərəkət edən bir sürət qatarıdır, onun pəncərəsindən baxanda yaxını deyil, uzağı, uzaqlarda sayrışan işıqların ahəstə parlaqlığını görürük. İşıqda ümid var. Hər işıq qatarın sürətini qabaqlayır. Yox, bu, işıq sürəti deyimi ilə bağlı məsələ deyil. Bu, işığın sürətə qalib gəlməsidir. Cənab İlham Əliyev də zamanın sürətinə qalib gəlməyi bacaran liderdir.  O, elə işığın-nurun özüdür. 
Ötən bir ilimiz bu nurun Azərbaycan adına parlaqlıq səhnələri ilə yadda qaldı. Əminlik yaradan parlaqlıq səhnələrilə. O parlaqlıq Azərbaycana ayrıca ovqat, ab-hava, dinamizm gətirdi, Vətən ulduzumuzun ucalarda bərq vurmasının ünvan və ümmanını bir qədər də möhkəmləndirdi. Zaman hansı sürətlə axıb keçirsə-keçsin, heç fərqi yoxdur, Azərbaycan adlı ulduzu ötmək iqtidarında deyil. Çünki İlham Əliyevin gücləndirdiyi Azərbaycan neçə-neçə ömürlərin miras qoyub gedəcəyi ­əbədiyyat formuludur. 
İlham Əliyev şəxsiyyəti Azərbaycan xalqına zəfər çalmaq ucalığını bəxş etmiş müdrik liderdir. Onun müqəddəs amalımıza doğru irəliləməsi, 44 günlük Vətən müharibəsi günlərində göstərdiyi fədakarlıq, prinsipiallıq və qətiyyət əsl qəhrəmanlıq salnaməsidir. Fəqət, dahi Hüseyn Cavid hələ o zaman deyirdi ki, bugünkü müharibədə toplar, tüfənglər deyil, hər məmləkətin ədəbiyyat və fəlsəfəsi ilə bəslənən beyinlər də ayrıca haizi-əhəmiyyətdir. 
Böyük Cavid, sanki, bu günümüzü nəzərdə tutubmuş. Biz yaşadığımız Cənubi Qafqaz regionunda psixoloji savaşın şahidləriyik. Bu savaş güllələrin, topların, raketlərin danışdığı müharibədən daha gərgin və daha amansız məcrada davam edir. Bu savaşda azacıq büdrəmək yolverilməzdir. Axı, geridə qalan atların güllələndiyi əsrdə yaşayırıq. 
Biz bu savaşda Azərbaycanın ədəbiyyatı, incəsənəti, milli kimliyi və şüuru ilə silahlanmış mənəviyyat dünyasına malik İlham Əliyev düşüncəsini bütün qüvvələrdən öndə görürük. Ötən bir ildə onun öndə olma bacarığını, qlobal güclərlə rəqabətdə daha da böyüdüyünü, püxtələşdiyini, müdrikləşdiyini də gördük. 
“Sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır”, – deyən ulu öndər Heydər Əliyev nə qədər də haqlı imiş. Müharibədən ötən iki ildə cəmiyyətimiz Ali Baş Komandan İlham Əliyevin Ordusuna güvənib Prezident İlham Əliyev kimi, bütövlükdə, regionumuzda sülhün təminatı üçün necə cəsarətli addımlar atdığının, diplomatik ustalıq nümayiş etdirdiyinin şahidiyik. 24 dekabrdan 24 dekabra qədərki müddət isə bu baxımdan xüsusilə əlamətdardır. Bu əlamətdarlıq, həm də yuxarıda qeyd etdiyimiz qlobal güclərlə rəqabət kontekstinə daxil olan böyük reallıqdır. Deməli, Qarabağ məsələsi yalnız Azərbaycanın əzabı deyildi, eyni zamanda, bütövlükdə, Cənubi Qafqazın inkişafı yolundakı əngəl idi. Cənab İlham Əliyevin liderliyi o zənciri qırıb atmaq bacarığındadır. 
Bəli, cəmiyyətimiz ötən bir ildə daha da böyüyən Azərbaycanı gördü. Platon deyirdi ki, dövlətlər də insanlar kimidir, çünki onlar da insan xarakterindən yaranırlar. Ulu öndər Heydər Əliyev isə bildirirdi ki, dövlətçilik hər bir şəxsin qəlbində olmalıdır. Cənab İlham Əliyev Heydər Əliyev xarakterindən irəli gələn müasir, müstəqil Azərbaycan Respublikasını qəlbindəki dövlətçilik amalı ilə bəsləyərək, ona yeni xarakter qazandırmış simadır. Beynəlxalq müstəvidə baş verən prosesləri, ölkəmizin həmin proseslərdəki rolunu və mövqeyini nəzərdən keçirəndə, ötən bir ildə Azərbaycanımızın xarakterindəki gücün daha da artmasından hədsiz sevinirik. 
