AZ EN RU

Lider qızlar Naxçıvanda! - FOTOLAR

    “Heydər Əliyev İli” çərçivəsində “Azərbaycan Uşaqları” İctimai Birliyinin təşkilatçılığı ilə “Yeniyetmə qızların liderlik və motivasiya məktəbi” layihəsinin açılış mərasimi Naxçıvanda baş tutub. 
    Layihə çərçivəsində “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə, onun nümayəndə heyəti və Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzində reabilitasiya keçən 11 nəfərdən ibarət həssas qrupdan olan lider qızlar Naxçıvana səfər edib. 
    Əvvəlcə heyət üzvləri və həssas qrupdan olan lider qızlar müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, Ümummilli Liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül qoyub, Ulu Öndərin xatirəsini dərin ehtiramla yad edib. Sonra onlar Heydər Əliyev Muzeyi ilə tanış olub. Muzeyə gələn qonaqlar Ümummilli Liderin həyat və fəaliyyətinə aid fotoşəkil və eksponatlarla tanış olub. Ulu Öndərin hər kəsə örnək olan çoxşaxəli siyasi fəaliyyəti, o cümlədən həyatının Naxçıvan mərhələsi haqqında qonaqlara ətraflı məlumat verilib. Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində qonaqlarla görüş olub. Komitənin sədri tərəfindən uşaqlarla motivasiya xarakterli söhbət aparılıb, onların sualları cavablandırılıb.  
    Qonaqlar Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda birliyin üzvü, rəssam Tapdıq Həmzəyevin rəsm əsərlərindən ibarət sərgiyə baxıblar. 
    Sonra qızlar Naxçıvan STEAM Mərkəzində olublar. Mərkəzdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifələrinin icraçısı, nazir müavini Elxan Nəcəfovla görüşüb, qızlar gələcək planları, hədəfləri barədə danışıblar. Sonra mərkəzlə tanışlıq olub.  

Gülcamal TAHİROVA

Nəşr edilib : 21.12.2023 20:57