Ulu öndər Heydər Əliyev, obrazlı desək, Cənubi Qafqaz coğrafiyasında suyun axınını dəyişmiş liderdir. Görünür, əbəs yerə deyilmir ki, böyük siyasətçilər bəzən aşkarda axın istiqamətində, alt qatda isə ikiqat sürətlə axına qarşı üzməli olurlar. Diqqət yetirək, tarixin heç bir dövründə beynəlxalq ictimaiyyət, ümumən, dünya Azərbaycanla indiki qədər iç-içə olmayıb. Heydər Əliyev şəxsiyyəti müdrik siyasətinə əsaslanmış nəhəng fəaliyyət dəst-xətti ilə bunun əsasını qoymuşdu. Bu fəaliyyətdə xalqın ruhunun emosionallıq halından fəlsəfi özünüdərk məqamına yüksəlişi kimi müstəsna mənəvi vektor, trayektoriya var. Nəzərə alsaq ki, ideologiya fəlsəfə ilə siyasətin ortasındadır, cənab İlham Əliyev xalqın fəlsəfi özünüdərkinin siyasətdəki təntənəsi rolunda çıxış edən parlaq obrazdır. Siyasətə harmoniya gətirən obraz. 
Heydər Əliyevin zamanın mürəkkəb təbəddülatları fonunda gerçəkləşdirdiyi missiyanın axınındakı su İlham Əliyevin harmoniyası ilə artıq öz mənbəyini müəyyənləşdirib ki, o mənbənin də adı qüdrətli Azərbaycandır. İlham Əliyevin həyatının 61 ilindən 62 ilinə doğru gedən zaman kəsiyində Vətənimizin qismətinə biçilmiş qüdrət artımı dönməzlik düsturuna çevrilib. Bu çevrilmə dövrün sərt sınaqlarının sığortası, gələcəyin təminatıdır. Bu, həm də xaricin müstəqilliyimizə qənim kəsilmiş təsirlərinə qarşı son dərəcə güclü immunitet faktorudur.
Vətən sevgisi fərdi sevgidən İlahi sevgiyə yüksəliş yolunda bir məqam kimi ortaya çıxır. O, özünü iki səviyyədə göstərir ki, bunlardan biri kortəbii surətdə – doğmalıq hissi kimi meydana çıxır. Digər göstərici isə dövlətin simasında şəxsləşən qarşı tərəfə şüurlu münasibətdir. Vətən sevgisində hansı ölkədə doğulmaq yox, hansı ölkənin doğma olması əsasdır. Vətəndaşlıq üçün isə Vətən sevgisindən də əfsəl dövlətçilik şüurudur. Cənab İlham Əliyevin ulu öndər Heydər Əliyevin ideyalarına söykənmiş prezidentlik fəaliyyəti Vətən sevgisinin ilahiləşmə ­nümunəsidir. 
Tariximizin İlham Əliyevin ­nümunəsində doğmalıq hissinin hər bir vətəndaşa ünvanlanmış şüurlu münasibət kimi dövlət siyasətinə çevrilmə örnəyi var. Bu, elə bir örnəkdir ki, harada doğulmasından və yaşamasından, hansı ölkənin vətəndaşlığını daşımasında asılı olmayaraq, Azərbaycanı doğmalaşdırır, Vətən sevgisini dövlətçilik şüuru ilə cilalayaraq möhkəmləndirən amil rolunda çıxış edir. 
Mövcud reallıqda biz hədəflərin xəyallarla çulğaşdığının şahidinə də çevrilirik. Xalqın bütövlüyü də elə budur. Xalqın öz varlığına sahiblənməyi də, həmçinin. Elə bu səbəbdən cənab İlham Əliyev bildirir ki, “biz öz həyat tərzimizi, Azərbaycanın və azərbaycanlıların, o cümlədən, İrandakı azərbaycanlıların dünyəvi inkişafını təmin etmək üçün hər şeyi edəcəyik. Onlar bizim millətin bir parçasıdır”. 
Cənab İlham Əliyev İranda və xüsusən, Cənubi Azərbaycanda türkdilli əhalinin milli hüquqlarının tapdalanmasına işarə edərək onu da bildirir ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti milli hüquqlardan istifadə imkanlarından məhrumdur. Bütün bunlar isə onu deməyə əsas verir ki, İlham Əliyev Vətən sevgisinin bütövlük rəmzidir. Hesab edirik ki, onun həyatının ötən bir ilini səciyyələndirən də məhz bu deyimlərdir. Deməli, Azərbaycan Prezidenti, həm də Vətəni sərhədsiz sevmənin simvoludur. 
Bəşər tarixinin ilk milyarderi Rokfellerin sözüdür ki, sizin gələcək rifahınız öz verdiyiniz qərarlardan asılıdır. O da məlumdur ki, böyük fürsətlər hamının qarşısına çıxır, amma çoxları onlarla rastlaşdığını heç vaxt hiss etmir. Ömrünün 61 ilində cənab İlham Əliyev özünün misilsiz duyumu, bacarığı ilə Azərbaycan xalqının gələcək rifahı naminə tarixi qərarlara imza atır. 
İlham Əliyev şəxsiyyəti ulu öndər Heydər Əliyevin mənəvi mirası kimi yaşatdığı uzaqgörənlik keyfiyyətlərinə söykənmiş misilsiz fəaliyyəti ilə tarixi fürsətləri də yaxalamaqdadır. Uca Tanrı bu durumdan xalqımıza gözəl günlər nəsib etsin. Elə bilirik ki, ürəyi xalqı ilə döyünən cənab İlham Əliyev üçün hər bir Azərbaycan vətəndaşının, hər bir türkün firavan yaşaması, gözəl günlər görməsi, həm sözlə ifadə edilməyəcək sevincdir, həm də ən böyük doğum günü hədiyyəsidir. Uca Tanrı İlham Əliyevli Azərbaycanımızı qorusun, ona daha neçə-neçə 24 dekabrlar nəsib etsin!

Əflatun Amaşov, 
baş redaktor

Nəşr edilib : 24.12.2022 16:23